Rusiya sərhədçilərinin ölkədə meydan sulaması əsəbləri tarıma çəkib
Nəzarət itir...
Ermənistanda növbəti qalmaqal qopub
Rusiya sərhədçilərinin ölkədə meydan sulaması əsəbləri tarıma çəkib
Rusiya sərhədçilərinin ölkədə meydan sulaması əsəbləri tarıma çəkib
Rusiya mətbuatında Andrey Nikolayevin maraqlı məqaləsi dərc olunub. "Strateq.az”ın tərcümə etdiyi yazıda vurğulanıb ki, Rusiya sərhədçilərinin "özbaşınalığı” ucbatından Ermənistanda növbəti qalmaqal baş verib. Radikal ermənilər rus hərbçilərinin ölkədən çıxmasını tələb ediblər. Məqalədə vurğulanıb ki, "Antirusiya əhval-ruhiyyəsi” Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandıqdan sonra açıq şəkildə qızışıb:
"Ermənistanda dislokasiya olunmuş Rusiya sərhədçiləri hökumətə İrəvan-Gorus-Mehri yolunun 40 metrlik sahəsinin təmirinə başlamağa icazə verməyiblər. Bu informasiya Ermənistan cəmiyyətində partlayan bomba effekti doğurub.
Çoxları əllərini ovuşdurur və Rusiya qoşunlarını, o cümlədən sərhədçiləri "işğalçı” sayır, onların Ermənistandan çıxarılması uğrunda çıxış edirlər. Bu zaman respublikada "xarici hüdudların” müdafiəçilərinin törətdikləri bütün qalmaqallar ruh yüksəkliyi ilə sadalanır. Hökumət isə Rusiya sərhədçilərini müdafiə edir, çünki indi başqası yoxdur. Yeni "təşviş”in məğzi nədədir və onu niyə bu qədər ehtirasla böyüdürlər? Axı Ermənistanın özü 1992-ci ildə müqavilə imzalayıb və buna əsasən, onun Türkiyə və İranla sərhədlərinin qorunmasını Rusiya sərhəd idarəsi həyata keçirir.
Rusiya sərhədçiləri qaçaqmalçılıq, qanunsuz miqrasiya, transsərhəd cinayətkarlığı, terrorizm və s. hallara müqavimət göstərir. Rəsmi məlumatlara əsasən, təkcə keçən il Ermənistan dövlət sərhədinin 74 pozucusu saxlanıb. Sözsüz, o zaman, 25 il qabaq ermənilərin özləri aşkar şəkildə öz sərhədlərini qorumaq iqtidarında deyildilər. Xüsusən də Azərbaycanla müharibə şəraitində. Şübhəsiz ki, indi də bunu bacarmazlar. Çünki ölkə yoxsuldur, maliyyə və hərbi kasıblıq üzündən praktik olaraq özünün bütün strateji obyektlərini Rusiyanın iltizamına verib. İndi isə ruslara "qatlaşmaq” lazım gəlir. Sonuncular isə o qədər "əl-qol açıblar” ki, Araz çayının yanında yolun bir hissəsini təmir etməyə imkan verməyiblər”.
Mətbu orqan bunun "suveren” bir dövlət üçün mürəkkəb hadisə olduğunu yazıb:
"Üçüncü dövlətin sərhəd qoşunları Ermənistanın başqa dövlətlə sərhədində təmir işləri aparmağa icazə vermir”. Nəşr Ermənistanda Rusiya hərbçilərilə bağlı səs-küylü insidentləri də xatırladıb: "Gümrüdəki Rusiya hərbi bazasında hərbçinin erməni ailəsini güllələməsi faciəsi indiyədək Rusiya tərəfində suallar doğurur, lakin bunlar cavabsız qalır. Yaxud Rusiya hərbçilərinin Ermənistan parlamentinin deputatına sərhəddən yetərincə uzaqda yerləşən rayonda seçkiqabağı kampaniya aparmaq qadağası ilə bağlı əhvalatı da səssizliyini qoruyur”.
Axı Rusiya sərhədçiləri hansı əsasla İranla sərhəddə yolun təmirini qadağan ediblər? Əsas var idisə, onda ortaya sual çıxır. Ermənistan sərhədçilərlə prosedur məsələlərini razılaşdırmadan niyə iş aparırdı?”. Nəşr tələb edir ki, Ermənistan hökuməti Rusiya hərbçilərinin respublikada iştirak rejimini yenidən nəzərdən keçirsin ki, "ruslar qonaq ola-ola, özlərini evdəki kimi hiss etməsinlər” və ümumiyyətlə, Rusiya ilə sərhəd üzrə müqavilədən çıxılsın”.
"Pervı armyanski informaçionni” nəşri də yazıb ki, bu məsələ Rusiya sərhədçilərinin səlahiyyətinə daxil deyil və söhbət Ermənistanın "de-fakto” işğalından gedir: "Bu, təkcə Rusiya sərhədçiləri tərəfindən Ermənistan konstitusiyasının pozulması deyil, həm də Ermənistanın suverenliyinin pozulmasına əl uzadan struktura münasibətdə hökumətin fəaliyyətsizliyidir.
Hökumət Serj Sarkisyanın simasında ölkənin suverenliyini Rusiya Federasiyasına güzəştə gedib. Respublika hökumətinə özünə haqq qazandırmaqdan savayı heç nə qalmayıb. İnşaatın dayandırılması əvvəlcə Rusiya sərhədçilərinin qadağası ilə izah olunub və birdən məlum olub ki, onlarlıq heç nə yoxdur. Sən demə, məsələ bundaymış ki, sahil bərkitmə işlərinin gedişində çayın yatağı dəyişilib və bununla bağlı "İran tərəfinin bəzi qınaqları var”. Dövlət Su Təsərrüfatı Komitəsinin sədri Arsen Arutyunyan bildirib ki, "İran tərəfi ilə danışıqlar hələ də gedir və bu il başa çatmayacaq. Buna görə də inşaatçılar cərimədən yayınsın deyə müqaviləni dayandırmağa məcbur olublar. Rusiya sərhədçiləri bu proseslə heç cür bağlı deyil”.
Erməni cəmiyyəti narahatdır ki, əgər Rusiya hərbçiləri respublikadan gedərsə, onu kim qoruyacaq? Axı ermənilər hər şeydən çox qonşularla - Azərbaycan və Türkiyə ilə münasibətlər zəminində xoflanırlar. Bu reallıq isə Rusiyaya bütün Cənubi Qafqaza kölgələnməklə onun Ermənistanda hərbi-siyasi və iqtisadi nüfuzunun güclənməsinə zəmanət verir. Ədalət xatirinə razılaşmaq olar ki, Rusiya hərbçiləri Ermənistanda özlərini həmişə nəzakətli aparmırlar.
Hətta yolla bağlı əhvalatı gözə soxsalar da, ermənilər Rusiya hərbçilərinin respublikanın qanunlarını pozmasından yetərincə hadisələr danışa bilərlər. Amma son qalmaqal şübhəli uğurdan - AB ilə əhatəli və genişləndirilmiş əməkdaşlıq haqda çərçivə sazişi bağlamaqdan qanadlanan Ermənistanda antirusiya əhvalının gücləndirilməsinə daha çox xidmət edir.
Həm də bu sənəd Ermənistana heç bir güvənlik zəmanəti verməsə də, əhalisinin bir qismi özünü, az qala, Avropanın "göbəyində” hiss etməyə başlayıb. Əslində isə ermənilər öz ölkələrinin heç vaxt sahibi olmayıblar. Belə məqamda rusları "işğalçı” kimi təqdim etməyin nə mənası var? Axı reallıq hamıya bəllidir, əsl işğalçı məhz Ermənistandır”.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə barmaqarası baxır. Əvvəl müqavilə imzalanır, sonra isə onu pozurlar. Onun sözlərinə görə, Ermənistanın xarici sərhədi rus sərhədçiləri tərəfindən qorunur:
"Rusiya tərəfi öz səlahiyyətləri daxilində fəaliyyət göstərir və onu aşmır. Ermənistan isə situasiyaya nəzarət edə bilmir. Çünki özü-özünü bu vəziyyətə salıb. Erməni-rus sövdələşməsinin pozulması ilk dəfə deyil. Bu, Ermənistanın daxili siyasətinin nəticəsidir. Onun fikrincə, Azərbaycanın işğal edilmiş ərazilərini əlində saxlamaq üçün Ermənistan hər şeyə gedir, hətta ölkə suverenliyinin itirilməsinə razıdır. Məsələnin gələcək inkişafını zaman göstərər. Paradoksal hal ondan ibarətdir ki, istənilən müqavilə, razılıq, sövdələşmə, başqa ölkələrlə əməkdaşlıq Rusiya tərəfinin istəyi və müşahidəsi ilə aparılır. Çıxış yolu - qapalı dairəni dağıtmaq və digər qonşu ölkələr - Azərbaycan və Türkiyə ilə konstruktiv əməkdaşlıq qurmaqdır”.
İsmayıl