O “bomba”dan evlərdə də var

Qaz balonları hər an partlaya bilər
İnsanlar bundan istifadədən ümumiyyətlə imtina etməlidirlər



"Əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır. Halbuki qaz balonları vaxtaşırı yoxlanılmalı və sınaqdan keçirilməlidir”





Bakının Binəqədi rayonunda çayxana kimi fəaliyyət göstərən obyektdə baş verən partlayış qaz balonları ilə bağlı təhlükəni yenidən gündəmə gətirib.

Qeyd edək ki, ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. 2 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də sonradan xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə ağır olaraq qalıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisənin ictimaiyyətdə ciddi narahatlıq doğurmasına səbəb dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəinki iaşə obyektlərində, hətta evlərdə, yeni tikilən və istismara qəbul olunmadan istifadə edilən bəzi çoxmərtəbəli binalarda balon qazlardan istifadə edilməsidir. Zaman- zaman bu cür xoşagəlməz hadisələr qeydə alınsa da, gündəlik yanacağa olan tələbatlarını ödəmək məqsədilə maye qaz balonlarından istifadə edən vətəndaşlar faciələrdən nəticə çıxartmır. Əhalinin çox hissəsi qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmir. Bu isə qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur.

Ekspertlər isə hesab edir ki, qaz balonlarının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət etməklə bədbəxt hadisələrin qarşısını almaq mümkündür. 

Unutmayaq ki, qaz balonlarından istifadə zamanı adi bir ehtiyatsızlıq və səhlənkarlıq partlayışa və yanğına səbəb ola bilər. Bu kimi halların aradan qaldırılması öncə vətəndaşların özlərindən və onların nə dərəcədə təhlükəsizlik qaydalarına riayət etmələrindən asılıdır. Ekspertlərə görə, qaz balonları vaxtaşırı nəzarətdə saxlanılmalıdır, amma heç kəs buna riayət etmir.

Balon qazlardan imtina edilməsini məsləhət görən "Azəriqaz” İB-nin sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov onların potensial mina olduğunu deyib.

Qaz balonlarından Azərbaycanda uzun illərdir istifadə edildiyini vurğulayan N.Qasımovun sözlərinə görə, əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır. Halbuki qaz balonları vaxtaşırı yoxlanılmalı və sınaqdan keçirilməlidir. AİB ekspertinin dediyinə görə, qaz balonlarına nəzarət edən bir idarə mütləq olmalıdır. "Çünki zaman keçdikcə, metal öz keyfiyyətini itirir. 

Balonlar əsasən Rusiyadan Azərbaycana gətirilir. Ölkədə bu balonların satışı və istifadəsinə nəzarət olunmalıdır”.

Dönərxanalarda qaz balonlarından istifadə edildiyini təəssüflə qeyd edən N.Qasımova görə, bu, qəti şəkildə yolverilməzdir. Onun sözlərinə görə, propanın tərkibindəki karbon-monoksid ətin üzərinə qonur, yeyildikdə isə zəhərlənmə və ya qastrit kimi mədə xəstəlikləri yaradır.

Dönər zəhərlənmələrini də bu problemlə bağlayan AİB eksperti bildirib ki, bir çox dönərxanalar bu balonlardan istifadə etdiyi üçün zəhərlənmə hallarının sayı artıb. "Propan yanan zaman tam yanma prosesi getmir, qazın tərkibində olan bəzi maddələr dəm qazı formasında ətin üzərinə hopur ki, bu da kütləvi zəhərlənmələrə səbəb olur”.

N.Qasımov bu problemin aradan qaldırılması üçün xüsusi bir qurumun yaranmasına ehtiyac duyur. "Kim harda istəyir - yaşayış yerlərində, zirzəmilərdə - bu qaz balonlarını gətirib quraşdırırlar”.

Qış fəslində bəzi mənzillərdə hətta doldurma qazla çalışan sobalardan istifadə olunduğunu deyən AİB-nin eksperti bu sobaların zəhərlənmə halları ilə yanaşı, güclü partlayışa də gətirib çıxardığını bildirib. Onun sözlərinə görə, bu sobalarda istifadə olunan qazın partlama qüvvəsi metan qazından 3-4 dəfə artıq olur. 

"Metan qazının istilik yaratma qabiliyyəti 8500 kilo kaloridirsə, bu qazlarda 324 min kilo kaloridir. Metan qazının aşağı partlama həddi 4,5 faizdirsə, bu qazların partlama həddi 2,5 faizdir. Yəni bu qazlar bir yerə 2,5 faiz yığılarsa, partlama baş verə bilər. Bu zaman partlayışın zərbə qüvvəsi 1 kvadratda 100 tona bərabərdir”.

Ekspert onu da qeyd edib ki, qaz balonlarının xüsusi istifadə qaydaları və normaları var və bu, normalara uyğun istifadə olunmalıdır. Doldurma qazla çalışan sobalar mütəxəssislər tərəfindən quraşdırılmalıdır. İndi insanlar pul verməmək üçün özləri ustalıq edirlər. Bunun qarşısını almaq üçün xüsusi bir idarə yaranmalı və qaz təchizatına xüsusi nəzarət edilməlidir.

Şəymən