Ömürlük Şeyx...

Allahşükür Paşazadə tək Azərbaycanda deyil, ölkədən kənarda da böyük nüfuza malikdir




"Mən nə qədər varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayı keçirilməyəcək”. Bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, qurultay idarəyə sədrin seçkisi münasibəti ilə keçirilir: "Son qurultayda ömürlük seçilmişəm. Nə qədər ki, həyatdayam, belə bir qurultayın keçirilməsi nəzərdə tutulmur”.

Əslində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və onun rəhbərliyi haqqında mediada çox müzakirələr aparılıb. Lakin çoxları QMİ-nin tarixindən, nə zaman yarandığından və hansı mərhələləri keçdiyindən xəbərsizdir. Qafqaz Müsəlmanları İdarəsi Qafqazda ən ali islam təsisatıdır. Qurumun qərargahı 1823-1917-ci illərdə Tbilisidə yerləşib. Hazırda isə Bakıda, Təzəpir məscidində qərar tutub. QMİ-nin hazırkı sədri 1980-ci ildən bu yana Şeyxülislam Hacı Allahşükür Paşazadədir. A.Paşazadə 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib. Şeyx dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. O, 1991-ci ildə Bakı İslam Universitetini təsis edib və Aşura mərasimləri zamanı qanvermə aksiyasını başladıb.

Şeyxülislamlıq və müftilik

İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tbilisi şəhərində dini rəhbər - şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tbilisi şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis olunub. İlk müftini çar generalı Roze təklif edib. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ vahid Qafqaz Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər.

Ruhani idarələrinin yaranması

Rus çarının 1832-ci ildə Senata göndərdiyi məktubda müsəlmanların Dini İşlər İdarəsi barədə əsasnamə hazırlanması təklif olunub. Lakin hazırlanmış layihələrin heç biri bəyənilməyib. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə Xarici İşlər Nazirliyinin əməkdaşı Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladıb. Layihə bütövlükdə bəyənilsə də, Krım müharibəsi onun həyata keçirilməsini ləngidib. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradılıb. Yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatılıblar. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başlayıblar. Daha sonra Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, Müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri təsis edilir. 1917-ci ilin fevralına qədər fəaliyyət göstərirlər. Yəni Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni Ruhani İdarəsi və şeyxülislamın sədrliyi altında Şiə Ruhani İdarəsi yaradılıb. Tbilisidə yerləşən bu 2 idarənin hər biri sədrdən, idarə heyətinin 3 üzvündən, 2 köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət olub.

Cümhuriyyət dövründə...

Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri iki idarə - şiə və sünni idarələri tərəfindən tənzimlənirdi. 1918-ci il mayın 28-də AXC-nin elan olunmasından sonra Azərbaycan hökumətinin qarşısında belə bir məsələ dururdu: - Tbilisi şəhərində yerləşən Qafqaz Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi yenidən təsis olunmalıdır. Beləliklə, 1918-ci ilin əvvəlində İdarə Bakıya köçürüldü və axund Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa yeganə namizəd oldu. Cümhuriyyət dövründə ruhani idarə Məşxəti-İslamiyyə adlanırdı. Həmsədrləri Şeyxülislam axund Ağa Ağaəlizadə və Müfti Mustafa əfəndi Əfəndizadə idilər. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Fərəculla Pişnamazzadə vəzifəsindən istefa verib. Cümhuriyyətin sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə Ağa Əlizadə təyin edilib. Bu dövrdə ölkədə islamı rasionallaşdırmaq, müasirləşdirmək meyilləri də güclənib.

Sovet dövründə...

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədəki məscidlərin əksəriyyəti bağlanılıb, din xadimlərinə qarşı hücumlar başlanıb. Onları düşmən kimi tamamilə rədd və inkar ediblər. Yuxarıdan verilən hökmlər nəticəsində ağına-bozuna baxmadan bütün din xadimlərini quruluşa zidd qüvvələr kimi hər yerdən qovublar. Onlara "müftəxor” damğası vurublar. Hətta "sinfi düşmən” kimi məhv ediblər. Həmin dövrdə Ağa Əlizadə də hücum və təqiblərə məruz qalıb. Nəhəyat, İkinci Dünya Müharibəsi illərində əvvəllər ləğv edilmiş bu İdarə müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa düşən bir qrup rəhbərin təklifi ilə 1944-cü ildə bərpa edilib. Bərpa edilən qurumun adı Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi olub. Ağa Əlizadə ikinci dəfə Ruhani İdarəsinin sədri seçilib və ona Şeyxülislam dini rütbəsi verilib.

Müstəqillik dövründə QMİ

QMİ hələ SSRİ dövründə islamı təmsil edən 4 regional dini qurumdan biri idi. Lakin məhz Azərbaycan dövlətinin dəstəyi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəsində 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşdi. Elə həmin il Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçildi. İdarənin səlahiyyət dairəsi Azərbaycan, Gürcüstan və Rusiya Federasiyasının Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniya subyektlərinin ərazilərini əhatə edir.


"Şeyxülislam Şərqin böyük nüfuz sahibi olan şəxsiyyətlərindən biridir”

Mövzu ilə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də xatırladıb ki, Qafqaz Müsəlmanları İdarəsinin sonuncu qurultayında və bütün Qafqazdan seçilən nümayəndələrin iclasında Hacı Allahşükür Paşazadənin ömürlük sədr seçilməsi ilə bağlı qərar qəbul edilib. O vurğulayıb ki, Şeyx tək Azərbaycanda deyil, ölkədən kənarda da böyük nüfuza malikdir: "Bu nüfuz Azərbaycanda islam dininin ayinlərinin normal həyata keçirilməsinə gətirib çıxarır. Şeyx eyni zamanda dinin dövlətdən ayrılması məsələsinə də xüsusi diqqət edir. QMİ buna uyğun fəaliyyət göstərir. QMİ sədrinin Azərbaycanın milli maraqlarını ölkədən kənarda layiqincə təmsil etməsi ona xüsusi status qazandırıb. Buna görə də Şeyx idarənin qurultayında ömürlük seçilib. Hacı Allahşükür Paşazadə ölkə başçısının siyasətini dəstəkləyən, Şərqin böyük nüfuz sahibi olan şəxsiyyətlərindən biridir. O, QMİ-də üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirir. Bundan sonra da belə davam edəcəyinə inanıram”.

İsmayıl