“Neft pulları ilə böyüdülən iqtisadiyyat yanaşması tamamilə dəyişməlidir”

"Ötən ilin son rübündə ölkədə iqtisadi inkişaf əvvəlki illərdə olan geriləməni bərpa etdi və artım da ortaya qoydu”.
Bu sözləri "Sherg.az”a iqtisadçı - ekspert Rəşad Həsənov deyib. 
O qeyd edib ki, prosesə təsir göstərən fundamental faktorlar neftin qiyməti və manatın məzənnəsində 2017-ci ilin mart ayından başlayaraq müşahidə edilən sabitlikdir:
"2017-ci il iqtisadiyyatın stabilləşməsi baxımından müsbət qiymətləndirilə bilər. 2016-cı ildə iqtisadiyyat 3 faizdən artıq kiçilmişdi. Bu kiçilmiş iqtisadiyyat fonunda 2017-də sabitləşmə həyata keçdi. 2015-ci ilin iqtisadiyyatına isə hələ də qayıda bilməmişik.
Ötən il iqtisadi, strateji valyuta ehtiyatlarının artmasına, manatın məzənnəsinin sırf dollara nisbətdə qorunmasına neftin qiymətinin artması şərait yaratdı. Bu baxımdan iqtisadiyyatın dirçəlməsində ciddi zəhmət çəkildiyini deyə bilmərik.
İqtisadiyyatın leqallaşdırılması istiqamətində son iki ildə atılan addımlar, "kölgə iqtisadiyyatı”nın bir qisminin statistik rəqəmlərdə öz əksini tapması iqtisadi artımı şərtləndirdi. Reallıqda isə situasiya bu artımı göstərmir. Ölkənin ixrac göstəricilərində də səsləndirilən rəqəmlər faiz ifadəsi ilə böyük səslənsə də, baza yoxdur. Ona görə, qeyri-neft iqtisadiyyatının artımını ifadə edən 200 milyonluq rəqəm cəmi 22 faiz artımı özündə ehtiva edir”.
R. Həsənov bildirib ki, yaranmış müsbət vəziyyət hökuməti, istehsalçıları arxayın salmamalıdır:
"Azərbaycan iqtisadiyyatı bu gün neftdən çox asılıdır. Neftin qiymətinin bahalaşması fonunda narahatedici meyllər də formalaşır. İqtisadiyyatın təbii inkişafının təmin olunması kimi məsələlərə diqqət yetirilməlidir. 2005-ci ildən Azərbaycan kütləvi neft istehsalına keçəndən sonra iki dəfə risklə üzləşmişik. 2008-ci ildə böhran vəziyyəti qısa müddətli oldu. 2015-ci ildə isə problemin ciddi və uzunmüddətli təsirləri ilə qarşı-qarşıya dayandıq. Ona görə, ümumi məsələlərdə yanaşmanın dəyişməsinə ehtiyac var. Yenə də təəssüf edirəm ki, 2018-ci ilin büdcəsində neft pulları 50 faiz artırıldı. Məzənnə siyasətinin də üzən bazar şərtləri ilə deyil, diktə formasında formalaşdığını müşahidə edirik. Bu da neftin bahalaşmasının neqativ təsiri kimi qiymətləndirilə bilər.
Bundan sonrakı şəraitdə kifayət qədər ehtiyatlı olmaq lazımdır. Neft pulları ilə böyüdülən iqtisadiyyat yanaşması tamamilə dəyişməlidir. Hazırda proqnozlara və hətta açıqlanan statistik rəqəmlərə inam çox azdır. Əhalinin gəlirlərində 7 faiz artım göstərilsə də, müşahidələrə görə, bütün sahələrdə mənfəət norması faktiki aşağı düşüb. Azərbaycanda əhalinin 45 milyonluq gəlirinin 30 milyonu sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdir. Bu sahə isə gəlir qazanmaqda çətinlik çəkirdi. Ona görə, səsləndirilən rəqəmlər şübhə doğurdu. Bütün bunları nəzərə aldıqda, qeyd etdiyim kimi qanunsuz bizneslə mübarizənin nəticələri ortaya çıxır”.
Qeyd edək ki, Baş nazir Artur Rasizadənin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsinə görə, son 14 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb. Baş nazir məruzənin təqdimatında bildirib ki, bu illər ərzində yoxsulluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib.
Aysel Aslan