Ordu mətbuat üçün qapalı olmamalıdır

Ələsgər Məmmədli: “Nazirliyin narahatçılığı varsa, yayılan dezinformasiyalardan zərər görməsi ilə bağlı müraciət yayması başadüşüləndir”
Niyaz Niftiyev: “İxtisaslaşmış jurnalistlərin hərbi hissələrə girib-çıxmalarında problem görmürəm”






Azər Həsrət: "Müdafiə Nazirliyi informasiya siyasətinə yenidən baxmalıdır”

Elçin Zahiroğlu: "Bizim bu problemimiz yoxdur”

Milli Məclisin son iclasında yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Həmin iclasda çıxış edən müdafiə nazirinin müavini, general Kərim Vəliyev deyib ki, ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq: "Biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Orduya ictimai nəzarət haqqında danışan general bildirib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur: "Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-yə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Spiker Oqtay Əsədov isə Milli Məclisin hərbi məsələlərdə özünü məsuliyyətli saydığını diqqətə çatdırıb və generalı narahat olmamağa çağırıb: 

"Unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Milli Məclisdə çıxışlar edilir. Amma bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar”.
İclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin ordu haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.

Bir qrup deputat müharibə şəraitindən dolayı ordunun qapalı qalmasını, medianın ordu ilə bağlı hər şeyi açıq yazmasının yanlış olduğunu dilə gətirsə də, digər deputatlar bildiriblər ki, ordu cəmiyyətə, xüsusən mediaya açıq olmalıdır. Əks halda orduda gedən proseslərlə bağlı ictimaiyyətdə müəyyən dezinformasiyalar yayılır. 

Mövzu KİV nümayəndələri arasında da birmənalı qarşılanmayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevun fikrincə, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq:

 "Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib. "Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımi şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

Azərbaycan Silahlı Qüvvələri ilə bağlı məlumatların yayılmasından danışan "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ordu ilə bağlı istənilən mövzuda diqqətli olmaq lazımdır. Rəsmən təsdiq edilməmiş məlumatı yaymaq düzgün deyil.

Baş redaktor vurğulayıb ki, kiminsə subyektiv fikrinə, baxışlarına əsaslanan formada ordu haqqında informasiyaların yayılmasının əleyhinədir:

"Rəsmi məlumatların mətbuatda səsləndirilməsi daha məqsədəuyğundur. Amma təbii ki, Müdafiə Nazirliyinin özü və aidiyyəti qurumları operativ olmalı, lazımi məqamda lazımi məlumatı yaymalıdır. Elə məqamlar var ki, məlumatın 1 saat gec və ya tez verilməsi də prosesə təsir edir. Amma istənilən halda ordu ilə bağlı sayt və qəzetlərdə fərdi yanaşmanın deyil, rəsmi məlumatın verilməsi daha məqsədəuyğundur”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin qənaətincə, belə məsələlərdə sülh dövrü və müharibə şəraiti faktoru mühüm rol oynayır: 

"Müharibə şəraitində ordu və media davranışlarının öz şərtləri var. Bütün dünya ölkələrində müharibə şəraitində xəbər yayımına müəyyən məhdudiyyətlər tətbiq edilir və bunun hüquqi əsasları var. Amma burada söhbət informasiyanın tam qapalı tutulmasından getmir, söhbət informasiyanın müvafiq rəsmi qurumlarla dəqiqləşdirilməsindən gedir. Sülh şəraitində də ordu və media münasibətlərində müəyyən çərçivələrin gözlənilməsi şərtdir. Məsələn, əməliyyat planları, ordunun dislokasiyası və sair kimi məsələlər qorunması qanunla müəyyən edilən informasiyalardır və bunların yayımında məhdudiyyətlər var. Ancaq orduda heyətə olan münasibət kimi bəzi mövzular var ki, bu yöndə müzakirələr qapalı tutula bilməz. Bunu nə qanun məhdudlaşdırır, nə də praktiki baxımdan mümkündür. Ordu elə bir təsisatdır ki, burada bütün ailələrin təmsilçiləri var. Hər kəs nə baş verdiyini çox yaxşı bilir. Burada məhdudiyyət tətbiq etmək yox, əksinə, media ilə əməkdaşlıq etmək daha faydalıdır. Məsələn, hər hansı bir problemi əks etdirən şayiə xarakterli informasiya yayılıbsa, medianın araşdırma aparıb həqiqəti cəmiyyətə çatdırması daha faydalıdır, nəinki məsələni qapalı saxlamağa cəhd etmək.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də deyib ki, ordu ilə bağlı həqiqəti əks etdirməyən xəbərlər, dezinformasiyalar yaymaq KİV-in vəzifəsi deyil:

"Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda da qeyd olunub ki, KİV birmənalı olaraq qərəzsiz, obyektiv və balanslı, dəqiq məlumat yaymalıdır. Bu baxımdan cəbhə xətti və ölkənin müdafiə sistemi ilə bağlı yayılan xəbərlərdən nazirliyin narahatçılığı varsa, yayılan dezinformasiyalardan zərər görməsi ilə bağlı müraciət yayması başadüşüləndir. Amma bu, hüquqi sənəd kimi də qəbul edilməməlidir. Ən azından qanunla bu mümkün deyil. 

Əgər media nümayəndələri arasında kimsə düşünürsə ki, ordu ilə bağlı dezinformasiyaların, dəqiqləşdirilməyən xəbərlərin, yaxud da açıqlanması ölkənin maraqlarına zidd olan məlumatların yayılması ordumuzun xeyrinədir, yanılır. 

Yanlış informasiyalar hər şeydən əvvəl cəmiyyətdə inamsızlıq yaradır. KİV-in məsuliyyətini və etibarını aşağı salır. O cümlədən də haqqında dezinformasiya yayılan quruma zərər verir. Hesab edirəm ki, nazirliyin mediada ordumuzun müdafiə qabiliyyəti ilə bağlı həqiqətə söykənməyən məlumatların yer almasından narahatçılığı və adekvat müraciəti normaldır. Qeyd etdiyim kimi, bu, hüquq müstəvisində öz həllini tapacaq məsələ deyil. İctimai münasibətlər müstəvisində mediaya ünvanlanmış açıq müraciətdir”.

Ekspert hesab edir ki, Müdafiə Nazirliyi ordu ilə bağlı sistemli şəkildə dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır. Hər gün brifinqlər keçirilməli və cəbhədə baş verən hadisələrlə bağlı jurnalistlərə əhatəli məlumat verilməlidir. Ancaq bu yolla yanlış informasiyaların qarşısını almaq olar.

"Azadinform” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev isə Azərbaycan Silahlı Qüvvələrinin tam qapalı olmasının əleyhinə olduğunu deyib: 

"Ordu cəmiyyət, xüsusən də media üçün açıq olmalıdır. Çünki ordu cəmiyyətin üzvlərindən formalaşır, insanlar nə baş verdiyindən xəbərdar olmalıdır.
Vətəndaş cəmiyyətinin üzvləri, xüsusən də bu sahədə ixtisaslaşmış jurnalistlərin hərbi hissələrə girib-çıxmalarında problem görmürəm.

Əlbəttə, media bu prosesdən sui-istifadə etməməlidir. Ordu ilə bağlı, xüsusən də dövlət sirrinə aid edilən məlumatların yayılması onsuz da qanunla qadağan edilib. Normal KİV-lərin bu məsələdə sui-istifadə hallarına yol verə biləcəklərini düşünmürəm. Kim yol verəcəksə, onlar da qanunlara cavab verəcək”.

Generalın xəbərdarlığına münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) sədri, media eksperti Azər Həsrətin sözlərinə görə, hərblə bağlı xəbərlərin yayılması təcili olaraq həllini gözləyən bir məsələdir: "İllərdir informasiya təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalır, müvafiq qurumlara çağırış edirik ki, informasiya müstəvisini boş qoymasınlar. Ancaq çox təəssüflər olsun ki, Müdafiə Nazirliyi çağırışlarımıza müsbət cavab vermir və bu müstəvini boş qoyurlar. İstər dinc dövrdə, istərsə də müharibə şəraitində hərbi məlumatlarla bağlı xüsusilə diqqətli olmaq vacibdir.

 Gün ərzində bir neçə dəfə MN-in mətbuat xidməti son vəziyyətlə bağlı məlumatı qurumun rəsmi saytında yerləşdirsin. Məhz onun münasibətindən sonra oxucu biləcək ki, bu, dezinformasiyadır, amma münasibət bildirilməsə, oxucu da belə düşünəcək ki, deməyə söz tapa bilməyiblər. Əgər Müdafiə Nazirliyi ordu ilə bağlı sistemli şəkildə dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır.

Əks halda Kütləvi İnformasiya Vasitələri, İctimaiyyət üzvləri məcburiyyət qarşısında qalıb ağızdan eşitdikləri xəbərləri danışmaq, informasiyaları tirajlamaqla məşğul olurlar. Mən onların bu addımına haqq qazandırmıram.

Amma bunun günahı onlarda deyil, Müdafiə Nazirliyi öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyi üçün bu sahədə boşluq yaranır. Müdafiə Nazirliyi özünə bəraət qazandırmaq üçün açıqlama verir ki, hadisə ilə bağlı dəqiqləşdirmə aparılmalıdır. Onlar araşdırma aparıb informasiya yayana qədər Azərbaycanın informasiya müstəvisinə özünün təxribatçı məlumatlarını elə ustalıqla yerləşdirirlər ki, bizim işimiz həmin dezinformasiyaları təkzib etməkdən ibarət olur. Hesab edirəm ki, Müdafiə Nazirliyi bu məsələnin üzərinə daha ciddi getməli, informasiya siyasətinə yenidən baxmalıdır”.

"BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu isə Müdafiə Nazirliyi üçün əlavə qanunun qəbul edilmədiyini ön plana çəkib. Yəni bu nazirlik də digər dövlət qurumları kimi KİV-in suallarını, sorğularını cavablandırmalıdır. Bunu qanun tələb edir: 

"Əlbəttə ki, müharibə şəraitini nəzərə alaraq, əksər jurnalistlər ordumuz barədə neqativ informasiyalar verməkdən qaçırlar. Heç kim istəməz ki, onun ərazi bütövlüyünü qoruyan və bununla əslində, hər kəsin taleyini müəyyən edən, millətin ümid, qürur yeri olan ordu barədə yanlış fikir formalaşdırsın, inamı azaltsın, gözdən salsın və s. Bizim bu problemimiz yoxdur. Belə olan halda nazirliyin jurnalistlər üçün tam qapalı bir quruma çevrilməsi başadüşülən deyil. Mətbuata belə qadağaların qoyulması xeyli neqativ hallara gətirib çıxara bilər. Məmur ilk növbədə ictimai qınaqdan qorxmalıdır. 

Hər hansı neqativ əməl törətdiyi halda onun ictimailəşməsindən çəkinməlidir. Biz dəfələrlə görmüşük ki, hansısa qurumun vəzifəli şəxsinin qanunsuz əməlləri məhz mətbuat vasitəsi ilə ifşa edilib və həmin şəxs cəzalandırılıb, vəzifəsindən uzaqlaşdırılıb. Ona görə də nazirlik bu istiqamətdə öz strategiyasını bir qədər yumşaltmalıdır. Heç olmasa, mətbuat xidməti fəaliyyətini bir qədər gücləndirməklə mediaya dəstək olmalıdır. Onu da qeyd etmək lazımdır ki, Nazirliyin Mətbuat Xidmətinin əməkdaşları bir neçə aydır ki, operativliklərini artırıblar. Onlar həm e-mail, həm də whatsapp vasitəsilə xəbərlər göndərirlər”.

Şəymən
(davamı olacaq...)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb