"Onlar heç vaxt böyüməyəcəklər” kitabının motivləri əsasında sənədli film...




Tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan, Xocalı soyrımınıdan bəhs edən xeyli sayda filmlər və kitablar ərsəyə gəlib. Lakin, bu günə qədər soyqrımda qətlə yetirilmiş uşaqların həyatı hansısa bir filmdə öz əksini tapmayıb.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyələşdirdiyi və Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi olan sənədli film çəkilib. O gecədən illər aylar ötsə də, qaysaq bağlamayan yaralar qövr edir, göyüm-göyüm göynəyir. "Onlar heç vaxt böyüməyəcəklər” filmində Xocalı soyqrımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatı öz əksini tapmışdır. Bu uşaqların həmin gecə necə öldürülmələri ilə bağlı dəhşətli səhnələr və şahidlərin çıxışları göstərilib. Filmin sonluğu isə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində və Murov dağının ətəyində çəkilib.

63 uşağın taleyindən bəhs edən film əslən Xocalıdan olan, dəhşətli gecənin içərisindən keçib gələn Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər” kitabının motivləri əsasında çəkilib. Filmin rejisoru isə Etibar Bəşirli və Əziz Orucovdur.

2005-ci ildə "Çaşıoğlu” nəşriyyatında Azərbaycan, rus və ingilis dillərində nəşr olunan bu kitab MDB dövlətlərində, eləcə də Avropa ölkələrində yayımlanmışdır.

Qeyd edək ki, Xocalı soyqrımının 25 illiyi ilə bağlı dünyanın bir çox ölkələrində tədbirlər keçiriləcəkdir. Çəkilən film Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycanın dünyadakı Fövqəladə və Səlahiyyətli səfirliklərinə göndərilərək yayımlanacaq.

Yeganə Bayramova