Natiq Miri: “Minsk Qrupu formatını regional formatın əvəzləməsi perspektivi istisna deyil”
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rol oynaya bilər. Ötən həftə Nursultan Nazarbayevin münaqişənin həlli ilə bağlı yeni təşəbbüslər hazırlayacağı haqda informasiya yayılıb. Politoloqlar Nazarbayevin bu təşəbbüsünün Astanada keçirilən Suriya görüşündən sonra gündəmə gəlməsinin təsadüfi olmadığını hesab edir. Ehtimal olunur ki, ATƏT-in Minsk Qrupundan kənarda, Türkiyə, Rusiya, eləcə də İranın iştirakı ilə Astanada Qarabağ görüşü keçirilsin.
Erməni siyasi şərhçi Pavel Dallakyanın şərhinə görə, bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də birbaşa təsir edəcək.
Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaradıb. Bu situasiya Ermənistanda ciddi təşviş yaradıb. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında Ermənistanla birlikdə təmsil olunan Qazaxıstanın bu mövqeyi erməniləri hiddətləndirib.
Ermənistan parlamentinin deputatı Tevan Poqosyan "Nazarbayev bunun üçün İrəvandan icazə almalıdır” kimi isterik açıqlama verib: "Bu gün Nazarbayevin Azərbaycanla bağlı mövqeyi və Bakıya dəstəyi açıq şəkildə görünür. Buna görə də onun Qarabağ məsələsində vasitəçi olma istəyinin Ermənistanda qəbul edilməyəcəyi məlumdur”, - deyə o bildirib.
Qazaxıstanın region üçün kifayət qədər əhəmiyyətli ölkə, hətta ayrıca bir türk cümhuriyyəti olduğunu vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə açıqlamasında Qazaxıstanın liderinin isə öz növbəsində bütün dünyada tanınan və hörmət olunan siyasətçilərdən biri olduğunu deyib:
"Nazarbayev həm də Dağlıq Qarabağ münaqişəsini yaradan və bu günə qədər idarə edən Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Bütün bunlar fonunda Qazaxıstanın Dağlıq Qarabağ probleminə təsir imkanlarını hələ də saxladığını iddia etmək olar. İşğalçı Ermənistanla Qazaxıstan bir neçə təşkilatda birlikdə təmsil olunurlar. Hər iki ölkə arasında çox ciddi hərbi, siyasi-iqtisadi əlaqələr mövcuddur. Bütün bunlar fonunda Nazarbayevin bu cür təşəbbüslə çıxış etməsi problemin həllinə müəyyən qədər töhfə verə bilər”.
Türkiyə, Rusiya, eləcə də İranın iştirakı ilə Astanada Qarabağ görüşünün keçirilməsi ehtimalına gəldikdə isə politoloq belə bir görüş barədə danışmaq üçün hələlik çox tez olduğunu deyib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarında Tramp Administrasiyası yeni fəaliyyətə başlayıb.
Üstəlik də Suriya məsələsi başda olmaqla digər regional münaqişələr barəsində Amerikanın hansı mövqe tutacağı bəlli deyil. Bu kontekstdə ABŞ-la Rusiya Suriya məsələsində uzlaşıb, prosesi sülhə daşıya biləcəkləri halda bu münasibət Ukraynadakı proseslərə və eləcə də Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla regiondakı digər münaqişələrə də təsir edəcək. Əks halda, Suriya məsələsində Türkiyə, Rusiya və İran formatı yenidən aktivləşəcək. Bu format isə sonradan regionda həlledici faktor rolunu oynayacaq. Aparılan danışıqlar fonunda Suriyada sülh razılaşması əldə olunsa, həmin regional formatın Dağlıq Qarabağ probleminin həllində də rolu aktivləşəcək. Biz Ermənistan Prezidentinin son zamanlar İrana etdiyi müntəzəm səfərləri də gözardı etməməliyik. Hiss olunur ki, İran Dağlıq Qarabağ məsələsində aktiv geosiyasi rol almaq niyyətindədir.
Qərb-Rusiya qarşıdurması davam edəcəyi təqdirdə Dağlıq Qarabağ problemini ATƏT-in Minsk Qrupu çərçivəsində həll etməyin mümkün olmayacağını deyən N.Mirinin sözlərinə görə, belə
olan halda Minsk Qrupu formatını regional formatın əvəzləməsi perspektivi istisna deyil:
"Bu zaman da Qazaxıstan kimi bir dövlət və Nazarbayev kimi bir siyasətçi münaqişənin həlli üçün çox əhəmiyyətli rol oynaya bilər”.
Şəymən