Ölkəmizdə "quş qripi"nin yayılacağına dair narahatlıqlar var




Dünyanın bir çox ölkələrindən "quş qripi" ilə bağlı həyəcanlı xəbərlər yayılmaqdadır. Yenidən diqqət mərkəzində olan virus təxminən 1 ay öncə Bolqarıstanda müşahidə edilmişdi. Növbəti dəfə isə Çeçenistan Respublikasının Qudermes rayonunda virusla bağlı karantin elan olunub.

Rayonunun Novoqroznı yaşayış məntəqəsində "quş qripi” ocağı aşkarlanıb. Əhaliyə ev quşlarının tələf olması hallarına rast gəldikdə dərhal veterinar xidmətlərə məlumat verilməsi məsləhət görülüb. Fevralın 13-dək qüvvədə olacaq karantin rejimi zamanı respublikaya qonşu regionlardan quş əti və digər məhsulların gətirilməsinə məhdudiyyət qoyulub.

Çeçenistanın Azərbaycana yaxın bölgədə yerləşməsi ölkəmizdə də "quş qripi"nin yayılacağı ilə bağlı narahatlıqlar yaradıb. Maraqlıdır, virusla bağlı zəruri tədbirlər həyata keçirilirmi?
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli hazırda "quş qripi" və digər yoluxucu xəstəliklərlə bağlı ölkəmizdə epizodik vəziyyətin sabit olduğunu bildirib. Qurum rəsmisinin sözlərinə görə, narahatlıq doğuran hal qeydə alınarsa, quşlardan nümunələr götürülüb laboratoriyalarda yoxlanılır:
"Çeçenistan və Rusiyanın bir sıra vilayətlərində quş qripinin H5N1, H5N4, H5N8 kimi növlərinin qeyd olunması Dünya Heyvan Sağlamlığı Təşkilatının bizə göndərdiyi məlumatlarda öz əksini tapıb. Bu barədə məlumatımız var və xəstəliyə qarşı nəzarət daim ciddi şəkildə aparılır. Payız miqrasiyası dövründə, dekabrın ortalarında monitorinqləri yekunlaşdırdıq. Fevral ayının 20-dən sonra isə aktiv monitorinqlər keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə, ölkə ərazisində mütəmadi olaraq passiv monitorinqlər gedir. Yəni mütəmadi şəkildə rayon baytarlıq idarələri Dövlət Baytarlıq Xidmətinə rayonlardakı vəziyyətlə bağlı məlumat verirlər”.
Yeganə Bayramova