Təbriz Vəfalı: “Təkcə Müdafiə Nazirliyinin deyil, Azərbaycan Respublikasının digər hərbi birləşmələri, strateji obyektləri də cəmiyyətə və mediaya qapalı olmalıdır”Məmməd Gülməmmədov: “Nəyisə gizlətməklə onun həllinə nail olmaq mümkün deyil, özümüzü aldatmayaq”
(Əvvəli ötən sayımızda)
Milli Məclisin son iclasında yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub. Həmin iclasda çıxış edən müdafiə nazirinin müavini, general Kərim Vəliyev deyib ki, ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq: "Biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”. Orduya ictimai nəzarət haqqında danışan general bildirib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur:
"Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-yə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.
Spiker Oqtay Əsədov isə Milli Məclisin hərbi məsələlərdə özünü məsuliyyətli saydığını diqqətə çatdırıb və generalı narahat olmamağa çağırıb: "Unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Milli Məclisdə çıxışlar edilir. Amma bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar”.
İclasda peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin ordu haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.
Bir qrup deputat müharibə şəraitindən dolayı ordunun qapalı qalmasını, medianın ordu ilə bağlı hər şeyi açıq yazmasının yanlış olduğunu dilə gətirsə də, digər deputatlar bildiriblər ki, ordu cəmiyyətə, xüsusən mediaya açıq olmalıdır. Əks halda orduda gedən proseslərlə bağlı ictimaiyyətdə müəyyən dezinformasiyalar yayılır. Mövzu KİV nümayəndələri arasında da birmənalı qarşılanmayıb.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələr haqqında” qanun layihəsi barədə müzakirələrə qoşulub:
"Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.
S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır:
"Ordu nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Silah növləri mütəmadi dəyişir, müasirləşir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil.
Bunun üçün mütəxəssislər müqavilə əsasında orduya cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-ləri cəlb etmək lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin”.
Deputat müdafiə nazirinin mülki şəxs təyin edilməsi barədə təkliflərə də münasibətini bildirib.
O deyib ki, müharibə şəraitində olan ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır: "Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi, ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yer vermək mümkün deyil. Ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar məlumatlar yaymamalıdır”.
Tanınmış tədqiqatçı jurnalist, ehtiyatda olan baş leytenant, "www.azim.az” portalının baş redaktoru Təbriz Vəfalı isə hesab edir ki, informasiya müharibəsində qələbə qazanmaq və üstünlüyü əldə saxlamaq üçün elektron və yazılı media orqanlarının əməkdaşları ilə sıx əməkdaşlıq etmək lazımdır.
Lakin ekspert müharibə şəraitində olan Azərbaycanda ordunun cəmiyyətə və mediaya açıq olması barədə deputatların dediklərini qəbul etmədiyini deyib. Onun sözlərinə görə, hərbi telekanal və ya internet televiziyasının yaradılması, ordumuzla bağlı xəbərlərin və çəkilişlərin müxtəlif dillərdə yayımlanması siyasi və hərbi nüfuzumuzun artmasında və vətəndaşlarımızın orduya inamının güclənməsində mühüm rol oynaya bilər:
"Bu məsələdə problem dövlət və hərbi sirlərin qorunması, hərbi qulluqçularımızın, strateji hərbi obyektlərin, hərbi hissələrin və bazaların təhlükəsizliyinin təmin edilməsidir. Xatırlatmaq istəyirəm ki, elan olunmamış Qarabağ müharibəsinin başladığı ilkin dövrlərdə hərbçilərimizin tutduqları döyüş mövqeləri, silah-sursat, hərbi texnika və digər hərbi məsələlərlə bağlı məqalələrin yazılması və fotoşəkillərin çəkilməsi, onların qəzetlərdə dərci, televiziya çəkilişlərinin aparılması, radioxəbərlərin yayımlanması Azərbaycana çox baha başa gəldi. Ona görə də müharibə şəraitində olan Azərbaycanda ordunun cəmiyyətə, mediaya açıq olması barədə deputatların dediklərini qəbul etmirəm. Təkcə Müdafiə Nazirliyinin deyil, Azərbaycan Respublikasının digər hərbi birləşmələri, strateji obyektləri də cəmiyyətə və mediaya qapalı olmalıdır. Mən bu fikirləri həm zabit, həm də jurnalist kimi bildirirəm. Jurnalistlər yazmağa başqa mövzu tapa bilmirlərmi?
Deputatların başqa işləri-gücləri yoxdurmu? Madam millət vəkilləri ordunun cəmiyyətə və mediaya açıq olmasını istəyirlər, onda dövlət sirrinin, hərbi sirrin qorunması ilə bağlı qanunvericilik sənədlərinin dəyişdirilməsini də gündəmə gətirsinlər. Çünki qanun dövlət və hərbi sirrin yayılmasını qəti qadağan edir və buna görə məsuliyyət daşınır. Deputatlardan soruşuram, əgər hər hansı bir media orqanının, jurnalistin ordu haqqında yazdığı və yaydığı xəbərdən sonra hərbi qulluqçuların həyatları ciddi təhlükə altında qalarsa, ordunun mediaya açıq olmasını istəyən millət vəkilləri buna görə məsuliyyəti öz üzərlərinə götürəcəklərmi? Təbii ki, xeyr. Həmin deputatlar getsinlər öz seçicilərinin problemləri ilə maraqlansınlar. Ölkəmizdə mövcud olan problemlər barədə məsələ qaldırsınlar, təkliflər irəli sürsünlər və layihələr hazırlasınlar. Əgər həmin deputatlar bu cür açıqlamalarla media orqanlarına daha yaxın olacaqlarını düşünürlərsə, yanılırlar”.
Təbriz Vəfalı Müdafiə Nazirliyi, Respublika Baş Prokurorluğu, Hərbi Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət koordinasiya şurasının yaradılmasını təklif edib:
"Həmin şuranın nəzarəti altında Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi qulluq keçmiş, ehtiyata buraxılmış və hazırda ölkə mediasının tanınmış simalarından olan populyar jurnalistlərin ordu ilə bağlı xəbərlər və yazılar yazmasına şərait yaradılmalıdır. Çünki onlar hərbi sirrin nə olduğunu, nəyi yazmağın, nəyi danışmağın, nəyin şəklini çəkməyin vacib olduğunu digər jurnalistlərdən, xüsusilə də xanım jurnalistlərdən daha yaxşı bilirlər. Hər şey ciddi nəzarət altında olmasa, hərbi sirrin qorunması və hərbi təhlükəsizliyimiz ciddi təhlükə altına düşər”.
Azərbaycanın müharibə şəraitində olduğunu qeyd edən Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov da deyib ki, media nümayəndələri Silahlı Qüvvələrlə bağlı material hazırlayarkən ikiqat məsuliyyətli olmalıdır. Ancaq ordudakı mövcud problemləri gizlətmək də çıxış yolu deyil: "Biz media nümayəndələri həmin problemləri işıqlandırmalıyıq ki, həllinə nail ola bilək. Təbii ki, dövlət əhəmiyyətli məlumatları, hərbi sirləri əldə etsə belə, jurnalistin bu barədə xəbər hazırlaması milli maraqlara uyğun deyil. Ancaq hansısa bir kadr seçimi, korrupsiya, əsgərlərə qarşı kobud rəftarla bağlı məlumatların ictimaiyyətdən gizlədilməsini məqsədəuyğun hesab etmirəm. Belə hallar barədə məlumat əldə edən jurnalist mütləq araşdırma aparıb, problemi işıqlandırmalıdır ki, məsul şəxslər üzərlərində daha çox məsuliyət hiss etsinlər. Nəyisə gizlətməklə onun həllinə nail olmaq mümkün deyil, özümüzü aldatmayaq”.
M.Gülməmmədovun sözlərinə görə, Azərbaycan mediasına ordudan yazmaq qadağası da yoxdur. Sadəcə, ölkəmiz müharibə şəraitində olduğu üçün ordu ilə bağlı yazılan xəbərlərə həssas yanaşmalıyıq ki, düşmənin dilinə söz verməyək:
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinə edilən dəyişikliklər normaldır. Onsuz da biz media nümayəndələri bu qaydaların hər birinə əməl edirdik. Son zamanlar Müdafiə Nazirliyinin mətbuat xidməti öz operativliyini və çevikliyini xeyli dərəcədə artırıb. Nazirliyin elektron adresinə göndərdiyimiz bütün sorğulara vaxtında cavab ala bilirik. Əgər həmin mövzunu işıqlandırmaq uyğun deyilsə, bu barədə də öz mövqelərini bəyan edirlər”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb