Onlar da duydular

Eşitmə və danışma məhdudiyyətli gənclər Cümhuriyyətin işığına toplaşdı
Mayın 28-də "Araxçın MMC/Deaf Community"nin təşkilatçılığı ilə "Nizami" Kino Mərkəzində eşitmə və danışma məhdudiyyətli gənclərlə birlikdə "Cümhuriyyətin 100 illiyi" münasibəti ilə təşkil edilən layihənin təqdimat mərasimi keçirilib.
Tədbirin açılışı "Deaf Community"nin rəhbəri Nuranə Abıyeva tərəfindən edilib. "Araxçın MMC"nin direktoru Fatimə Süleymanova gələn qonaqlara minnətdarlığını bildirib. Eşitmə və danışma məhdudiyyətli qonaqların tədbir müddətində deyilənləri rahat başa düşməsi üçün komandanın surdotərcüməçi və təlimçisi Şamil Sabirzadə canlı tərcümələr edib.
Təqdimatı izləməyə gələnlər arasında eşitmə və danışma məhdudiyyətli gənclər, valideynlər, "Həyat Fondu"nun təsisçisi, xeyriyyəçi Hacı Nuran Hüseynov, "Avrasiya Combat Jiu-Jitsu" Federasiyasının prezidenti, idman ustası, ictimai xadim və "Maliyyə Nazirliyi"nin baş məsləhətçisi Aqil Acalov, "Dəstək Olaq Xeyriyyə Təşkilatı"nın rəhbəri Aşura Hüseynova, jurnalist Xanlar Mehdiyev olub.
Layihənin rəhbəri "Deaf Community" komandasının surdotərcüməçi və təlimçisi Könül Quliyeva, ssenari müəllifi və videoqrafı isə Əli Xiləlidir. Könül xanım çıxışı zamanı layihənin ərsəyə gəlməsində əsas məqsədin eşitmə və danışma məhdudiyyətli olsalar da, hər bir gəncin vətəninə, torpağına bağlılığını, sevgisini bildirmək üçün heç bir məhdudiyyətin olmadığını deyib.
Yeganə Bayramova