Nazarbayev haqlı mövqeyin tərəfindədir

Ermənilər Qazaxıstan və Azərbaycan münasibətinə qısqanclıqla yanaşırlar


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana son səfərindən sonra Ermənistanda müzakirələr səngimir. Rəsmi İrəvan iddia edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katibliyə gələ bilməməsinin səbəbi Nazarbayev faktorudur.

Erməni ekspertlər iddia ediblər ki, Nazarbayev Bakı səfərində Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşaraq erməni namizədin qurumun baş katibliyinə gətirilməsinin önünü kəsiblər. Ermənistandakı təşviş əsassız deyil. Çünki ötən ilin aprel müharibəsindən sonra İrəvanda keçirilməsi planlaşdırılan toplantı məhz Azərbaycanın müttəfiqlərinin ədalətli davranışları səbəbindən baş tutmadı. 

Yəni baş katib postunda Nikolay Bordyujanı Ermənistan nümayəndəsi ilə əvəzləmək planı məhz Qazaxıstan və Belarus liderlərinin prinsipiallığı nəticəsində reallaşmır. Ermənilərin iddiasını və narahatlığını "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan nümayəndəsinin KTMT-nin baş katibliyi postuna gətirilməsi müşkül məsələdir: 

"Ermənistan qapalı siyasət aparır və iqtisadi cəhətdən imkanları çox məhduddur. Ona görə də MDB ölkələri düşmən dövləti perspektivli subyekt kimi qəbul etmirlər. Digər tərəfdən ermənilər Qazaxıstan və Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşırlar. Nazarbayev birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Həm yaxın müttəfiq, həm də ərazisi işğala məruz qalmış ölkə kimi hər zaman bizi müdafiə edirlər. Yadınıza gəlirsə, Avrasiya məkanında gömrük və vergilər məsələsi ortaya çıxanda Azərbaycan rəhbərliyinin etiraz məktubunu məhz Qazaxıstan Prezidenti Nazarbayev səsləndirdi. Qazaxıstan Prezidenti tələb etdi ki, nəzərdə tutulan üstünlüklər işğalçı dövlətə şamil olunmamalıdır. O zaman Nazarbayevlə yanaşı, Putin də bu mövqeyi dəstəklədi”.

Ekspertin sözlərinə görə, həmin dövrdən etibarən ermənilərin Nazarbayevə qarşı nifrəti formalaşıb: "Nəhayət, aprel hadisələrində də Qazaxıstan Azərbaycanı dəstəklədi. Hətta vaxtı ilə Ermənistanda Nazarbayevin adına olan küçə birbaşa Sarkisyanın göstərişi ilə dəyişdirildi. Amma bu cür hərəkətlər Ermənistanın özünü biabır etməsindən başqa bir şey deyil. Artıq MDB məkanında Azərbaycanın haqq səsini, düzgün mövqeyini qəbul edirlər”.

İsmayıl