Onlar deputatlardan çox əməkhaqqi almalıdır

Ölkəmizdə 100 min nəfərə 6 hakim düşürsə, bu azdır
Ekspertlər bu sahədəki problemi maaşın azlığı ilə bağlayırlar



Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda hakimlərin sayının az olduğunu deyib.
O bildirib ki, hazırda ölkəmizdə 540-550 hakim var: "Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir”.

Ölkəmizdə hakim çatışmazlığı problem olaraq qalıb. Bu çatışmazlıq məhkəmə proseslərinin obyektivliyinə də mənfi təsir göstərir.

Maraqlıdır, ölkəmizdə hakimlərin az olmasına səbəbi nədir? Fikirlərini "Şərq”lə bölüşən hüquqşünaslar səbəb olaraq müxtəlif arqumentləri qeyd ediblər.

Övladının məktəb ləvazimatlarını almaq üçün bankdan kredit götürən hakimlər var
Hüquqşünas Adəm Məmmədovun fikrincə, Azərbaycanda hakimlərin sayının az olmasının yalnız bir səbəbi var. Bu, hakimlərin sosial təminatının olmamasıdır: 

"Hər bir hüquqşünas hakim olmaq istəyər. Hətta müstəntiq, prokuror belə sonda hakimlik kimi ən üstün və şərəfli peşəyə sahib olmağı arzulayır. Bu gün hakimlərin, ümumiyyətlə, hakimliyə namizədliyini verənlərin sayı azalır. Hansısa şirkətdə çalışan şəxsin maaşı hakimin maaşına bərabərdir. Birinci kateqoriyalı hakim 1200 manat əmək haqqı alır. Düzdür, çoxları deyəcək ki, başqa sahələrdə də belədir. Amma deputatlardan fərqli olaraq hakimlərin maaşı yüksək olmalıdır. 

Çünki hakimlər deputatlara nisbətən hər gün qərar qəbul edirlər. Onlar insan taleyinə baxır, neqativ hallar yaşayır, həyəcan və stres keçirirlər. Dünyada ən ağır peşələrdən biri məhz hakimlikdir. Həqiqətən də hakimin tam ədalətli qərar qəbul etməsi üçün, ümumiyyətlə, uşaqlarının təhsil haqqını rahat ödəməsi üçün sosial təminatı yaxşı olmalıdır. 

Hakim tanıyıram ki, övladına məktəb ləvazimatı almaq üçün bankdan kredit götürmüşdü. Təsəvvür edin bu nə deməkdir. Hakimlərin məsuliyyəti çox, əmək haqları isə aşağıdır. Şəxsən mən hakim kimi çalışmaq istəmərəm. Hakimlər göstərdikləri zəhmətin qarşılığını ala bilmirlər. Bir çox ölkələrdə hakimlərə əməkhaqqı verilmir. Amma onlar həddi aşmamaq şərti ilə istədiyi məbləği qəbzə yazır və bankdan pul alırlar”.

Vəkil bildirib ki, hakimlərin maaşları az olduğu halda onların heç biri ədalətli qərar qəbul edə bilmirlər: 

"Bu problem yalnız ölkəmizdə deyil, dünyanın bir çox yerlərində var. Digər ölkələrdə də hakimlər ədalətsiz qərar qəbul edə bilərlər. Bizdə adi məişət söhbətlərində də hakimlərə müdaxilə edirlər. Ona görə də qorxmaq lazımdır ki, bundan sonra bəlkə 100 nəfər hakim işdən çıxsın.
Hakimlərin sosial təminatı ilə bağlı problemlərdən biri də onların kitabxana ləvazimatları ilə təmin edilməməsidir. Lazım olan ləvazimatları öz pulları ilə alırlar”.

Düşünmürəm ki, hakimlərin sosial təminatı azdır

Hüquqşünas İradə Cavadova isə ölkəmizdə hakimlərin az maaş almadıqlarını deyib: "Azərbaycanda hakimlərin normal sosial təminatları, müvafiq statusları var. Düzdür, bir neçə il bundan öncə hakimlərin maaşının artırılması ilə bağlı söhbət gedirdi. Düşünürəm ki, hakimlərin maaşı yüksək olmalıdır. Çünki onların iş yükləri həddindən artıq çoxdur”.

Vəkilin sözlərinə görə, ölkəmizdə hakimlərin az olması bu sahədə çalışmaq istəyənlərin azlığından irəli gəlmir:

 "Hakimlərin az olmasına səbəb bu peşədə çalışmaq üçün lazım olan prosedurların kifayət qədər uzun olmasıdır. Məsələn, hakimliyə namizədlər yazılı və şifahi imtahan verirlər, kurslardan keçirlər və yenidən imtahan verirlər. Son məqamda isə gözləmə olur. Yəni yerlər boşalmalı, hansısa ştatlar artırılmalıdır ki, namizədlər gedib işləsinlər. Bildiyim qədər bir çox hakimliyə namizədlər hazırda təyinatlarını gözləməkdədirlər.

Təbii ki, ölkəmizdə 100 min nəfərə 6 hakim düşürsə, bu azdır. Amma 6 nəfəri birdən-birə 20 etmək də çətin məsələdir. Çünki hakimlər hazır olmalı, müəyyən təcrübələrdən keçməlidirlər. Bunun üçün bir az zaman lazımdır”.

İ.Cavadova həmçinin bildirib ki, ölkəmizdə məhkəmə binaları ilə bağlı da müəyyən çatışmazlıqlar mövcuddur: 

"Hazırda bir neçə köhnə binalarımız var ki, orda hakimlərin normal şəraitdə işləməsi mümkün deyil. Məsələn, regionlarda və paytaxtın özündə yeni binalar hazırlanmayıb. Hər bir hakimin şəxsi iş otağı, köməkçisi olmalıdır. Bundan əlavə məhkəmə zalları da olmalıdır. Məlumdur ki, bir çox məhkəmələrdə zalın olmaması müəyyən problemlər yaradır. Sumqayıt məhkəməsində belə problemlər daim olur. Qubadlı məhkəməsi bir binadadır və hər zaman orda növbə gözləmək lazımdır. Hakim prosesi keçirmək istəyir, amma alınmır. Yəni şərait daha yaxşı və daha mükəmməl qurulmalıdır. Bununla yanaşı, hakimlərin əmək haqları bir az da artmalıdır. Onsuz da maaşların artmasına dair planlar var. Ona görə də hakimlərin sayında azalma yox, əksinə, çoxalma müşahidə olunur”.

Yeganə Bayramova