O təbəqənin sayı 300 mindən çoxdu

Surdo-tərcüməni verməmək üçün heç bir bəhanə gətirə bilməzlər
“Telekanallar hələ də bilmirlər ki, eşitmə və görmə qabiliyyəti olmayan tamaşaçılar çox ciddi və etibarlı izləyici kütləsidir”




"MTRŞ bununla bağlı təşəbbüs irəli sürməli, bəzi serialların surdo- tərcümələrlə verilməsinə çağırış etməlidir”



(Əvvəli ötən sayda)

Televiziyalarda mövcud olan problemlərdən danışarkən gündəmə gətirilən çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayan insanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Azərbaycan telekanallarında lal və karlar üçün informasiya verilməməsi həmin təbəqəni məlumat blokadasında yaşamağa məhkum edir.

Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edirlər. Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar. Bu isə bir qrup vətəndaşın dünyadan xəbərsiz qalmasına gətirib çıxarır. Bir vaxtlar xəbərlər proqramını surdo-tərcüməçi ilə yayımlayan Azərbaycan Dövlət Televiziyası (AzTV) artıq uzun müddətdir ki, bu ənənəyə son verib. Bu prosesin nə vaxta qədər sürəcəyi, problemin nə vaxt öz həllini tapacağı isə hələ ki, sual altındadır. Xatırladaq ki, əvvəllər AzTV-də saat 17-də efirə çıxan "Xəbərlər” proqramında surdo-tərcüməçilər çalışıb. Lakin xəbərlərin titrlərlə verilməsindən sonra bu tərcüməçilərə ehtiyac qalmayıb. Yəni fiziki qüsurlu şəxslərin həmin titrləri oxuması ilə televiziyada surdo-tərcüməçi ştatlarına ehtiyac qalmayıb. Ancaq problem ondadır ki, Azərbaycan telekanallarında proqramların böyük əksəriyyəti titrlərlə verilmir. Məlumat üçün bildirək ki, Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan informasiya məlumatları, hətta bəzi seriallar və digər böyük həcmli proqramlar da surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından birdəfəlik yığışdırılması heç də yaxşı hal kimi dəyərləndirilmir. Əskəriyyət bunu lal və karların hüquq pozuntusu kimi görür. Ekspertlərə görə, bu məsələdə iki amilə diqqət yetirmək - lal və karların sayı və hansı coğrafiyanı əhatə etməsi məsələlərini dəqiqləşdirmək lazımdır. Ancaq istənilən halda dövlət büdcəsindən maliyyələşən Az TV və İTV surdo-tərcümələr verməyə borcludur. Ümumiyyətlə, TV-lər Azərbaycan vətəndşaları arasında fərq qoymamalıdır. Fiziki qüsurlu insanların da informasiya almaq haqqı var. Surdo-tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salır, onların zəruri məlumatları əldə etməsinə şərait yaradır. Hətta bəzi mütəxəssislərin fikrincə, surdo-tərcümə xəbərlərlə yanaşı, tok-şou xarakterli verilişlərdə də mütləq olmalıdır. Qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya telekanallarında da surdo-tərcümə geniş yayılıb. Əlbəttə, bu cür tərcümənin efirdə gedən bütün verilişləri əhatə etməsi bəlkə də mümkünsüzdür. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Məlumdur ki, bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul ayrılır. Əgər telekanallar istəyərsə, serialların içərisində lal və kar şəxslər üçün tərcümələr tətbiq edə bilərlər. Ekspertlərə görə, subtitrlər, məhdud alt yazılar surdo-tərcümələri tam əvəz edə bilməz. Hansısa xəbərdə bir cümləlik subtitr verməklə bütöv xəbəri anlatmaq mümkün deyil. Ona görə də Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunsa da, surdo-tərcümələr də qalmaqdadır. Təəssüflər olsun ki, əksər kanallar maliyyə məsələsində simiclik edirlər. Əlavə vəsait tələb olunduğuna görə, surdo-tərcüməçi tutmurlar. Anlamırlar ki, televiziya kanalları biznes fəaliyyəti ilə yanaşı, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar. Hazırda surdo-tərcüməçilər azdır, çünki onların işinə tələbat yoxdur, əgər tələbat artarsa, tərcüməçilərin də sayı çoxalar. Aydındır ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələrə yer verməməsi heç də hüquq pozuntusu deyil. Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır.

Mövzu ilə bağlı "Şərq”ə danışan tanınmış media eksperti, Zeynal Məmmədli deyib ki, ilk olaraq Azərbaycanda yaşayan lal və karların statistikasını aparmaq, saylarını müəyyən etmək lazımdır. Ekspertin sözlərinə görə, bir-iki il əvvəl mövcud olan statistikada lal və karların sayı 300 mindən çox idi: 

"Bu, çox ciddi bir rəqəmdir. Ölkə əhalisinin üç faizi deməkdir. Şübhə etmirəm ki, hazırda bu say daha da çoxalıb. Eşitmə və görmə problemi olan şəxslər bizim dəyərli vətəndaşlarımızdır və cəmiyyətdə olduqca əhəmiyyətli çəkiyə malikdirlər. Sizə bir şey deyim, indiki dövrdə televiziyaların ən reytinqli verilişinin izləyiciləri belə lal və kar təbəqədən çox-çox azdır. Telekanallar hələ də bilmirlər ki, eşitmə və görmə qabiliyyəti olmayan tamaşaçılar çox ciddi və etibarlı izləyici kütləsidir. Onlar digər tamaşaçılardan telekanallara daha çox bağlı auditoriya hesab olunurlar. Həmin təbəqə informasiya əldə etməyə, əlavə nəsə öyrənməyə daha həvəsli və istəkli olurlar”.

Ekspertin fikrincə, surdo-tərcümələri ilk növbədə dövlət büdcəsindən maliyyələşən İctimai Televiziyadan və Mədəniyyət Televiziyasından tələb etmək lazımdır: "Çünki bu kanalların birbaşa borcudur ki, cəmiyyətin bütün təbəqələrini nəzərə alsınlar. Həmin kanallar surdo-tərcüməni reallaşdırmamaq üçün heç bir bəhanə gətirə bilməzlər. "Surdo-tərcüməçilər çatışmır” yalanı da artıq keçərli deyil. Tərcüməçi hazırlayan kifayət qədər kurslar var. Normal əmək haqqı ilə bu problemi asanlıqla aradan qaldırmaq mümkündür. Özəl televiziyalar auditoriya qazanmaq istəsəydi, ən əsası isə öz gəlirini tamaşaçı sayından əldə etsəydi, o zaman surdo-tərcümə və digər mexanizmlərə üstünlük verərdi. Əgər kanallar belə şeylərə maraq göstərmirlərsə, deməli, qazanclarını tamaşaçı sayından götürmürlər. Yəni sərbəst reklam bazarı yoxdur. Reklam bazarı tamamilə başqa qanunlarla və üsullarla idarə olunur”.

Ekspert bəyan edib ki, vaxtı ilə Azərbaycanda texniki-peşə məktəblərində surdo-tərcüməçilər hazırlayırdılar: 

"Ondan başqa tərcüməçi hazırlayan tədris mərkəzləri də var idi. Onları asanlıqla tapmaq, işə cəlb etmək mümkündür. Neçə tərcüməçi tələb olunur ki? AzTV və İTV-də hərəsinə iki tərcüməçi olmaqla cəmi dörd kadrın olması yetərlidir. Sonrakı dövrlərdə həmin tərcüməçiləri ixtisaslaşdırmaq da olar. Biri xəbərləri tərcümə edər, digəri isə başqa tipli proqramları. Fikrimcə, MTRŞ bununla bağlı təşəbbüs irəli sürməli, bəzi serialların surdo-tərcümələrlə verilməsinə çağırış etməlidir. Hətta prosesi həyata keçirmək üçün öz büdcəsindən vəsait ayırmalı, tender elan etməlidir. Həmin təbəqəni televiziyalardan uzaq tutmaq, cəmiyyətdən, informasiyadan təcrid etmək, onları asanlıqla kriminal aləmə meyilləndirir. Çünki özlərini incidilmiş, tərk edilmiş görürlər. Bu baxımdan onları mümkün qədər sosiallaşdırmaq lazımdır. Hamımızın mənəvi borcudur ki, eşitmə və görmə problemi olan insanlara sahib çıxaq”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, televiziya aparıcısı Azər Həsrət isə hesab edir ki, surdo-tərcümə hər şeydən əvvəl İctimai Televiziyanın üzərinə düşən öhdəlikdir: "İctimai Televiziya digər özəl televiziyaları, kommersiya kanallarının edə bilmədiklərini, daha doğrusu, etmək istəmədiklərini həyata keçirməyə borcludur. 

Çünki həmin kanal məhz bu məqsədlə qurulub. Bu baxımdan İTV cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verən proqramlar hazırlamalı, fəaliyyətini o istiqamətdə qurmalıdır. Digər tərəfdən dövlət televiziyasının da bunu reallaşdırması çox vacibdir. Amma kommersiya kanalları ilə bağlı qanunvericilikdə konkret olaraq onların üzərinə hansısa öhdəlik qoyulmayıb. Sadəcə olaraq özəl televiziyaların mənəvi borcudur ki, öz tamaşaçılarına, yəni eşitmə və görmə qabiliyyəti olmayan izləyicilərinə verilişlərini hansısa formada çatdırmaq üçün bu məsələnin üzərində işləsinlər. Auditoriyanın daha geniş olması üçün, xüsusən də fiziki problemlər ucbatından görmə-eşitmə əngəli olan insanların həmin auditoriyaya cəlb edilməsi baxımından kommersiya kanalları özləri bu məsələni həll etməkdə maraqlı olmalıdırlar. Lakin nəzərə almaq lazımdır ki, bu problemin çözülməsi elə də asan deyil. Çünki bu cür tərcümələrin tərtib edilməsi əlavə vəsait tələb edir. Eyni zamanda xüsusi hazırlıqlı kadrlar tələb edir”.

A.Həsrətin sözlərinə görə, Azərbaycanda bu sahədə kadr problemi də mövcuddur: 

"Surdo-tərcüməçiləri tapıb efirə çıxarmaq mürəkkəb prosesdir. Ancaq istənilən halda ictimai televiziyanın, eləcə də dövlət telekanalının bu məsələdən birdəfəlik imtina etməsi yolverilməzdir. Hesab edirəm ki, surdo-tərcümələr zamanı əsasən ictimai əhəmiyyətli proqramlara üstünlük vermək lazımdır. Məlumdur ki, davamlı olaraq efirdəki bütün proqramlara surdo-tərcümələrin tətbiq olunması bir az çətin məsələdir. Ən azından xəbər verilişləri, ölkənin ictimai-siyasi həyatı ilə bağlı maraqlı proqramlara surdo-tərcümələri tətbiq etmək mümkündür. Şübhəsiz ki, hər hansı kanal 24 saat efirdə gedən proqramların hamısına surdo-tərcümə tətbiq edərsə, bu, həmin televiziyaya yalnız başucalığı gətirər. Xüsusən, eşitmə və görmə problemi olan insanlar bundan çox məmnun qalarlar. Əgər hansısa kanal belə bir xidmət təklif edərsə, onun nüfuzu ümumi ictimai rəydə çox yüksək olacaq”.

(Davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb