Oğlanlar 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq

Elman Məmmədov: "Qoy elə gənclərimiz ilkin yaşlarından hiss etsinlər ki, xidmətə gedəcəklər"



Dünən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında «Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.
Qanunun 6-cı, yəni vətəndaşların ilkin hərbi qeydiyyata alınması maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilir.

Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.

Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Elman Məmmədov dəyişikliklə bağlı «Şərq»ə açıqlamasında bildirib ki, burada elə bir ciddi məsələ yoxdur: 

«Bizim dövrümüzdə də belə olub ki, gənclərimiz ilkin yaşda, məktəb dövrü qeydiyyata alınıb. Bu dəyişiklik çox lazımlı bir məsələdir. Qoy elə gənclərimiz ilkin yaşlarından hiss etsinlər ki, onlar hərbi mükələffiyyətlidir və xidmətə gedəcəklər.

Elə xidmətə qədərki dövrlərində də hərbiyə məktəb dövründən hazırlığa başlasınlar, hərbi xidmətə hazır olsunlar”.

İlahə