Partiya liderləri Elmar Məmmədyarovu Hamburq görüşündən imtinaya çağırır
Dekabr ayının 8-də Almaniyanın Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının
toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri iştirak edəcək. "3+2” formatında baş tutacaq görüşdə münaqişənin həlli istiqamətində müzakirələr aparılacaq.
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib ki, rəsmi Bakı Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi görüşü dəstəkləyir: "Azərbaycan Hamburq
görüşündə iştirak etməyə hazırdır”. Amma ekspertlərin görüşlə bağlı düşüncələri pozitiv deyil.
Əksəriyyət hesab edir ki, nəzərdə tutulan görüş formal xarakterli olduğu üçün heç bir nəticə hasil
olmayacaq.
Görüşlə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu
deyib ki, rəsmi Bakı bu cür mənasız görüşlərə vaxt ayırmamalıdır: "Xarici işlər naziri Elmar
Məmmədyarov həmin görüşə qatılmamalıdır. Azərbaycan tərəfi ümumiyyətlə belə görüşlərdən
birdəfəlik imtina etməlidir. Biz Hamburq görüşündən müsbət heç nə gözləmirik. Sadəcə,
Azərbaycan əsgərinin qələbəsini gözləyirik. "Haydi əsgərlər” deyərək əmr vermək lazımdır. Bu da
Minsk Qrupundan, Moskvadan və ya Vaşinqtondan yox, birbaşa Azərbaycandan asılıdır”. Partiya
sədrinin fikrincə, görüşləri, danışıqları sonraya saxlamalıyıq: "Ordumuz düşmən üzərində qələbə
qazandıqdan sonra görüşüb müzakirələr apararıq. O zaman XİN rəhbəri də toplantılara qatılar.
Amma indiki məqamda danışıqlara son vermək lazımdır. Çünki o cür görüşlərin Azərbaycan
dövlətinə və xalqına zərrə qədər xeyri yoxdur”.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü, politoloq Əli Oruclu bildirib ki,
Fransa hər zaman anti-türk mövqeyindən çıxış edib və erməniləri dəstəkləyib: "Rəsmi Paris istəyir ki, münaqişə ermənilərin xeyrinə həll olunsun. Belə olan halda Fransanın münaqişənin ədalətlihəllinə çalışdığını demək sadəlövhlükdür. Düzdür, həmsədr dövlətlər ümumi anlamda münaqişənin həlli prosesinə çalışırlar. Amma onlar üçün problemin kimin xeyrinə çözülməsi maraqlı deyil. Qərb dövlətlərinin əsas məqsədi istənilən formada problemin həllinə müdaxilə edərək, Rusiyanı prosesdən kənarda saxlamaqdır. Rusiya isə çalışır ki, problemi uzadaraq tərəflərə təsir rıçaqlarını əlində
saxlasın. ABŞ, Fransa və digər Qərb ölkələri münaqişəni Ermənistanın xeyrinə həll etməyə cəhd
göstərirlər. Cənab Prezident özü də bəyan etdi ki, Azərbaycana təzyiq edilir, rəsmi Bakının güzəştə
getməsi tələbi irəli sürülür. Fikrimcə, Azərbaycan tərəfinin sərt mövqeyi hər zaman ortada olmalıdır.
Həmçinin, əhəmiyyətsiz Minsk Qrupunun vasitəçiliyindən imtina etmək lazımdır. Azərbaycanın
diplomatik mövqeyi daha güclüdür. BMT-nin dörd qətnaməsi, Avropa Parlamentinin qərarı bizə
imkan verir ki, beynəlxalq təşkilatlardan münaqişənin sürətli və ədalətli həllini tələb edək”.
İsmayıl