“Azərbaycan Türk dünyasının qərbə açılan strateji halqasıdır” - Ömər Faruk Karaman

  • “Türk dünyasının güclənməsi Qafqazda sülhdən ayrı düşünülə bilməz”

Azərbaycanın xarici siyasətində Türk dünyası və Cənubi Qafqaz istiqamətləri son illərdə xüsusi yer tutur. Ölkənin regional proseslərdə iştirakı, Türkiyə ilə münasibətləri, Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti, nəqliyyat və enerji layihələri, eləcə də Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyi Azərbaycanın beynəlxalq mövqeyi baxımından diqqət çəkən məsələlər sırasındadır.

Prezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə Bakıda etdiyi çıxışda Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi kimi təqdim olunması da bu kontekstdə əsas məqamdır. Eyni zamanda, xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri və keçirilən müxtəlif beynəlxalq tədbirlər regionda əməkdaşlıq və qarşılıqlı əlaqələr məsələlərini yenidən gündəmə gətirib. 

Çanaqqala On Səkkiz Mart Universitetinin akademik heyyət üzvü, siyasi elmlər üzrə mütəxəssis Dr. Ömər Faruk Karaman mövzu ilə bağlı Sherg.az-la həmsöhbət olub:

-Azərbaycanın Türk dünyasındakı yeri yalnız siyasi və geosiyasi amillərlə deyil, tarixi-mədəni irslə də bağlıdır. Bu baxımdan Prezidentin çıxışındakı tarixi və mədəni vurğuları necə şərh etmək olar?

-Prezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə Bakıda etdiyi çıxış Azərbaycanın xarici siyasət kimliyini anlamaq baxımından diqqətçəkən çərçivə ortaya qoydu. Əliyevin Azərbaycanı həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi kimi xarakterizə etməsi yalnız tarixi və ya mədəni mənsubiyyət vurğusu deyil. Bu ifadə Bakının Avrasiyada yeni tarazlıq axtarışlarında özünü harada yerləşdirdiyini də göstərir. Azərbaycan bir tərəfdən Türk Dövlətləri Təşkilatının Qafqazdakı yeganə üzvü kimi Türk dünyasının qərbə açılan strateji halqasıdır. Digər tərəfdən isə Cənubi Qafqazın sülh, nəqliyyat, enerji və ticarət əsaslı yenidən qurulmasında mərkəzi aktorlardan biridir. Əliyev çıxışında Azərbaycanın “həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi” olduğunu qeyd etdi və Azərbaycanın TDT-nin yeganə Qafqaz üzvü olduğuna diqqət çəkdi.

Bu sözlərin simvolik tərəfi güclüdür. Çünki Azərbaycan Türk dünyasının ortaq yaddaşında yalnız bir dövlət adı ilə yanaşı, tarixi davamlılığın, mədəni müqavimətin və qardaşlıq duyğusunun ən canlı mərkəzlərindən biridir. Nizamidən Füzuliyə, Şah İsmayıl Xətaiyə qədər, oradan da müasir Azərbaycan ədəbiyyatına uzanan mədəni irs Bakı, Gəncə, Şuşa və Naxçıvanı Türk dünyasının ortaq yaddaşında xüsusi bir yerdə yerləşir. Əliyevin eyni çıxışında Azərbaycanın yetişdirdiyi böyük şair və mütəfəkkirlərə istinad etməsi də məhz bu səbəbdən yalnız mədəni xatırlatma yox, kimlik ilə xarici siyasət arasındakı əlaqəni görünən edən mesajdır.

Lakin Azərbaycanın bugünkü rolunu yalnız romantik tarixi anlatı ilə izah etmək mümkün deyil. Bakının əhəmiyyətini artıran əsas amil bu tarixi və mədəni dərinliyi konkret geosiyasi imkanlara çevirə bilməsidir. 

-Qarabağ müharibələrindən sonra formalaşan yeni reallıq Azərbaycanın regional roluna necə təsir edib?

-Qarabağ müharibələrindən sonra Cənubi Qafqazda ortaya çıxan yeni reallıq Azərbaycanı regional nizamın passiv ünsürü olmaqdan çıxararaq yeni bağlantılılıq layihələrinin, enerji marşrutlarının və sülh axtarışlarının fəal tərəfinə çevirib. Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlandığını, Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşmanın başladığını vurğulaması Bakının qələbədən sonrakı dövrü yenidənqurma və normallaşma dili ilə də formalaşdırmaq istədiyini göstərir.

Azərbaycanın Türk dünyası baxımından dəyəri məhz burada daha aydın görünür. Türk dövlətləri arasındakı tarixi bağlar uzun müddət daha çox mədəni və diplomatik müstəvidə ifadə olunurdu. Bu gün isə həmin bağlar nəqliyyat dəhlizləri, enerji xətləri, müdafiə əməkdaşlığı, rəqəmsal infrastruktur, ticarət və ortaq diplomatik mövqelər üzərindən daha konkret müstəviyə daşınır. Azərbaycan bu transformasiyanın təbii qovşaq nöqtəsidir. Xəzərin qərbində yerləşən Azərbaycan Mərkəzi Asiyadakı türk respublikaları ilə Türkiyə arasında həm fiziki, həm siyasi, həm də psixoloji körpü funksiyasını yerinə yetirir. Buna görə də Bakının sabitliyi Azərbaycanın milli təhlükəsizliyi baxımı ilə yanaşı Türk dünyasının inteqrasiya imkanları baxımından da strateji əhəmiyyət daşıyır.

-Bu baxımdan xarici işlər naziri Hakan Fidanın 15 sentyabrda Bakıya səfərini və Prezident İlham Əliyevlə görüşünü necə qiymətləndirmək olar?

-Bu çərçivədə xarici işlər naziri Hakan Fidanı həmin gün Bakıda Prezident Əliyevin qəbul etməsi Əliyevin çıxışındakı mesajları tamamlayan diplomatik hadisə kimi qiymətləndirilə bilər. Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyi, iki ölkənin Avropa ilə Asiya arasında körpü rolunu oynadığı və beynəlxalq təşkilatlarda koordinasiyanın əhəmiyyəti vurğulanıb. Fidanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla verdiyi açıqlamalarda Orta Dəhliz, Zəngəzur Dəhlizi, Bakı-Tbilisi-Qars xətti və Qars-Iğdır-Aralıq-Dilucu Dəmir Yoluna xüsusi əhəmiyyət verməsi də Ankara-Bakı xəttinin Türk dünyası vizyonunu infrastruktur və iqtisadiyyat üzərindən konkretləşdirməyə çalışdığını göstərir.

-Azərbaycanın Qafqaz kimliyi bu geosiyasi mənzərədə hansı əhəmiyyət daşıyır?

-Azərbaycanın Qafqaz kimliyi də bu nöqtədə həlledici əhəmiyyət daşıyır. Qafqaz tarix boyu imperiyaların, ticarət yollarının, mədəniyyətlərin və təhlükəsizlik rəqabətlərinin kəsişdiyi məkan olub. Bu gün də Rusiya-Ukrayna müharibəsinin Qara dənizə təsirləri, İran ətrafındakı gərginliklər, enerji təchizatının təhlükəsizliyi, Avropanın alternativ marşrut axtarışları və Orta Dəhlizin yüksəlişi Cənubi Qafqazın geosiyasi dəyərini artırır. Azərbaycan bu mənzərədə həm Türk dünyasının qərb ucu, həm də Qafqazın daxili balanslarına təsir edən mərkəz ölkə kimi önə çıxır. Bu ikitərəfli mövqe Bakının üzərinə eyni zamanda iki məsuliyyət qoyur: Türk dünyasının inteqrasiyasına töhfə vermək və Qafqazda davamlı sülhün qurulmasına dəstək olmaq.

Əliyevin çıxışında yer alan birlik vurğusu bu səbəbdən yalnız emosional çağırış deyil, regional təhlükəsizlik arxitekturasına dair strateji təklifdir. 

-Bakıda keçirilən TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci toplantısı və Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanın mədəni və dini diplomatiyası baxımından hansı mesajı verir?

-Bakıda TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci toplantısı ilə Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni dövrdə keçirilməsi Azərbaycanın mədəni diplomatiya, dini diplomatiya və regional barışdırıcılıq sahələrindən birlikdə istifadə etdiyini göstərir. Əliyevin Azərbaycanın üzv olduğu bütün təşkilatlarda birləşdirici və barışdırıcı ölkə kimi fəaliyyət göstərdiyini söyləməsi Bakının özünü yalnız hərbi qələbə ilə tanımlamaq istəmədiyini; eyni zamanda sülh, dialoq və əməkdaşlıq yaradan mərkəz kimi yerləşdirməyə çalışdığını göstərir.

-15 sentyabr tarixinin özü Azərbaycan-Türkiyə münasibətləri və bu günkü diplomatik gündəm baxımından hansı tarixi məna daşıyır?

-Tarixi baxımdan bu yanaşma 15 sentyabrın daşıdığı simvolik məna ilə üst-üstə düşür. 15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakıya daxil olması Türkiyə-Azərbaycan münasibətlərində ortaq yaddaşın ən güclü dönüş nöqtələrindən biridir. Xarici İşlər Nazirliyi 2018-ci ildəki açıqlamasında Bakının azad edilməsini Azərbaycanın Osmanlıdan yardım istəməsi ilə əlaqədar yaradılan Qafqaz İslam Ordusunun rəhbərliyi ilə həyata keçirilmiş tarixi hadisə kimi xarakterizə etdi. Bu gün Fidanın səfəri ilə Əliyevin çıxışının eyni tarixi atmosferə təsadüf etməsi keçmişin fədakarlıq yaddaşı ilə bugünkü strateji tərəfdaşlığı eyni müstəvidə bir araya gətirir.

-Perspektivdə Azərbaycanın Türk dünyası və Qafqaz arasındakı rolunu hansı istiqamətlər müəyyən edə bilər?

-Gələcəyə baxdıqda Azərbaycanın rolu üç əsas istiqamətdə daha da aydınlaşa bilər. Birincisi, Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi halında Cənubi Qafqaz uzun illər münaqişələrlə xatırlanan məkan olmaqdan çıxaraq nəqliyyat, ticarət və enerji bağlantılılığı üzərindən yeni iqtisadi hövzəyə çevrilə bilər. İkincisi, Zəngəzur və Orta Dəhliz marşrutlarının inkişafı Türk dünyasının öz daxilində daha birbaşa əlaqələr qurmasına imkan yarada bilər. Üçüncüsü, Türkiyə-Azərbaycan koordinasiyası TDT-nin institusional imkanlarını artıraraq Türk dünyasını qlobal rəqabətin passiv mövzusu olmaqdan çıxarıb daha görünən geosiyasi aktora çevirə bilər.

Bu səbəbdən Azərbaycanı həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi qiymətləndirmək yalnız kimlik əsaslı təsbit deyil. Azərbaycan Türk dünyasının yaddaşını Qafqazın reallığı ilə, Qafqazın təhlükəsizlik problemlərini Avrasiyanın bağlantılılıq imkanları ilə, Türkiyə ilə qardaşlıq bağını isə regional sülh və iqtisadi inteqrasiya vizyonu ilə birləşdirən qurucu halqadır. Əliyevin bugünkü çıxışı bu çoxqatlı rolu açıq şəkildə ortaya qoyub. Bakının verdiyi mesaj budur: Türk dünyasının güclənməsi Qafqazda sülhdən, Qafqazda sülh isə Türk dünyasının həmrəylik və bağlantılılıq imkanlarından ayrı düşünülə bilməz.

-Son sual olaraq Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim olunması ölkənin regional və beynəlxalq rolunu sizcə necə xarakterizə edir?

-Nəticə etibarilə Azərbaycan XXI əsrdə Türk dünyası ilə Qafqaz arasında yalnız keçid nöqtəsi deyil, məna yaradan, istiqamət verən və yeni regional nizamın dilini formalaşdıran mərkəzi aktorlardan biridir. Bu rol tarixi qardaşlıq duyğusundan qaynaqlanır; lakin enerji, nəqliyyat, müdafiə, diplomatiya və mədəni qarşılıqlı əlaqə kimi konkret sahələrdə qarşılıq tapdığı ölçüdə davamlı güc yaradır. Bugünkü Bakı keçmişin xatirəsini gələcəyin arxitekturasına çevirmək iddiasındadır. Bu iddia uğurla davam etdirilə bilsə, Azərbaycan həm Türk dünyasının birlik ideyasına, həm də Qafqazın sülh axtarışına eyni vaxtda töhfə verən strateji mərkəzlərdən biri olaraq qalacaq.