"Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü” filminin maliyyə mənbəyi və sifarişçiləri ermənilərdir”.
Bunu "Sherg.az”a ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasından danışarkən millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, hətta burada Rüstəm İbrahimbəyov adının olması, filmin ssenaristi və rejissorunun azərbaycanlı olması "səhvdir”:
"Burada erməni soyadı olsa idi, daha məntiqli olardı. Çünki heç bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsini, onun nəticəsində baş verən hadisələri, işğal faktına "göz yumub" belə ssenari yaza bilməz. Rüstəm İbrahimbəyov savadlı insandır. Onun sadəlövhcəsinə, fərqində olmadan belə addım atdığını deyə bilmərik. Bu, onun daxilindən gələn məsələdir, onun təfəkkürü erməniliklə doludur. Hətta onun beyni sülhsevər erməniliklə deyil, daşnaq, işğalçı erməniliyi ilə yoğrulub.
Bu əməldə məqsəd bədii əsər yaratmaq, insan faciəsini əks etdirmək deyil. Azərbaycanlıları qorxaq, mədəniyyətsiz, mənfi obrazda göstərmək, ermənilərin isə mədəni, pozitiv obrazını yaratmaqdır. Onu buna nəyin vadar etdiyini bilmirəm. Amma bu, Azərbaycan xalqına, dövlətimizə, hətta Azərbaycanın torpağına, suyuna, havasına belə böyük xəyanətdir. Ömrünün bu ahıl çağında məlum xəyanəti üzərinə götürməsi Rüstəm İbrahimbəyovun faciəsidir”.
Filmin süjet xəttinin zəif olduğunu vurğulayan M.Quliyevin fikrincə, həmin filmə sifarişçilərdən və filmi çəkən şəxslərdən başqa kimsə baxmayacaq:
"Sadəcə Azərbaycanla bağlı olduğuna, bugünkü gündəmi zəbt etdiyinə görə, biz həmin filmə baxdıq.
Dağlıq Qarabağ münaqişəsi artıq 30 ildir, davam edir. Bu müddət ərzində xalqımız çox böyük müsibətlər yaşayıb. Münaqişədən heç bir erməni öz xalqının əleyhinə istifadə etməyib. Amma iki azərbaycanlının - Əkrəm Əylisli və Rüstəm İbrahimbəyovun belə addım atması müəyyən dairələrlə əlaqəli olduqlarını göstərir. Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, ola bilər, filmi oradakı erməni dostlarının təklifi ilə çəkib.
Vaxtilə, 2013-cü ildə Milli Şura adlı qondarma qurum yaradılmışdı. Rüstəm İbrahimbəyov da bu şuranın rəhbəri idi, prezidentliyə namizədliyini də vermişdi. O zaman özünü demokratik qüvvələr, vətənpərvər adlandıran şəxslər, Rüstəm İbrahimbəyovun yanında olan "ziyalılar”, siyasətçilər buna cavab versinlər.
Onların vaxtilə öz rəhbərləri seçdiyi adam öz xalqına qarşı hansı mövqedədir, həmin insanlar niyə səslərini çıxarmırlar? Milli məsələlərdə, ümumdövlət məsələlərində iqtidar, müxalifət söhbəti olmaz. Xalq birliyi olar. Rüstəm İbrahimbəyov bu əməli ilə Azərbaycan xaqının nümayəndəsi olmadığını göstərdi”.
Qeyd edək ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi isə Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Ayyət Əhməd