Onu boynubükük xatırlamaq istəmirik

Adını qorumaq üçün Qurban Qurbanov " Qarabağ"dan getməlidir




Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ölkəmizi təmsil edən "Qarabağ” növbəti oyuna çıxıb. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın "Vorskla” klubunu qəbul edib.
Əvvəlki iki görüşdə uduzan Ağdam təmsilçisi bu oyunda ilk xalını qazanmağa çalışıb. Lakin qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Poltova təmsilçisi üçün tarixi qələbə olub. Komanda Avroliqanın qrup mərhələsində ilk dəfə qələbəyə sevinib. "Qarabağ" isə məğlubiyyətlə qrupdan çıxmaq şansını xeyli çətinə salıb.

Futbol izləyiciləri baş tutan oyunla bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri qonaq komandaya məğlubiyyətin utandırıcı olduğunu bildirib. İzləyicilər "Vorskla”nın "Qarabağ”dan qat-qat zəif komanda olduğunu əsas gətirərək futbolçularımızın məğlub olmasının heç də yaxşı hal olmadığını deyiblər. Komandamızın nə üçün "qara” zolağa düşməsi hər kəsi maraqlandırır. Müzakirələr zamanı oyun planının düzgün qurulmadığını söyləyənlər kimi, məğlubiyyətin əsas səbəbkarı olaraq Q.Qurbanovun taktikasının yanlış olduğunu da bildirənlər var.

Daimi futbol izləyicilərindən olan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, futbol yeganə oyun növüdür ki, insanlar onun üçün hətta dövlətlərarası münasibətləri belə korlaya bilərlər: 

"Təəssüf ki, hər birimizə doğma olan "Qarabağ” FK bizi üzməyə başlayıb. Onsuz da insanlar 26 ildir Qarabağ niskilinə ağlayır. Amma indi buna futbol klubu da daxil oldu. Məğlubiyyətin səbəbi çoxdur. Başda isə özündən razılıq gəlir. Çünki klubun üzvləri Çempionlar Liqasına və Avroliqaya vəsiqə qazanandan sonra işlərini bitmiş hesab edirlər. "Qarabağ”ın oyunçuları özlərini elə aparırlar ki, elə bil çempionlar liqasının kubokunu qazanıblar, ya da hansısa mötəbər yarışın qalibidirlər. Bizim futbolçular azarkeşlərə elə xitab edirlər ki, heç onu "Real Madrid”in, "Barselona”nın, "Milan”ın oyunçuları eləmir”.

K.Əsədov bildirib ki, "Qarabağ” klubu bir neçə illik uğurlu seriyadan sonra missiyasını tamamlamış hesab edir: 

"Amma futbol bitmir. Baş məşqçi eyni oyunu nümayiş etdirib həmişə fərqli nəticə gözləyir. Düşünürəm ki, Qurban Qurbanov eyni zamanda həm "Qarabağ” klubunda, həm də milli yığmada uğurlu nəticə göstərə bilməz. Milli yığmaya rəhbərliyində "Qarabağ”dan başqa digər klublara qarşı açıq biganəlik var. Onlardan oyunçu dəvət olunmur. Bizim futbolçuları aldıqları yüksək məvaciblər arxayın salıb”.
Ağdam klubunun böyük gəlirlər qazanmasına baxmayaraq ciddi transferlər etmədiyini vurğulayan K.Əsədov bildirib ki, "Qarabağ” lazımsız, perspektivi olmayan oyunçuları komandaya cəlb edib: "Klubların uşaq futbolunun səviyyəsi aşağıdır. Hesab edirəm ki, qış transferi vaxtı komandaya ciddi oyunçular cəlb olunmalıdır. "Qarabağ” bir çox özündən razı və zəif oyun nümayiş etdirən futbolçularla yollarını ayırmalıdır.

"Qarabağ” öz meydanında Ukrayna klubuna uduzduqdan sonra Qurban Qurbanovun boynubükük siması hamımızı çox məyus etdi. Bəlkə də o təcrübəli məşqçimiz "Qarabağ”ın qələbəsi üçün əlindən gələni etməyə hazırdır. Amma onun tükəndiyini düşünürəm. Artıq klubu dəyişməyinin vaxtıdır. Qurbanov bizim üçün şanlı futbol tarixi yazıb. 

Məncə, adını qorumaq üçün klubdan getməlidir.

Azərbaycan Qafqazda yeganə ölkədir ki, klubu 5 il dalbadal UEFA liqalarında oynayır. Bu, şanlı və uğurlu tarixdir. Lakin onlara haqq verilmir ki, bu qədər məsuliyyətsiz olsunlar. Hazırda futbolçuların məsuliyyəti hiss olunmur. "Qarabağ” Avropa Liqasında ardıcıl 3-cü dəfə məğlub oldu. Əgər bir hal 3 dəfə baş verirsə, deməli, həqiqətən də ciddi problem var”.

Millət vəkili, "Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas "Qarabağ”ın məğlubiyyətində Q.Qurbanovun günahkar olduğunu düşünür: 

"Ukrayna futbolu hər zaman Azərbaycan futbolundan yüksək səviyyədə olub. Amma həqiqətən də "Qarabağ” "Vorskla” klubundan güclü idi. Sadəcə olaraq dünənki oyunun taktikasında və planında səhvlər var idi. Dünən Türkiyənin "Beşiktaş” klubu da öz meydançasında 4:2 hesabı ilə məğlub oldu. Hansısa məğlubiyyət olan zaman komandanı pisləmək lazım deyil. Oyunun 1-ci hissəsində "Qarabağ” yaxşı oyun nümayiş etdirdi. 2-ci hissədə isə nə etdiklərini və meydana nə üçün çıxdıqlarını anlamadım. Oyun planında Qurban Qurbanovun da səhvləri var idi”.

A.Abbasın sözlərinə görə, nə qədər ki, "Qarabağ” Bakı Olimpiya Stadionunda oynayacaq, o zamana qədər məğlub olacaq: 

"Vorskla” klubu ölkəmizdə qonaq idi. Amma "Qarabağ” da Olimpiya Stadionunda qonaq sayılır. 70 minlik nəfərlik stadionda 22 min adam var idi. "Qarabağ” futbolçuları heç o qədər azarkeşlərin səsini eşitmirdi. Komandaya bəraət vermək istəmirəm. Çünki oyunda böyük nöqsanlar var idi. Ona görə də məğlub oldular. Amma "Qarabağ” Olimpiya Stadionundan imtina edib, Tofiq Bəhramova qayıtmalıdır”.

Millət vəkili bildirib ki, hansısa komanda məğlub olarkən izləyicilərin oyunçulara qarşı təqhiredici ifadələr səsləndirməsi düzgün deyil: 

"Ona qalsa, gərək "Beşiktaş”ın azarkeşləri axırıncı məğlubiyyətə görə futbolçuları məhv edəydilər. Futbolu sevən və bilən bir adam kimi deyirəm ki, Azərbaycanda 15 şəxsin futbolla bağlı geniş anlayışı varsa, onlardan biri mənəm. Ölkəmizdə futbol məhv olub. Məsələn, bir insan həftədə 4 dəfə eyni yeməyi yeyə bilməz. Azərbaycanda 8 futbol komandası var. Bu komandalar 6 ay içində 4 dəfə bir-biri ilə oynamalıdırlar. Belə çempionat olmaz axı. Azərbaycan futbolunda eyni adamlarla nə qədər oynamaq olar? Komandaların da hamısı zəifdir. Belə komandalarla oynayanda "Qarabağ” gedib "Arsenal” kimi komandaya qalib gəlməlidir? Gərək güclü komandalarla oynasınlar ki, onların oyun prinsipi dəyişsin”.

Yeganə Bayramova