Nəinki suyu, biz meyvəni, qarpızı da buz kimi sevirik

Amma həkimlər deyir ki, orqanizmi istidən soyuğa kəskin şəkildə keçirmək xəstəliklər yaradır


Yay mövsümünün vazkeçilməzi əlbəttə ki, su, həm də soyuq sudur. Əksəriyyətimiz havalar isinən kimi soyuducunu soyuq su anbarına çevirməyi əsas işimiz hesab edirik. Soyuducuya mütləq su qoyulmalı, buz kimi olanda içilməlidir. Nəinki su, meyvə-tərəvəzi, qarpızı da buz kimi qəbul etməyi sevirik. Həkimlər isə hədsiz soyuq halda qəbul edilən qidanın orqanizmə elə o qədər də hədsiz ziyanlı olduğunu bildirir.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında əhalini isti havalarda hədsiz soyuq su qəbul etməkdən çəkinməyi məsləhət gördü:

- İnsana elə gəlir ki, isti havada soyuq su içsə, susuzluğunu yatıracaq. Su orqanizm üçün zəruridir. Yetkin insan gün ərzində 5 litr su - maye qəbul etməlidir. İsti havada isə bədəndən su daha çox xaric olunduğundan tələbat daha da artır. Orqanizmin su tələbatı ödənməlidir ki, orqanlar normal fəaliyyət göstərə bilsin. Ancaq bu o demək deyil ki, suyu mütləq buz kimi soyudub içmək lazımdır. Orqanizmin özünəməxsus termodinamikası mövcuddur. Buna tibb dilində termotənzimləyici deyilir. İnsan səy etməlidir ki, orqanizmin termodinamikası pozulmasın. Bəzən görürsən ki, birisi soyuq qidanın üzərindən isti çay içir və mədəsində ağrı başladığından şikayətlənir. Yaxud da, əksinə. İsti yeməyin üzərindən soyuq içki qəbul etdikdə də eyni diskomfort vəziyyət yaranır. Daxilə ötürülən qidalar mütləq orqanizmin ümumi hərarətinə uyğun olmalıdır. Necə olur ki, qışda paltosuz, papaqsız çölə çıxmırıq. Bilirik ki, soyuqdur. Bəzən deyirlər, başımı çölə çıxardım, dondum. Yəni, hava soyuqdursa, əlbəttə ki, insan küçəyə qalın geyimdə çıxmalıdır. Eləcə də, yay aylarında kimsə əyninə qış paltarı geyinib küçəyə çıxmaz. Hamı çalışır ki, rahatlıq verən, istini qovan parçalardan geyimi olsun. Zahiri hərarətə uyğunlaşırıqsa, orqanizmin daxili hərarətini də nəzərə almalıyıq. Daxili hərarət isə qəbul edilən qidalardan asılıdır. 

Hədsiz isti və ya hədsiz soyuq qida orqanizmdə fəsadlar yaratmaq gücündədir. Xüsusilə də mədə-bağırsaq sistemində problemləri olanlar, hədsiz soyuq su içməkdən, soyuq qidalar qəbul etməkdən çəkinməlidir. İsti havada, günəş şüaları ilə birbaşa təmasda olan şəxslər buz kimi soyuq içərsə, problemlə üzləşə bilər. Orqanizmi istidən soyuğa, soyuqdan istiyə kəskin şəkildə keçirmək olmaz. Bu, orqanizmin ritmini pozacaq. Ümumiyyətlə, yay mövsümündə insanlar sağlamlıqlarına daha diqqətli olmalıdırlar. Qida zəhərlənmələri yay aylarının əsas xarakterik cəhətidir. Buna da meyvə-tərəvəzin yaxşı yuyulmamış qəbulu, yağlı qidalar, bəzən istifadə müddəti bitmiş ərzaqlar səbəb olur. Ərzaqların, qida məhsullarının düzgün şəraitdə saxlanılmaması da qida zəhərlənmələrində aparıcı rol oynayır. Bəzən görürük ki, tərkibində mayonez olan qidalar açıq havada, günəş şüalarının birbaşa təması altında saxlanılır. Qidaları marketə gətirirlər, içəri daşıyanadək vaxt keçir. Həmin qidanın 15 dəqiqə günəş şüası altında qalması kifayətdir ki, tərkibində zəhərli maddələr əmələ gəlsin. Ona görə də, yay mövsümündə sanitar-gigiyenik qaydalara, satış qaydalarına və əlbəttə ki, qida rasionuna ciddi fikir verilməlidir. Hər bir insanın həkimi ilk növbədə özüdür. Qaydalara riayət etməklə, sağlamlığımızı qoruya bilərik.

Məlahət Rzayeva