O gəncləri torpağımızın işğalı, qaçqınlar maraqlandırmır

“Söyüş, təhqir bütün mübarizələrdə məğlub olanın son çarəsi, son silahıdır”



Avropadakı bir qrup savadsız qrup tərəfindən Azərbaycana qarşı həqarətlər yağdırılır. Heç bir sərhəd gözləməyən həmin şəxslər dövlət rəhbərliyini və xalqı nalayiq söyüşlərlə təhqir edirlər. Şübhəsiz ki, ölkə rəsmiləri, millət vəkilləri və digər ictimaiyyət nümayəndələri bu hədyanlara lazımi cavab verir.

Lakin məsələnin görünməyən ciddi tərəfləri də var. Xaricdən başlanan və yalnız kamikadzeləri görünən təhqir, şantaj və hədə-qopxu kampaniyası siyasi dava deyil, birbaşa ideoloji terrordur. Əlbəttə, dövlətə qarşı yönəlmiş bu virtual terror qruplaşmasının sosial bazası yoxdur. Kimsənin tanımadığı, siyasi müstəvidə adları və sözləri olmayan bu adamlar Azərbaycanda nəsə etmək qüdrətində deyillər. Lakin onların arxasında görünməyən güclər dayanır. Müxtəlif ideoloji mərkəzlər, təxribatçı siyasi qüvvələr ölkəmizə qarşı məxfi planlarını söyüş dəstəsinin diliylə reallaşdırmağa cəhd edirlər. Deməli, təhdid və təzyiq altında olan təkcə ölkə rəhbərliyi və onun ətrafı yox, bütövlükdə Azərbaycandır.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov "Şərq”ə açıqlamasında deyib ki, son zamanlar özlərini "siyasi mühacir” kimi qələmə verərək Avropada məskunlaşan, öz millətinin mənafeyini tapdalayan bəzi gənclərin söyüş və təhqiri mübarizə meydanına gətirməsi ciddi təəssüf doğuran haldır. Onların dövlət rəhbərliyini təhqir etməsi isə hiddət doğuran əsas amildir: 
"Torpaqlarımızın 20 faizindən çoxunun hələ də işğal altında qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin taleyi təəssüflər olsun ki, özünü "avropalı azərbaycanlılar” adlandıran bu cür gəncləri maraqlandırmır. Təəssüf hissi doğuran əsas amil ondan ibarətdir ki, Azərbaycana qarşı aparılan bu çirkin kampaniyanın arxasında işğal olunmuş torpaqlarımızın azad olunmasını istəməyən qüvvələr dayanır və bu cür sapı özümüzdən olan baltalardan istifadə edirlər. Səmimi deyim ki, mən belə ünsürlərdən başqa heç nə gözləmirəm. Öz ailəsinin və millətinin təəssübünü çəkmək əvəzinə şəxsi maddi maraqları zəminində bu qədər alçalan insanları yalnız qanunun gücü və xalq qınağı ilə zərərsizləşdirmək lazımdır. Milli mənliyi olmayan insanı mənəvi üsulla tərbiyələndirmək qeyri-mümkündür. Ona görə də qanunun sərt üzü mütləq bu cür ünsürlərə tətbiq olunmalıdır”.

Təşkilat rəhbərinin sözlərinə görə, diqqət çəkən məqamlardan biri də bu insanların kimin tərəfindən maliyyələşməsi və himayə olunmasıdır: 

"Erməni xüsusi xidmət orqanları və Azərbaycana qarşı daim ikili standartlar yeridən dövlətlərin, beynəlxalq təşkilatların burada rolu danılmazdır. Bizim dövlətimizin qarşısındakı hədəflər məlumdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, müstəqil dövlətimizin daha da gücləndirilməsi və ən inkişaf etmiş dövlətlərin sırasına qoşulmasıdır. Onların məqsədləri də bəllidir: - Bizi bu hədəflərdən yayındırmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasına mane olmaq, müstəqilliyimizin itirilməsinə, vətəndaş qarşıdurması yaratmaq, iqtisadi inkişafımızı zəiflətmək, milli-mənəvi dəyərlərimizi məhv etmək və s. Bu tipli mənfur və riyakar niyyətlərin qarşısında təbii ki, dövlətin və xalqın həmrəyliyi dayanır. Söyüş söymək, təhqir etmək isə bütün mübarizələrdə uduzanın, məğlub olanın son çarəsi, son silahıdır. Xalqımız 11 aprel tarixində bir daha öz seçimini edərək söyüş söyənlərə və onların havadarlarına qayıtmasını təmin edəcəklər”.

İsmayıl