Narazılıq artdıqca, Avakovun istefası aktuallaşacaq

“Prezident istəyir ki, daxili işlər naziri öz istəyi ilə istefa ərizəsi yazsın”



Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun Kiyevdəki evinin qarşısında geniş
aksiya keçirilib. Etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib. Təşkilatçılar özlərini
"avtomaydançılar” adlandırıblar.

Avakovu istefaya çağıran aksiyaçılar naziri polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri
himayə etməkdə, etnik qarşıdurma yaratmaqda və aksiyaçılara qarşı güc tətbiqində günahlandırıblar.
Məlumat üçün bildirək ki, Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən
əməliyyat zamanı anlaşılmazlıq olub və mühafizə polisi ilə atışma nəticəsində 5 polis həyatını itirib.Amma Avakova qarşı keçirilən aksiya öncədən planlaşdırılıb və polislərin həlakı ilə əlaqəli olmayıb.
Ukrayna DİN-dən verilən məlumata görə, daxili işlər naziri Arsen Avakov Ottavada işgüzar
səfərdədir. Erməni sevgisini açıq şəkildə büruzə verən Avakov Ukraynada yaşayan azərbaycanlılara
qarşı təzyiq və təqib siyasəti həyata keçirməklə tanınır. Ekspertlərə görə, Avakova qarşı təşkil edilən
etiraz çıxışlarında Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin əli var. Çünki Saakaşvili
Ukraynadakı bütün böhranlara görə, kriminalları müdafiə edən DİN rəhbəri Avakovu
günahlandırırdı. Görünür, eks-qubernator ölkədəki narazı kütlənin dəstəyi ilə planlarını
reallaşdırmağa çalışır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu deyib ki, Ukraynada Arsen Avakovdan narazı olmayan bir nəfər belə yoxdur:

"Hamı daxili işlər nazirinin hərəkətlərindən boğaza yığılıb. Ukraynada digər etniklərə, xüsusən
azərbaycanlılara qarşı sərgilənən qərəzli mövqe insanları bezdirib. Qısa dövr ərzində onlarla
azərbaycanlı biznesmen oğurlandı, qətlə yetirildi. Amma Avakova görə, cinayətlərin üstü açılmadı.
Mixail Saakaşvili korrupsiyanın başında dayandığı üçün Avakovdan narazılıq edir. Elə hakimiyyətin
özü, Prezident Poroşenko da nazirdən razı deyil. Sadəcə indi ona toxuna bilmir, çünki koalisiya
hökuməti çox kövrəkdir. Prezident qorxur ki, DİN rəhbərini vəzifəsindən uzaqlaşdırsa, koalisiya
dağıla, müəyyən problemlər yarana bilər”. Politoloqun sözlərinə görə, əslində cəmiyyətdə Avakova
qarşı olan etiraz Poroşenkonun maraqlarına uyğundur: "Prezident istəyir ki, daxili işlər naziri öz
istəyi ilə istefa ərizəsi yazsın. Amma Avakov postuna ikiəlli sarılıb. Düşünürəm ki, narazılıq
artdıqca, Avakovun istefası aktuallaşacaq. Artıq ölkədə kriminal vəziyyət pik həddə çatıb. Ötən illər
polis orqanlarında düz-əməlli islahatlar aparılmayıb. Reallaşan bir-iki islahatı da onun gürcü
müavini həyata keçirib”.

İsmayıl