“O qadın oğlunu düzgün tərbiyə etməyib”

Vidadi Bərdəlinin rəsmi həyat yoldaşı “Şərq”ə danışdı



Mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin saxlandığı xəbərləri yayılıb. O, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu bıçaqla qətlə yetirməkdə günahlandırılır.

Tuncayın anası Nahidə xanım açıqlamasında oğlunun saxlanılmadığını bildirib:”Yazılanların hamısı boş şeydir. Mənim oğlum adam öldürməyib və saxlanılmayıb. Məsələ belə olub: uşağım yatdığı yerdə səs-küyə çıxdı. Hamı kimi o da hadisə yerinə yaxınlaşıb. Bütün şahidləri dindiriblər, eləcə də mənim oğlumu. Tuncayı 2 dəfə çağırıb izahatını alıb, buraxıblar. Yəni mənim oğlum həbs edilməyib.
Qatili tapa bilmirlər, düşüblər mənim oğlumun üstünə. Bunu nə məqsədlə edirlər, deyə bilmərəm. Hələ heç bir şey sübut olunmayıb. Oğlumu şahid qismində aparmağa gələndə evdən narkotik maddə tapdılar. Həmin gecə bizim evə başqa bir nəfər qonaq gəlmişdi. Düşünürük ki, həmin narkotik maddəni həmin şəxs düşmənçilik məqsədilə gətirib. Bu nədirsə, düşmənlərimiz tərəfindən mənim oğluma qarşı qurulmuş bir plandır. İnanıram ki, hüquq-mühafizə orqanları məsələni aydınlaşdıracaq və Tuncayın adı təmizə çıxacaq”.

Məsələ ilə bağlı Vidadi Bərdəlinin rəsmi həyat yoldaşı Aygün xanımla əlaqə yaratdıq. Mərhum müğənninin adınının, daha doğrusu, qeyri-rəsmi nikahdan dünyaya gələn oğlunun canayət hadisəsində hallanması ailəyə necə təsir göstərib. 

" Şərq”ə danışan Aygün xanım " Biz də eşitdik. O xanım Vidadinin həyat yoldaşı olmayıb. Kənarda ünsiyyətdə olduğu qadınlardan biri olub. Yəni qeyri-rəsmi yaşadığı və bu münasibətdən qeyri-rəsmi dünyaya gətirdiyi oğludu. Vidadi sağ ikən o qadın bizi, Vidadini o qədər incidib, narahat edib ki. Nə deyə bilərəm ki, Allah köməyi olsun. Danmıram, o oğlan Vidadinin oğludur. Amma onun anası özünü Vidadi Bərdəlinin həyat yoldaşı kimi təqdim etməsin. Vidadi onunla ailə qurmayıb, onların kəbini, rəsmi nikahı olmayıb. Vidadinin ruhuna niyə belə hörmətsizlik olunmalıdır ki? Bizi ağrıdan budur. Vidadinin adına yaraşmazdı ki, oğlu cinayətkar kimi təqdim olunsun, adam öldürsün, narkotikadan istifadə etsin. O qadın o oğulu tərbiyə edib. Vaxtında ona düzgün tərbiyə versəydi, indi adı belə xoşagəlməz olaylarda, cinayətlərdə səslənməzdi. Bizim ailəmiz Vidadinin bu ağır hadisədə adı hallandığı üçün narahatdı. Yenə də Allah köməkləri olsun. İnsan elədiyi pisliklərin cəzasını gec-tez çəkir. O qadın da bilməli idi ki, Vidadiyə, onun uşaqlarına, ailəsinə etdiyi pislikləri Allah görür. Allah hamını naxələf övladdan hifs etsin”.

Tahirə