"Klub üzvləri Rusiyanın milli-maraqlarına zidd addımlar ataraq, aldıqları vəsaitlər hesabına öz dövlətlərinin maraqlarını satırlar"
"Rusiyada olan bəzi ermənipərəst siyasi dairələr və onların təmsilçiləri ciddi-cəhdlə çalışırlar ki, süni yollarla Moskva-Bakı arasındakı müsbət əlaqələrə zərbə vursunlar və korlanan İrəvan-Moskva münasibətlərini düzəltsinlər”.
Bunu "Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir. Bunun əksinə Rusiya-Ermənistan əlaqələri tarixdə ilk dəfə olaraq ciddi şəkildə korlanıb. Həm ikitərəfli münasibətlər formatında, həm də KTMT çərçivəsində eyni tendensiya müşahidə olunmaqdadır:
"Lazarev klubunun” iclas keçirməsinin məqsədi budur. Zatulun, Kazimirov və Yevseyev kimi şəxslər ermənilərin əlində alətə çevriliblər. Bu cür şəxslər hər zaman ermənilərin maliyyə dəstəyi hesabına fəaliyyət göstəriblər, Dumaya deputat seçiliblər. Məlumdur ki, həmin iclasda növbəti dəfə Azərbaycan əleyhinə fikirlər söylənilib, dövlətimizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı zərərli bəyanatlar səsləndirilib. Eyni zamanda Ermənistanı müdafiə edən açıqlamalar gündəmə gəlib. Tədbirə qondarma rejimin təmsilçilərinin də qatılması Rusiyadan gələn üzdəniraq şəxslərin hansı qütbün adamları olduğunu göstərir.

Onlar əslində Rusiyanın milli-maraqlarına zidd addımlar atan, aldıqları vəsaitlər hesabına öz dövlətlərinin maraqlarını satan qüvvələrdir, müəyyən siyasi dairənin təmsilçiləridir. Təbii ki, bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz var. Ancaq Dövlət Dumasının Zatulin kimi deputatları ikili əlaqələrə ziyan vururlar”.
Qeyd edək ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib. Azərbaycan XİN bu təşəbbüsü pisləyib və belə görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.
İsmayıl