O həkimlərin maaşı 200 manat artırıldı

Artıq Azərbaycan da icbari tibbi sığortanın faydalarını görməyə başladı
İcbari tibbi sığortanın tətbiqi stendləmə proqramının icrasını da asanlaşdırır. Görün, bununla nə qədər insanın həyatı xilas edilər

İcbari tibbi sığortanın faydaları artıq özünü göstərir. Məlumdur ki, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Mingəçevir və Yevlax şəhərlərində pilot layihənin icrasına başlanılıb. İcbari tibbi sığortanın faydalarından əhali ilə yanaşı, tibbi personal da artıq yararlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, pilot ərazilərdəki tibb müəssisələrində çalışan orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb.

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydaları təsdiq edilib. Bununla orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.

Qaydalara əsasən, orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb.
Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb.
Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15 faiz həcmində əlavə artım tətbiq olunub.

Konkret nümunə də təqdim edilir; əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən 165 manat məbləğində əməkhaqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçisinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq.
Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb.

Tibb işçilərinin əmək haqlarının artırılmasının müsbət olduğunu deyən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şəhvələd Məmmədov bu addımın tibb müəssisələrində yol verilən bəzi neqativ halları aradan qaldıracağını bildirdi:

- Bəzən belə sözlər eşidirdik ki, tibb bacıları əmək haqqından narazılıq edir, "səhərdən-axşamadək ayaq üstəyik, aldığımız da heç nədir” deyirlər, pasiyentlərdən əlavə haqq umurlar və s. İcbari tibbi sığortanın tətbiqinin əsas üstünlüklərindən biri də məhz budur ki, əmək haqları artırılır, bu da tibbi personalın əmək əmsalının yüksəldilməsinə xidmət edir. Əmək haqları yüksəlirsə, deməli, həkimin, tibb işçisinin sosial təminatı da artır. Gürcüstanda 15 ildir ki, icbari tibbi sığorta tətbiq edilir. Əhali də razıdır, həkimlər də. İcbari tibbi sığortanın üstünlükləri çoxdur.

Məsələn, bu gün dünyada da, Azərbaycanda da ən çox rast gəlinən məhz ürək xəstəlikləridir. Təcili Tibbi Yardıma gündəlik çağırışların bəlkə də 90 faizini ürək xəstəlikləri ilə bağlı çağırışlar təşkil edir. Ürək xəstəliklərinə qarşı dünyada "stendləmə proqramı” icra olunur. Bu proqram ürək xəstəliklərində qabaqlayıcı tədbir kimi çox əhəmiyyətlidir. Bu proqramın həyata keçirilməsi Azərbaycan üçün böyük irəliləyiş olardı. Məlumdur ki, icbari tibbi sığortanın icrasına artıq başlanılıb. İki regionda pilot layihə həyata keçirilir. Bəlkə də bu il ərzində icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi stendləmə proqramının icrasını da asanlaşdırır. Görün, bununla nə qədər insanın həyatı xilas edilər. Tibbi sığorta bütün xəstəlikləri, bütün ölkə əhalisini əhatə edir. Vətəndaş istədiyi zaman tibb müəssisəsinə müraciət edib yoxlamalardan keçə bilir. Stendləmə proqramı da icbari tibbi sığortanın bir hissəsi kimi icra oluna bilər. Bu proqram sırf ürək-damar xəstələrini nəzərdə tutduğu üçün icrasına böyük vəsait də tələb olunmur. Biz kiçik bir vəsaitlə əhəmiyyətli irəliləyişə nail ola bilərik.

Məlahət Rzayeva