"...Neftin qiymətində payız aylarından kəskin enmələr müşahidə oluna bilər" - ŞƏRH





"Rusiyanın OPEK-ə təklifi neftin qiymətində dayanıqlıq yaradacaq”

Bunu "Sherg.az”a Rusiyanın OPEK ölkələrinə neft hasilatını artırmaları ilə bağlı təklifinə münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bir müddət  əvvəl OPEK-lə Rusiyanın neftin hasilatı ilə bağlı anlaşması oldu:

"Hasilatın gündəlik OPEK tərəfindən 1.4 milyon barel, Rusiya tərəfindən isə 400 min barel azaldılmasına qərar verdilər. Ümumilikdə hasilat 1.8 milyon azaldıldı. Bu da bazarlara kifayət qədər müsbət təsir göstərdi. Neftin qiymətini başlıca artıran səbəb OPEK-Rusiya anlaşması oldu. 

Amma bu anlaşmadan kənarda qalan iri neft hasilatçısı ABŞ həmin razılaşmadan sonra hasilatı 2milyon barel gündəlik artırıb. 2016-cı ildə gündəlik hasilat 8.6 milyon barel, indi isə 11 milyon barelə yaxınlaşıb. Rusiya və OPEK ölkələri anlayır ki, onların hasilatı azaldaraq boşaltdığı yeri ABŞ öz hasilatrını artırmaqla doldurur. 

Beləliklə də, bir müddət sonra ABŞ ən çox neft istehsal edən ölkə ünvanını qazana bilər. Bu vəziyyətdə isə ABŞ-ın neft bazarını ələ keçirməsi mümkün olar. Bütün bunlarda həmin ölkələri narahat edir. Buna görə də, Rusiya neftin hasilatının artırılmasını təklif edir. Hasilatı uzun zaman aşağı saxlaya bilməyəcəkləri üçün indidən belə addımın atılmasını arzulayıb. 

Beləliklə də, Moskva hər rüb neft hasilatının təqribən 300-400 min barel artırılmağını isəyib. Həmçinin Venesuela və İran bu təklifə etiraz edir. Bu ayın 22-i Vyanada Rusiyanın təklifi qəbul olunsa, "veto" qoyacağını bildiriblər. Amma OPEK daxilində əsas söz sahibi Səudiyyə Ərəbistanı, OPEK-dən kənar ölkələr içərisində isə Rusiyadır. Bu iki ölkə anlaşsa, neftin hasilatının artırılmasına start veriləcək. 

Qərar veriləndən sonra ilk günlərdə neftin qiymətində təqribən 5-10 faiz azalmalar müşahidə olunacaq. Amma bu daha sağlam qiymətlər olacaq. Elə qiymət də uzun müddət davam edəcək.

Həmin anlaşmada razılıq əldə olunsa, neftin qiymtləri indiki qiymətlərdən 10-12 dollar civarında ucuzlaşacaq. Lakin dözümlü qiymət olacaq. Əgər OPEK və Rusiya neftin qiymətini süni şəkildə yüksək tutmağa çalışsa, payız aylarından başlayaraq daha kəskin enmələr müşahidə oluna bilər. Hətta neftin qiyməti 50 dollardan da olması təəccüb doğurmaz. Mənə elə gəlir ki, hasilatın yumuşaq şəkildə artırılmasına qərar veriləcək”.

Qeyd edək ki, Rusiya OPEK+ ölkələrinə neft hasilatını artırmağı təklif edib. Bu təkliflə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib. Rusiya rəsmisi neft hasilatını sutkada 1,5 mln barrelə qədər artırılmasını təklif edib. "Bu imkana görüş çərçivəsində baxılmasını təklif edirik. Həmçinin bazar böyüyür və bazarda balans görürük. Bununla yanaşı, tələbat da artır", - A.Novak bildirib. Xatırladaq ki, İran Rusiyanın bu təklifini rədd edəcəyini bildirib.

Kənan Eynuroğlu