Bu nöqtədə son dərəcə ehtiyatlı olmaq lazımdır və qarşı tərəfə dəyən ziyan nəzərə alınmalıdır
Belə şəxslər cəzasının 10 ilini tamamladıqdan sonra əfv üçün ölkə başçısına müraciət etmək hüququna sahibdir
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı əfv və amnistiya təşəbbüsləri zamanı ömürlük məhbusların da diqqətdə saxlanılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Son əfv sərəncamında ömürlük məhbusların nəzərə alınmaması ilə bağlı edilən müraciətə növbəti sərəncamın ömürlük məhbuslara da şamil olunmasının arzuolunan olduğu qeyd edilib: "Biz bir daha ömürlük məhbuslarla bağlı məsələni Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Onların içərisində Qarabağ müharibəsində fədakarlıqla vuruşan OMON-çular və digər döyüşçülər, Qarabağa gedib partizan müharibəsi aparmaq istəyən gənc oğlan var, əksəriyyəti 20 ildən çoxdur ki, həbsdədirlər, xəstədirlər, ailə vəziyyətləri ağırdır. Onların bu vəziyyətinin nəzərə alınmasını Sizdən xahiş edirik”.
Müraciətdə 1998-ci ildə güllələnmə cəzasından ömürlük həbs cəzasına keçirilən məhbusların məsələsi xüsusi qeyd olunub. Hansı ki, bu şəxslər Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunublar. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, "Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.
Müraciətdə 128 məhkumdan yalnız 74 nəfərinin sağ qaldığı da öz əksini tapıb:
"Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstədir və cəzalarının 20 ildən çox hissəsini çəkiblər...
...Sizdən çox xahiş edirik ki, ədalət naminə onların və digər ömürlük məhbusların əfv olunması üçün təşəbbüs edəsiniz”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əfv Məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında ömürlük azadlıqdan məhrum edilən məhbusların ağır cinayət törədən, iki və daha artıq şəxsin ölümündə birbaşa iştirak edən, terror hadisəsi həyata keçirən şəxslər olduğunu deyib. Onlar arasında Vətənə xəyanətdə günahlandırılan insanlar da var.
Bununla belə Azərbaycan qanunvericiliyi həmin şəxslərə qarşı münasibətdə də humanizm nümayiş etdirib.
Komissiya üzvü deyib ki, qanunvericiliyin tələbinə görə, ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının 10 ilini tamamladıqdan sonra əfv üçün ölkə başçısına müraciət etmək hüququna sahibdir. Əfv komissiyası həmin müraciətləri dəyərləndirdikdən sonra həmin şəxslərin əfv olunub-olunmaması ölkə başçısının sərəncamına buraxılır.
Belə olan halda isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ömürlük məhbusların cəzası 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Hətta ömürlük azadlıqdan məhrum edilən şəxslərin Əfvə düşməsi praktikası da mövcuddur. Bəzi səxslər barələrində ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunmasına baxmayaraq, onlar əfv olunub, azadlığa çıxıblar.
2017-ci ildə Novruz bayramı münasibətilə imzalanan Əfv Sərəncamında 2 məhbusun ömürlük azadlıqdan məhrumetmə cəzası cənab prezident tərəfindən müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Ə.Nuriyevin sözlərinə görə, 2017-ci ilin dekabrında Cinayət Məcəlləsinin 76-cı maddəsinə edilən dəyişikliyə görə, ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının 25 ilini çəkdikdən sonra məhkəmə tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə əlavəsi tətbiq edilə bilər.
Həmin bəndə əsasən, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır. Təbii ki, burada son qərar məhkəmənin olur. Əfv sərəncamı isə cənab prezidentin müstəsna səlahiyyətidir.
Əfv Komissiyasının üzvü hesab edir ki, ömürlük azadlıqdan məhrum edilən şəxslərin cəzalarının müddətli həbslə əvəzlənməsi və ya əfv edilməsi kimi məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır və qarşı tərəfə dəyən ziyan nəzərə alınmalıdır.
Şəymən