Qarabağ azad edilməyincə Türkiyə Ermənistanla sərhədləri açmayacaq
Paşinyanın açıqlaması təcavüzkar dövlətin əsl xislətini əks etdirir
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan seçki eyforiyası ilə növbəti təxribatçı açıqlamasını səsləndirib. Paşinyan hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazır olduğunu deyib: "İnanırıq və ümid edirik ki, Türkiyə də belə mövqe tutacaq. Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi ilə bağlıdır və üçüncü tərəfə aiddir. Mən Azərbaycanı nəzərdə tuturam. Baş nazirin 9 dekabr seçkilərinin dərhal ardından bu cür açıqlama verməsi ölkəsini iqtisadi fəlakətdən xilas etmək cəhdi kimi dəyərləndirilir. Belə çarəsiz açıqlama ilə Paşinyan bir müddət əvvəl də çıxış etmişdi. Türkiyənin Ermənistanla sərhədi bağlama səbəbi - işğal faktı hələ də ortadadır. Türkiyə hər zaman olduğu kimi, Ermənistanın işğal siyasətindən və qonşulara qarşı aqressiyadan əl çəkmədiyi müddətdə heç bir diplomatik-ticari münasibətin bərpa edilməyəcəyini açıqlayıb. Bu dəfə də rəsmi Ankara Paşinyanın sərsəm təklifini cavabsız qoymayıb.
Türkiyə Prezident Administrasiyasından deyiblər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir: "Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək regionda sabitlik ola bilməz”. Bundan başqa, bəyanatda vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir "soyqırımı” olmayıb. Türkiyəli hərbi ekspert, sosial elmlər üzrə doktor, ehtiyatda olan polkovnik Eray Guçlüer da məsələyə münasibət bildirib.
Polkovnik vurğulayıb ki, Paşinyanın açıqlaması təcavüzkar dövlətin əsl xislətini əks etdirir:
"Paşinyanın dedikləri bu vaxta qədər Ermənistana rəhbərlik edən cinayətkar rejimin təmsilçilərinin illərdən bəri düşüncələrində gəzdirdiyi xəstə xülyanın davamıdır. Ermənistanın keçmiş rəhbərliyi ilə indiki hakimiyyət arasındakı qalmaqalın əsasını kürsü davası təşkil edir. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətində isə onların xəstə düşüncəsində heç bir fərq yoxdur. İşğalçı Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələr qurmaq, o cümlədən sülhsevər dünya ictimaiyyətinin sağlam bir tərkib hissəsi olmaq istəyirsə, ilk növbədə, Xocalı soyqırımını tanımalı və bu bəşəri cinayəti törədənlərin beynəlxalq məhkəmələrə cəlb olunmasını təmin etməlidir. Bu isə şərt deyil. Müasir dünyanın, beynəlxalq hüququn tələbidir”.
Paşinyanın təklifini "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Paşinyan Türkiyə ilə sərhədlərin açılmasının tərəfdarıdır və bunu bir neçə dəfə dilə gətirib:
"Paşinyan Dağlıq Qarabağ məsələsində özünə görə maraqlı taktika tutub. Baş nazir deyir ki, Dağlıq Qarabağ münaqişəsi qondarma rejimlə Azərbaycan arasında həll olunmalıdır. Paşinyan separatçı Dağlıq Qarabağı "bərabər hüquqlu tərəf” kimi ortaya atır. Sərsəm şəkildə bəyan edir ki, guya, münaqişənin Ermənistana və Türkiyəyə aidiyyəti yoxdur.
Həm də bu təkliflə Qərbə göstərir ki, İrəvan Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlərin qurulmasının tərəfdarıdır, ancaq türklər istəmir. Lakin qardaş ölkə Türkiyə dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə, işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmayana qədər Ermənistanla sərhədlər açılmayacaq. Əminik ki, bu, belə də davam edəcək. Ən azından qardaş Türkiyədə iqtidarda AKP olanadək bunun belə olacağına şübhəm yoxdur”.
İsmayıl