Nizami Cəfərov: “Elə millət vəkilləri var ki..."




"Millət vəkilləri hər zaman millətin yanında olmalıdır”.

Bunu Sherg.az-a deputatların rayonlara, xüsusilə cəbhə bölgəsinə və şəhid ailələrinə vaxtaşırı səfərlərinin ənənə halını almasından danışarkən millət vəkili Nizami Cəfərov deyib. 

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi davam etdiyi müddətdə bu məsələyə diqqət edilməlidir:

"Elə millət vəkilləri var ki, seçildikləri rayon cəbhə bölgəsidir, ora getməyə meyl edirlər. Elə deputatlar da var ki, ümumiyyətlə, cəbhə rayonlarına gedirlər, seçildikləri bölgə olmasa belə. Millət vəkillərinin əksəriyyəti ictimai qurumlarla, digər millət vəkilləri ilə birlikdə səfərlər edirlər.

Bəzi millət vəkilləri isə daha çox media ilə işləyir və baş verən hadisələrə öz münasibətlərini bildirirlər. Çox deputatlar beynəlxalq tədbirlərdə iştirak ediblər deyə Azərbaycanda baş verən hadisələri orada işıqlandırmağı üstün tuturlar. Alxanlı kəndində baş verən faciə ilə bağlı biz - parlament dostluq qruplarının rəhbərləri olaraq müxtəlif ölkələrin deputatlarına müraciət etdik.

Bizim millət vəkilləri demək olar, aktiv iştirak edir. Elə millət vəkili yoxdur ki, bu məsələyə biganə qalsın. Bu üzdə görünə də bilər, görünməyə də bilər. Elə deputatlar var ki, rəsmi kanallarla gedir, xüsusi təmsil olunur, lakin çoxları bu ziyarətlərini ictimailəşdirmir.

Bütün bunları ümumiləşdirdikdə millət vəkillərimizin bu sahədə yaxşı çalışdığını deyə bilərik. Səy göstərirlər ki, nəhayət Ermənistan yerində otursun”.

Aysel Aslan