OPEK iyunda neft hasilatını artıra bilər. Bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq. 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb. Sözügedən məsələ Sankt-Peterburqda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olub. OPEK-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.
Bəzi eksperltər hesab edirlər ki, OPEK-in neft hasilatını artırması dünya bazarında neftin qiymətinin ucuzlaşmasına səbəb ola bilər.
İqtisadçı-ekspert Pərviz Heydərov isə "Sherg.az"a açıqlmasında bildirib ki, neftin qiymətinin bahalaşmasında heç bir iqtisadi səbəb mövcud deyil:
"Neftin qiymətinin qalxması əasən neft hasilatçıları olan dövlətlərdə və ya həmin ərazilərdə baş verən siyasi proseslərlə bağlıdır. ABŞ-ın İrana qarşı sanksiyaları, Koreya yarımadasındakı hadisələr, İsrail və Fələstin arasındakı və digər belə siyasi çəkişmələr neftin qiymətlərdə artım yaratdı. İstər Avropa İttifaqı ölkələrində, istərsə də Çinin özündə xam neft hasilatında artım müşahidə edildi.
Ümumiyyətlə, dünya iqtisadiyyatı üzrə neft istehsalında artım qeydə alınmaqdadır. Hesab edirəm ki, neftdə təklif cəhətdən elə bir ciddi problem yoxdur. Amma neftin qiymətinin bir ara düşməsinin qarşısının alınmasında OPEK üzvü olan və olmayan neft hasilatçıları ölkələrinin 2016-cı ilin ikinci yarısından etibarən hasilatı azaltmaları haqqında müvafiq addım atmaları zəmin yaratdı.
Məhz bu addımın nəticəsində neftin qiyməti 50 dollar civarında stabilləşdi. İndi real vəziyyətlə bağlı OPEK-in üzüvləri hasilatı artırmaq haqqında müvafiq olaraq geriyə doğru yəni, əvvəlki addımının tam əksi olaraq qərar qəbul edir.
Əslində bu qərarın qəbul edəcəyi gözləniləndir. Çünki neftin qiymətinin hədsiz qalxması ABŞ-ın WTİ neftinin hasilatının prespektivini genişləndirir. ABŞ-da WTİ neft hasilatı artsa, müvafiq investisiyaların cəm olunmasına zəmin yaradacaq.
Bu isə o deməkdir ki, avtomatik olaraq yaxın prespektivdə OPEK tərəfindən təklifin idarə olunmaması kimi bir hal yarana bilər. Yəni ABŞ bazara hədsiz WTİ neft çıxara bilər. Ona görə də, OPEK gələcəkdə bazarı əlindən çıxmaması üçün belə bir addım atdı. İndiyə kimi tələb və təklifin idarə etmək rejimində olan bu təşkilat hər halda dolayı yolla sübuta yetirdi. Bunun baş verməməsi üçün iyun ayındakı iclasında əks qərarı yəni, hasilatı artırması haqqında qərarın qəbul edəcəyi gözləniləndir. Bəlkə də bu qərar haradasa zəruridir”.
Kənan Eynuroğulu