"Onların jurnalistlərlə bağlı tənqidlərini qəbul edə bilmirəm"





"Jurnalistləri tənqid edənlər kifayət qədərdir. Amma baxır, tənqidi kim səsləndirir”.

Bunu "Sherg.az”a Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. O xatırladıb ki, ölkədə peşəkar jurnalistlərin sayı çoxdur:

"Jurnalistika dövrün güzgüsüdür, baş verən olayları ölkə ictimaiyyətinə çatdırır. Ölkə başçısı İlham Əliyev də jurnalistlərlə görüşündə demişdi ki, siz mənim köməkçilərimsiniz.

Mediada peşəkarlarla yanaşı, müəyyən nöqsanları olan, mətbuata qoyulan tələblərdən uzaq jurnalistlər də var. Bəzi məsələlərdə təbii ki, jurnalistlərin də xoşagəlməz addımları olur, balans prinsipini pozurlar və s. Lakin ümumən jurnalistləri tənqid edən şəxslərin əlində əsası olmalıdır.

Məsələn, şou nümayəndələri jurnalistləri davamlı tənqid edirlər. Jurnalistika tənqidə açıqdır. Amma şou nümayəndələrinin jurnalistlərlə bağlı tənqidlərini qəbul edə bilmirəm. Çünki onları da məhz jurnalistlər şişirdib. Ona görə, burada bəlkə də jurnalistlərin özlərinin də günahı var.

Jurnalist jurnalist kimi fəaliyyət göstərməlidir. Kütləvi İnformasiya Vasitələri cəmiyyəti maarifləndirməli, baş verən olayları insanlara çatdırmalıdır. Jurnalistikanın prinsipinə uyğun, jurnalist qərəzsiz, obyektiv olmalıdır. Həmin şou nümayəndələrinin də öz sahələri var, bu sahədə işləməli, peşəkar olmalıdırlar. Onların missiyası cəmiyyətin əylənməsinin iştirakçısı olmaqdır. Kiminsə kiməsə ağıl öyrətməsi, yol göstərməsi qəbul edilən deyil. Qeyd etdiyim kimi jurnalistlər həmin insanları məhz o dərəcəyə çatdırıblar”.

Qeyd edək ki, son zamanlar jurnalistləri, ümumiyyətlə medianı tənqid edənlərin sayı artıb. Xüsusilə şou nümayəndələrinin jurnalistlərin fəaliyyəti ilə bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmır. Sosial şəbəkələrdə və cəmiyyətdə müzakirə olunan bu məsələ media cameəsinin də narazılığına səbəb olur.

Aysel Aslan