"Ordumuz qondarma Dağlıq Qarabağın rəhbərliyini ələ keçirəcək gücdədir" - Deputat





"Dilqəm Əsgərov və Şahbaz Quliyevin işgəncələrə məruz qalması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətin nəticə verəcəyini düşünmürəm”.

Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas söyləyib. O vurğulayıb ki, belə beynəlxalq təşkilatlar qurama xarakter daşıyır:

"Onlar ikili standartlara əsaslanaraq, hərəkət edirlər. Sadəcə, öz mənafelərinə xidmət edən şəkildə istədikləri ölkəni təsir altında saxlamağa çalışırlar.

Dilqəm və Şahbazın azad edilməsinin yolu işğal altındakı torpaqlarımızın azad edilməsidir. Ya da, Dağlıq Qarabağdan bir neçə ermənini girov götürüb, Dilqəm və Şahbazla dəyişmək olar. Bu çətin məsələ deyil. Əminliklə deyirəm ki, Azərbaycan ordusu hətta qondarma Dağlıq Qarabağın rəhbərliyini belə ələ keçirəcək qüvvədədir”.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun sözlərinə görə, Avropa Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var:
"Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq”.
Aysel Aslan