Lalə Mehralı: “Yeni doğulan körpə 40 gün mənfi enerjiyə, nəzərə qarşı müdafiəsiz olur, əgər ona kimsə mənfi enerji ötürsə, o, bunu qəbul edəcək”
Nəzər, gözdəymə varmı?
Sosioloq, ilahiyyatçı inanır, psixoloq isə yox
Lalə Mehralı: “Yeni doğulan körpə 40 gün mənfi enerjiyə, nəzərə qarşı müdafiəsiz olur, əgər ona kimsə mənfi enerji ötürsə, o, bunu qəbul edəcək”
Lalə Mehralı: “Yeni doğulan körpə 40 gün mənfi enerjiyə, nəzərə qarşı müdafiəsiz olur, əgər ona kimsə mənfi enerji ötürsə, o, bunu qəbul edəcək”
Narınc Rüstəmova: "Bu gün sosial şəbəkədə övladlarımın şəklini paylaşıram, əgər nəfsə inanan adam
olsaydım, bu şəkilləri və xoş xatirələrimi paylaşmazdım”
Atif İsmayılov: "Bununla bağlı bəzi dualar, hətta Quran ayəsi var. Allah peyğəmbərə buyurur ki, "əgər
kimlərsə sənə pis gözlə baxacaqlarsa, sən nəzər duasını oxu”
Bəzən azyaşlı uşaqların xəstələnməsi və ya büdrəyib yıxılaraq zədə alması, hansısa əşyanın itib yoxa çıxması və kiminsə işində uğursuzluğa düçar olması gözdəymə ilə əlaqələndirilir. Kimisi bunu adi hal hesab edir, kimisində isə bu, bir növ fobiya olur. Əksər insanlar ən adi məqamları belə nəzərlə bağlayır, bu halı qorxunc bir xəstəlik halına gətirirlər. Hətta psixoloqlar belə insanların müəyyən psixoloji zədə almasının da mümkünlüyünü bildiriblər.
Bəs gözdəymə nədir? Həqiqətən də nəzər deyilən anlayış mövcuddurmu?
Uzun müddətdir ki, elm adamları gözdəymə ilə bağlı maraqlı araşdırmalar aparırlar və gözdəymə-nəzərin mövcudluğu barədə yekun rəyə də gəlirlər.
Gözdəymənin başında bədənə yönlənən mənfi şüalar durur. Bu şüalar insan orqanizminin nizamı olaraq qəbul edilən bioritmi, yəni insanın təbii tarazlığını pozur. Nəticədə insanlarda əldən düşmək, halsızlıq, xəstəlik müşahidə edilir. Hətta, orqanizmi zəif olan insanlarda ölüm belə qaçılmazdır.
El arasında nəzərə bir çox ad verilir: "gözdəymə”, "göz yandırma”, "göz çəkmə”, "göz istəyi” və "göz işıldaması” kimi də deyilir.
Media və ictimaiyyətdə tanınan, həmçinin azyaşlı övladı olan ekspertlərin özlərinin və ya övladlarının nəzərə gəlib-gəlmədikləri ilə bağlı fikirlərini öyrəndik.
Sosioloq-jurnalist Lalə Mehralı övladının nəzərə gəldiyini təsdiqlədi. Xanım sosioloq gözdəyməyə xurafat tərəfdən deyil, elmi cəhətdən sübut olunmuş reallıqdan yanaşaraq inandığını deyib:
"Oğlum körpə vaxtı çox gözəgəlimli uşaq idi, nə vaxt bayıra, gəzməyə çıxarsaq, ya anam, ya qayınanam başına duz, üzərlik çevirir, odda yandırırdılar. Əsrin möcüzəsi olaraq qəbul edilən bioenergetika elmi sayəsində nəzər-gözdəymə də sübut edildi. İndi bilirik ki, insanların gözləri çox şeyə qadirdir, onlar çox təsirli şüalar - həm müsbət, həm də mənfi şüalar yaya bilir. Məhz bu mənfi şüalar da uşaqlardakı gözdəymə dediyimiz vəziyyətə səbəb olur. Siz heç düşündünüzmü əvvəllər yeni doğulmuş uşağı niyə 40 gün heç kimə göstərmirdilər? Körpənin yanına sadəcə, ata-anası, nənə-babası girə bilirdi. Bu adət artıq yerinə yetirilməsə də boşuna deyil, yeni doğulan körpə 40 gün mənfi enerjiyə, nəzərə qarşı müdafiəsiz olur, əgər ona kimsə mənfi enerji ötürsə, o, bunu qəbul edəcək.
Evdə bir bədbəxt hadisə baş verəndə, amma xətasız, ölümsüz ötüşəndən sonra heç lampa sındığının şahidi olmusunuzmu? Böyüklərimiz buna "nəzər çıxdı” deyirdi. Bəlkə də indi çoxlarına gülünc görünür, amma o vaxtlar inanılan bir adət idi.
İllər əvvəl bu məsələni ciddi araşdırmışdım, bir çox xarici qaynaqlara baş çəkdim, laborator təcrübələrin nəticəsi ilə maraqlandım. Müasir laboratoriyalarda nəzərin ciddi tədqiqi aparılır və 3 əsas növü müəyyənləşdirilib. Alfa - bu növ nəzərlərə "sarsıdıcı nəzər” deyirlər. Betta - bu kateqoriyaya "incidici, dağıdıcı nəzər” daxildir. Qamma - bu növ nəzərlər "yandırıcı” adlanır.
İnsanlar arasında daha çox alfa gözdəyməsinə rastlanır, əksəriyyət də buna inanır. Yaşlılarımız nəzərdən qorunmaq üçün gerçək gözmuncuqlarından, dağdağan ağacından, bitki tikanından, at nalından, qaraçörək otunun toxumundan da istifadə edirdi”.
Psixoloq Narınc Rüstəmova isə gözdəymə-nəzər kimi anlayışlara inanmadığını deyib. Onun sözlərinə görə, hər bir insanın özünəməxsus enerji kütləsi var və insanlar pozitiv düşünüb fikirlərini yalnız bu istiqamətə kökləsələr, gözdəymənin olmadığını bildirəcəklər.
N.Rüstəmova bəzi insanların neqativ aurası olduğunu və bu auranın bizdə ağırlıq yaratdığını da diqqətə çatdırıb. O bildirib ki, buna baxmayaraq insanlar enerjilərini pozitiv məqamlar üzərində qurmağa çalışmalıdırlar:
"Uzun müddətdir ki, biz el arasında gözə, nəzərə inanan millətik və bunu hər zaman nəinki uşaq yıxılanda, hansısa işimiz düz gətirməyəndə, öncədən dediyimiz bir şey alınmayanda qeyd edirik. Təbii ki, bunun elmi olaraq haçalanmasında bioenerjimiz var. Məsələn, bir insan gələndə ona qarşı bəslədiyimiz emosiyalar, simpatiya və ya antipatiya, bunlar hamısı enerjinin uyğunluğu deməkdir. Elə insanlar var ki, onların bioenerjisi çoxdur. Hətta pis niyyəti olmasa belə onun enerji dalğası çox güclü olduğu üçün hansısa təsir gücünə malikdir. Tutaq ki, bəyəndiyi bir əşyaya "necə gözəldir” deyərsə, onun nəfsi təsir edə bilir. Təbii ki, bütün bunlar bizim əlaqələndirməmizlə bağlıdır. Biz bunları xəstəlik halına gətirsək, əlbəttə, həyat fəaliyyətimizə mənfi təsirini göstərəcək. Şəxsən mən ana kimi belə hallarda bunu kompleks bilmirəm, həmişə xüsusi yanaşıram. Yəni uşaqdı, xəstələnib, bədən müqaviməti zəifləmişdi və ona görə özünü halsız hiss edir. Hansısa hadisə baş verirsə, heç vaxt bunu ümumiləşdirib demirəm ki, "həmişə pis nə olursa mənim başıma gəlir”, "uşağıma göz dəydi” və.s. Bu gün sosial şəbəkədə övladlarımın şəklini paylaşıram, əgər nəfsə inanan adam olsaydım, bu şəkilləri və xoş xatirələrimi paylaşmazdım. Düşünərdim ki, övladlarım nəzərə gələr. Xeyr, belə hesab etmirəm, məncə insanın öz daxili inancı çox vacibdir. Məsələn, hər səhər durub özümüzə "nəfsə, gözə gəldim” desək, artıq bu bizim istər-istəməz şüuraltımızda oturacaq və ətrafımızda baş verən bütün neqativ hadisələri bununla əlaqələndirəcəyik. Hər zaman özümüzü nəyinsə pis olacağına inandırsaq, onda daha çox pislikləri sanki çağırır və bu pisliklər arxa-arxaya gəlir. Ona görə də insanlar hadisələri lokallaşdırmağı və yerindəcə həllinə yönəlməlidir”.
N.Rüstəmovanın fikrincə, insanlar bəzi durumları gözdəymə ilə əlaqələndirmək yerinə, çıxış yolu axtararaq özünü itirməməlidir, çünki bu, insanın həmin andakı əhval-ruhiyyəsinə, başqalarına qarşı güvəninin sarsılmasına, daha çox pisə, neqativə yüklənməsinə gətirib çıxarır. Beləliklə də fikirlərini heç kimlə paylaşmaq istəmir və ya zaman keçdikcə insanlardan qaçmağa başlayır:
"Bütün bunlar nəinki əhval-ruhiyyənin pisləşməsinə, həmçinin depressiyaya zəmin yaradır. Hansısa hadisələr baş verməli idisə, baş verdi. Bunun səbəbini kimdəsə axtarmaq düzgün deyil. Təbii ki, enerji mövcuddu, elə insanlar var ki, onlar yanımızda oturanda özümüzü narahat hiss edirik, o insandan pozitiv enerji almırıq. Amma elələri var ki, onunla çox vaxt keçirmək istəyirik. Bioenerji, nəfs var, amma buna aludə olub xəstəlik dərəcəsinə gətirmək olmaz. İnanın, ana belə öz balasını çox sevdiyindən onu gözə gətirə bilir, bu, təbii bir şeydir... Gün ərzində hər şeyi gözdəymə ilə əlaqələndirmək olmaz. Çünki biz kainata siqnal ötürürük və şüuraltımız həmişə mesajlaşır. Yaxşı olar ki, insanlar özünü pozitiv düşünsünlər, hadisələri lokal, yəni məhdud qəbul eləsinlər. Buna görə də şəxsi instaqram səhifəmdə neqativ bir şeylər paylaşmıram. Nəticədə həyatımda hər zaman pozitivlik, müsbət aura və müsbət insanlar olur. Bu o demək deyil ki, mən seçilmiş adamam və hər şey gözəldir, xeyir, sadəcə olaraq hər pisdə yaxşılıq axtaran insanam .Ona görə həmişə yaxşılıqlar gəlir məni tapır”.
Gözdəymə və nəfsin mövcud olduğunu təsdiqləyən ilahiyyatçı Hacı Atif İsmayılov "Qurani-Kərim”də nəzərlə bağlı ayənin olduğunu da bildirib. İlahiyyatçının sözlərinə görə, gözdəymə real məsələdir və islam dini gözdəymədən müalicənin bəlli metodlarını hazırlayıb. Bunu Quran, eyni zamanda dualar təsdiq edir:
"Bəli, təbiət baxımından nəfs tipli insanlar var, biz belələrinə nəfsi həddindən artıq güclü olan, bir şeyə baxanda gözü onun arxasınca qalan insan deyirik. İslam dini bu məsələni dəyərləndirir, nəfslə bağlı olan mövzunu geniş araşdırır. Bununla bağlı bəzi dualar, hətta Quran ayəsi var. Allah peyğəmbərə buyurur ki, "əgər kimlərsə sənə pis gözlə baxacaqlarsa, sən nəzər duasını oxu”.
Düzdü, mənim ailəmdə belə bir hadisə olmayıb, amma bəzən görürsən ki, bütün bunlar istər uşağa, istər böyüyə təsir edir. Əksər insanların təbiətində elə xüsusiyyətlər var ki, o insanın nədəsə gözü qalır. Gözdəymənin təsiri müqabilində Quranda "Nas”, "Fələq” surələri var. Allah bu surələri peyğəmbərə məhz pis nəfs və bəd gözü olan insanlardan qorunmaq üçün nazil edib. Allah Quranda nazil elədi ki, bəd nəzərli insanlar qarşına gələcəklərsə və onlar səni öz nəzərləri ilə sındırıb təsir etmək istəyəcəklərsə, bu ayələri, duaları oxu”.
Yeganə Bayramova