"Nazir torpaqlarımızı müharibə ilə qaytarmalı olduğumuza işarə vurur" - Deputat



"Dağlıq Qarabağ problemin həlli perspektivi kifayət qədər azdır”.

Bunu Sherg.az-a Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun, "Bu gedişlə sülhü təmin etmək çox çətin görünür” açıqlamasını şərh edərkən millət vəkili Fazil Mustafa deyib. 

Deputatın fikrincə, XİN başçısı bu bəyanatı ilə ciddi hazırlaşıb, müharibə yolu ilə torpaqlarımızı qaytarmalı olduğumuza işarə vurur:

"Müharibə yolu ilə işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün əlverişli beynəlxalq şəraitin formalaşmasını gözləməyimiz vacibdir. Çünki natamam beynəlxalq siyasi şəraitdə bu addımı atsaq, bütün güclər birləşib, əleyhimizə istifadə edə bilərlər. Bu baxımdan belə fikirdəyəm ki, daha hazırlıqlı olmağımız mütləqdir. Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı, Rusiyanın mövqeyində dəyişiklik olmaması, Amerikanın məsələyə obyektiv baxışının formalaşmaması bizə hər hansı ümid yaratmır”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında Dağlıq Qarabağ probleminin həllində bu gedişlə sülhü təmin etməyin çətin olduğunu vurğulayıb. XİN rəhbəri bildirib ki, Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir.

Ayyət