Nəticələr müsbət olacaq

Çünki icbari tibbi sığorta praktikadan keçib, perspektivi də məlumdur
Bizdən iqtisadi cəhətdən qat-qat zəif Gürcüstan bunun xeyrini gördü, biz niyə görməyək?



İcbari tibbi sığortanın tətbiqi artıq zərurət halını almaqdadı. Məlumdur ki, hazırda iki ərazidə - Mingəçevir şəhəri və Yevlax rayon-şəhərində pilot layihə olaraq icbari tibbi sığorta tətbiq edilir. Lakin icbari tibbi sığortanın bütün ölkəni əhatə etməsi prioritetdir.

Bu məsələ Milli Məclisdəki büdcə müzakirələrində də qaldırılıb. Millət vəkilləri icbari tibbi sığortanın ölkədə geniş tətbiqinə başlanmalı olduğunu deyiblər. Deputatlar icbari tibbi sığortaya zəruri ehtiyac yarandığını bildiriblər. Deputat Qənirə Paşayeva icbari tibbi sığortanın neçənci ilə qədər bütün ölkəni əhatə edə biləcəyini soruşub:

 "2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və neçənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Xəstəliklərin sayı artır, eyni zamanda xəstəliklər getdikcə daha da cavanlaşır. İnsanların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi sürətləndirmək lazımdır. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Aidiyyəti nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırıram”.

Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, növbəti ildə daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək. Maliyyə naziri qeyd edib ki, pilot layihələrin nəticələrinin təhlilinə ehtiyac var. Nazir qarşıdakı illərdə ölkədə icbari tibbi sığortanın tətbiqinin geniş vüsət alacağını da deyib.
Məsələ ilə bağlı "Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov pilot layihənin nəticələrinin təhlil edilməsinin vacib olduğunu bildirdi:

- Hökumətin əlində konkret informasiya olmalıdır ki, icbari tibbi sığortanın hansı nəticələr verdiyi bilinsin. Bunun üçün də, nazirin dediyi kimi təhlillər aparılmalıdır. Məndə olan məlumata görə, təhlil və analizlər nəticələri ilin sonuna kimi Səhiyyə Nazirliyinə təqdim olunacaq. Pilot layihələrin icra edildiyi şəhər və rayonun səhiyyə idarələrinin rəhbərlərinin də iştirakı ilə geniş toplantı keçiriləcək, məruzələr dinləniləcək və nəticələr masanın üstünə qoyulacaq. Dekabr ayının ortalarında bu toplantı keçirilməlidir.

 Nəticələr də hökumətə təqdim ediləcək. Mən əminəm ki, nəticələr müsbət olacaq. Heç bir ziyanı ola da bilməz. Çünki icbari tibbi sığorta praktikadan keçib, perspektivi də məlumdur. Bizə qonşu dövlətlərdə icbari tibbi sığorta illərdir ki, tətbiq edilir. Mənim əmim oğlu Gürcüstanda həkim işləyir, orada tətbiq olunan icbari tibbi sığortanın hansı müsbət nəticələrə səbəb olduğundan danışır. Hələ Gürcüstan iqtisadi göstəriciləri bizdən qat-qat aşağı dövlətdir. Deməli, bizdə də bu, problemsiz tətbiq edilə bilər, hamından da yaxşı. İcbari tibbi sığortanın vətəndaşa da xeyri var, həkimlərə də, ümumilikdə dövlətə də. 

Vətəndaşlar pulsuz və ucuz tibbi müayinə və müalicə alacaq, müayinə olunmaq üçün istədikləri zaman həkimə müraciət edə biləcək, həkimlərin də əmək haqqı artacaq. Yeri gəlmişkən deyim ki, akademik Əhliman Əmiraslanov həkimlərin əmək haqqının qaldırılmasını Milli Məclisdə təklif edib. Dövlətə də ona görə xeyirlidir ki, xəstəliklərin qarşısı vaxtında alınar. Sovet illərində vətəndaşlar ildə bir dəfə dispanser müayinədən keçirilirdi. Məcburi qaydada. Bunu ona görə edirdilər ki, hansı xəstəliklərin yayıldığı, hansı xəstəliklərin təhlükəli həddə çatması müəyyənləşsin və yoluxmaların da qarşısı vaxtında alınsın. Yəni, bütün hallarda, hansı tərəfdən baxsan, icbari tibbi sığorta vacibdir və tətbiqi də zəruridir. Hesab edirəm ki, 2018-ci ildə bu məsələ bitəcək. Paytaxt da daxil, ölkə boyu icbari tibbi sığortanın tətbiqi yekunlaşacaq.

Məlahət Rzayeva