"Nazarbayevin ideyası cəlbedicidir, amma kağız üzərində qala bilər”







"Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikilməsi bir-iki dövlətin işi deyil, qlobal məsələdir”.

Bu barədə "Sherg.az”a Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu barədə təklifinə münasibət bildirərkən politoloq Tofiq Abbasov danışıb. 

O qeyd edib ki, bu cür ciddi məsələnin reallaşdırılması üçün bölgədə yerləşən dövlətlər əməkdaşlıq etməlidir:

"Belə kanalın açılmasının siyasi mahiyyəti də böyükdür. Xatırlatmaq istəyirəm ki, I Pyotrun dövründə ruslar və iranlılar Xəzər dənizindən Fars körfəzinə kanal çəkməyə çalışırdılar. Məqsəd böyük okeanlarda üzən gəmilərin Xəzərə gəlişini təmin etmək idi. Həmin layihə indiyə qədər də nəzərdən keçirilir. Amma kanalın hazırlanması ciddi məsələdir və qlobal əhəmiyyət daşıyır. Belə layihələr üçün siyasi qətiyyət, mənəvi hazırlıq yoxdursa, təklif olaraq qalacaq”.

T.Abbasov vurğulayıb ki, Xəzər və Qara dəniz arasında kanalın çəkilməsi böyük texnoloji hazırlıq tələb edir:

"N. Nazarbayevin ideyası cəlbedicidir. Təklif həllini taparsa, region və Xəzəryanı dövlətlər böyük gəlir əldə edə bilər. Amma siyasi elitaların məsələyə müsbət rəyi olmayacaqsa, müvafiq dövlətlər texnoloji hazırlıq nümayiş etdirməyəcəksə, təklif kağız üzərində qalacaq”.

Qeyd edək ki, Qazaxıstan prezidentinin fikrincə, hər iki dənizi birləşdirəcək "Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər. Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək "Avrasiya” avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.

Aysel Aslan