"Müharibə ehtimalı çox yüksəkdir..." - Nalbandyan təşvişdə

Tofiq Abbasov: "Onlar təşvişə düşdüyündən belə fikirlər səsləndirir. Onlar anlayırlar ki, böyük geosiyasi məqamda dəyişikliklər qaçılmazdır"
"Eduard Nalbandyan rayonların qaytarılmasına dair fikirləri erməni konqresində, diaspora rəhbərləri ilə görüş zamanı səsləndirib”.
Bu barədə "Sherg.az”a Ermənistan XİN başçısının Qarabağa təhlükəsizlik və inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmayan torpaqların geri qaytarılması haqqında açıqlamalarını izah edərkən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, erməni rəhbərlərinin belə açıqlama verməsi ilk deyil: 
"Buna qədər, Serj Sarkisyan demişdi ki, Ağdamı Azərbaycan torpağı kimi tanıyırıq, amma qoşunlarımızı ordan çıxarmaq vaxtı çatmayıb.
Ermənistan rəhbərliyi böyük təşviş içərisindədir. Çünki Sarkisyanın rəhbərliyi demək olar ki, sona çatır. Gələn il mart ayında Ermənistan parlamentli respublika olacaq.
Ona görə, ermənilər anlayır ki, torpaqların qaytarılmasında süründürmə siyasəti, danışıqlarda sürüşkən mövqeyi artıq təsirini itirir. Ermənistanın hazırda çox siyasi, sosial, iqtisadi çətinliklər içərisindədir. Digər tərəfdən həmin diaspora strukturları qarşısında ermənilər zəif görkəmdədirlər. Çünki onlardan kömək alırlar. Artıq görürlər ki, bu siyasət qüvvədən düşür, Ermənistan danışıqlar prosesinin əsas fiquru kimi nüfuzunu itirir. Bu baxımdan nazirin açıqlaması həm Serj Sarkisyanın, həm də həmsədrlərin razılığı ilə səsləndirilmiş fikirdir. Demək istəyirlər ki, Azərbaycan torpaqlarını qaytarmağa hazırıq. Bununla erməni rəhbərlər öz xalqlarını buna hazırlayırlar.
İkinci tərəfdən anlayırlar ki, müharibə ehtimalı çox yüksəkdir, Azərbaycan ordusu hər an hücuma keçə bilər. Onlar təşvişə düşdüyündən belə fikirlər səsləndirir. Onlar anlayırlar ki, böyük geosiyasi məqamda dəyişikliklər qaçılmazdır.
Nyu-Yorkda Baş Assambleyanın sessiyasında dünya liderləri, o cümlədən ölkə başçısı İlham Əliyev də iştirak edir. Belə bir məqamda Nalbandyan bu açıqlamanı verməklə Azərbaycanın ritorikasına pozitiv təsir göstərmək fonunu yaradır.  Amma birmənalı deyə bilərik ki, onsuzda ermənilər gec-tez öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar”.
Qeyd edək ki, əksər analitiklərin fikirlərinə görə, sadəcə 5 rayonun qaytarılması keçmiş danışıqların predmetidir. Əgər Nalbandyan işğal altındakı bütün torpaqların qaytarılmasından danışsaydı, o zaman yenilik etmiş olardı. Nazir deyir ki, təhlükə törətməyən, yəni uzaq başı 5 rayon qaytarıla bilər. Deməli, Kəlbəcər, Şuşa və Laçın boşaldılan rayonların içərisində yoxdur. Həmçinin, 5 rayonun geri verilməsi əvəzində bizdən nə tələb olunur, o məsələ də qaranlıq qalır. Proseslərə başqa prizmadan baxan siyasi şərhçilər düşmən ölkənin ciddi təzyiqlərə məruz qaldığını iddia ediblər.
Aysel Aslan