Nazirlər Kabinetinin gördüyü iş hiss olunmur

Ştat dəyişikliyi, köməkçilərin sayını artırmaq, yaxud azaltmaq, mexaniki dəyişikliklər NK-nin fəaliyyətində ciddi islahatlara gətirib çıxara bilməz



Baş nazir Artur Rasizadənin 7 köməkçisindən 4-nün ixtisara salınması Nazirlər Kabineti ətrafında müxtəlif mülahizələrə yol açıb. Məlumdur ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib. Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb.

Məhz bu ştat dəyişikliyi Nazirlər Kabinetində nələrin baş verdiyinə dair suallar ortaya çıxarır. Hətta, dəyişikliyin nəticə etibarilə Nazirlər Kabinetinin bir qurum kimi ləğvinə hesablandığı da irəli sürülən fikirlər arasındadır.

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında Nazirlər Kabinetinin ləğvinin hazırda mümkün olmadığını dedi:

- Nazirlər Kabineti konstitusion bir institutdur. Onu ləğv etmək yalnız Konstitusiyaya dəyişikliklər edilməsi ilə mümkündür, bunun üçün də gərək ümumxalq səsverməsi - Referendum keçirilsin. Ona görə də mən "Nazirlər Kabineti ləğv ediləcək” mülahizəsini hüquqa zidd və əsassız hesab edirəm.
NK-nin bir struktur olaraq fəaliyyətinə baxdıqda isə səmərəsizlik daha çox görünür. NK ölkədəki islahatlar prosesində önəmli rol oynamır. Ölkədə aparılan islahatlar, dövlət proqramlarının yerinə yetirilməsi və s. birbaşa Prezidentin göstərişi ilə icra olunur. Deyərdim ki, Prezidentin köməkçiləri ümumilikdə Nazirlər Kabinetindən daha fəaldırlar. NK mənim nəzərimdə əyləc funksiyasını yerinə yetirir. Xeyli tapşırıqlar var ki, NK onları yerinə yetirmir. Bəlkə də yerinə yetirə bilmir. Məncə, bu ləngimənin başlıca səbəbi NK daxilindəki iş prinsipidir. 

Nazirlər Kabinetinə müraciət, layihə daxil olur, sonra hansısa şöbələrə göndərilir, mütəxəssislər baxır, sonra şöbə rəisləri, sonra köməkçilər, müavinlər... Məktublar, tapşırıqlar NK-nin dəhlizlərində beləcə dolaşır. NK bir struktur olaraq səmərəli fəaliyyət göstərmir. NK ümumilikdə, səmərəsiz bir qurumdur. NK-nin işini mobilləşdirmək, səmərəliliyi artırmaq lazımdır. Baş nazir hər il parlamentdə hesabatla çıxış edir. Amma baş nazirin qarşısında qalın vərəqlərin olması, təəssüf ki, NK-nin fəaliyyətini əks etdirmir. Bu hesabatlar ayrı-ayrı qurumların gördüyü işlər, ümumilikdə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilərdən ibarətdir. Və göstəricilərdə NK-nin "payı” nə qədərdir, doğrusu, deməkdə çətinlik çəkirəm. Ştat dəyişikliyi, köməkçilərin sayını artırmaq, yaxud azaltmaq, mexaniki dəyişikliklər NK-nin fəaliyyətində ciddi islahatlara gətirib çıxara bilməz.

Bəs köməkçilərin sayının bir tərəfdən azaldılması, digər yandan artırılması nəyə əsaslanır?
Ə.Nuriyev bunun izahını verməkdə çətinlik çəkdiyini bildirdi:

- İzahını versinlər görək nəylə bağlıdır. Baş nazirə 3 köməkçi də bəs edirmi? Baş nazirin birinci müavininə 2 köməkçi lazımdırmı, ştat dəyişikliyi iş əmsalını artırmaqla bağlıdırmı? İzahat verilmir axı, nəyə əsasən bu ştat dəyişikliyi aparılır. Hər işin bir izahı, məntiqi əsaslanması olmalıdır. Buyursunlar, izahını versinlər.

Məlahət Rzayeva