Orta Asiya mediasına Qarabağ həqiqətləri çatdırılmalıdır
Ekspert və jurnalistlər səfirlikləri, diaspora qurumlarını fəallığa çağırır
(əvvəli ötən sayda)
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Kastamonu şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu münasibətlə təşkil olunmuş tədbirlərə Azərbaycan jurnalistləri ilə yanaşı, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist qatılıb. Mərasimlərdə iştirak edən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasını təmsil edən jurnalistlərlə Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi barədə söhbət edib.
Baş redaktor söhbətlərin nəticəsindən olduqca məyus olduğunu deyib. Akif Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın siyasi mərkəzlərində daha çox müzakirə olunmasına diqqət göstərilir, ciddi fəaliyyət ortaya qoyulur, amma türk-islam dünyasının bir parçası olduğunu qəbul etdiyi ölkələrdə bu işin səviyyəsi çox aşağıdır. Hətta SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya dövlətlərində də Azərbaycanın haqlı davası lazımınca obyektiv qiymətləndirilmir. Baş redaktorun sözlərinə görə, Özbəkistanı təmsil edən gənc reportyor Şirzad İkramutdinov söhbət zamanı Qarabağ münaqişəsi barədə geniş məlumata malik olmadığını deyib. Çalışdığı informasiya agentliyində xəbərlər getdiyini söyləyib, amma problem haqqında neytrallıq nümayiş etdirdiklərini bildirib: "Mən bu münaqişədə kimin haqlı, kimin günahkar olduğunu bilmirəm”.
Tatarıstandan olan gənc xanım jurnalist də məlumatı olmadığı üçün Qarabağdan danışmayıb. Moldovadan olan "Qaqauziya xəbərləri” saytının əməkdaşı Alla Böyük isə bir neçə dəfə Azərbaycana səfər etdiyini qeyd edib. Amma o da Qaqauziyada Qarabağdan daha çox Ukrayna və Rusiyadan yazmağı üstün tutduqlarını vurğulayıb. Qaqauzlu jurnalistin fikrincə, Azərbaycan Moldovadan çox uzaqdır, buna rəğmən Qarabağ barədə də yazırlar: "Bilirik ki, kiçik qarşıdurmalar olur, onda xəbər veririk”. Özünün şəxsi fikrinə görə isə Alla Böyük Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Digər gənc qaqauzlu politoloq, siyasət yazarı Anatoli Tolmaç Qarabağ münaqişəsinin tarixini, yaranma səbəblərini daha yaxşı ifadə edib.
Hətta İranda, Cənubi Azərbaycanda 35 milyon Azərbaycan türkünün yaşadığını, üzləşdiyi çətinlikləri və beynəlxalq vəziyyəti təhlil edib. Tolmaçın dediyinə görə, Moldova kimi dövlətlər Qarabağ münaqişəsi barədə neytrallığını qoruyub saxlayır və bu da dünyada erməni diasporunun fəaliyyətini yada salır:
"Rəsmi olmasa da, deyim ki, qaqauzlar eyni soykökə bağlı Azərbaycanı dəstəkləyir. Azərbaycan güclü dövlətdir, hərbi potensialı çox yüksəkdir. Qazaxıstanlı jurnalist Tolqadan Baturxanın fikrincə, Qarabağın həlli yolu müharibə deyil, sülhdür. Azərbaycanın ədalətsiz müharibəyə cəlb olunmasına münasibət bildirən qazaxıstanlı jurnalist prosesin hansı istiqamətdə getdiyindən məlumatsızdır. Çünki Qazaxıstan mətbuatı əsasən öz problemlərindən yazır. Onun fikrincə, Qarabağ problemi digər dövlətə aiddir. Qırğızıstanın rəsmi "Qırğız tusu” qəzetinin redaktoru Ernest Bolbakov isə Qarabağ konfliktinin mahiyyətini və Azərbaycanın haqlı mövqeyini bu cür açıqlayıb: "Qarabağ türk sözüdür. Qarabağ türkcə qara və bağ sözlərindən götürülüb. Bu, torpağın sahibliyinin kimliyini göstərən faktdır. Ermənilərlə heç bir əlaqəsi, bağlantısı yoxdur”. Qırğız türkləri bu konfliktdən bəzi imperialist və maraqlı qüvvələrin istifadə etdiyini düşünür. Qırğız mediasının bu konfliktə həmişə toxunduğunu deyir: "Qırğızların böyük əksəriyyəti öz qardaşları azərbaycanlıların yanındadır”. Nəticə olaraq türk dünyasından gələn həmkarlarla söhbət bu acı gerçəyi ortaya qoyur ki, Avropadan ədalətli mövqe gözlədiyimiz halda, Qarabağ həqiqətlərini hələ öz din bir, qan bir qardaşlarımıza lazımi səviyyədə çatdıra bilməmişik.
Təəssüf doğuran mənzərə ilə bağlı "Şərq”ə danışan "Report.az” saytının baş redaktoru Murad Əliyev deyib ki, Azərbaycanın üzləşdiyi işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi hər bir həmvətənimizin yaralı yeridir.
Baş redaktorun sözlərinə görə, dünyanın istənilən ölkəsində fəaliyyət göstərən həm səfirliklərimizin, həm diaspor təşkilatlarımızın başlıca işi Azərbaycanın haqq səsini ucaltmaqdan ibarətdir: "Orta Asiya ölkələrində də kifayət qədər çox azərbaycanlı yaşayır. Hesab edirəm ki, onların diaspor təşkilatları çərçivəsində fəaliyyətinin aktivləşdirilməsinə ehtiyac var. Lazım olarsa, Orta Asiyadakı türkdilli ölkələrdə vahid bir konqres yaratmaq olar və bir sıra ölkələrdə uğurlar qazanan diaspor işi nümunə götürülərək tətbiq oluna bilər. Düzdür, həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərin də öhdəsinə iş düşür. Lakin nəzərə almaq lazımdır ki, diaspor təşkilatı hər bir ölkədə ictimai təşkilat formasında fəaliyyət göstərir və səfirliklərin onların işinə müdaxilə etməsi düzgün addım olmazdı. Bu səbəbdən həmin cəmiyyətdə nüfuza sahib olan həmvətənlərimizi diaspor işinə cəlb etməklə nəticələr əldə edə bilərik”.
M.Əliyevin fikrincə, bu sahədə iş aktivləşdiriləndən sonra artıq yük mətbuatın üzərinə düşür: "Yerli mediamız Azərbaycanın haqq səsini həmin ölkələrdə bəyan edən soydaşlarımızla bağlı materiallara heç bir təmənna güdmədən geniş yer ayırmalıdır. Bununla kifayətlənməyərək mediamız öz əlaqələrini işə salmalı, Orta Asiya ölkələrindəki mətbuat vasitələrinə dəstək olmağa çağırmalıdır. Hesab edirəm ki, belə konsolidasiya olunmuş səylər nəticəsində Orta Asiyadakı türk qardaşlarımız Dağlıq Qarabağ dəhşətləri barədə müfəssəl məlumatlara sahib olacaqlar. Həmin halda onların bu məsələyə biganə qalacağına inanmıram”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı isə "Şərq”ə bildirib ki, əsas günah həmin ölkələrdəki diasporanın və sadə azərbaycanlı vətəndaşlarındır:
"Azərbaycandan kənarda mətbuat və televiziya sahəsində çalışan demək olar ki, yoxdur. Hamı yalnız Türkiyədə təbliğat aparmağa çalışır. Orta Asiyada, İranda və s. müsəlman ölkələrində də buna ehtiyac çoxdur. Qazaxıstan dünyada nüfuzlu dövlətlərdən biridir. Hazırda BMT-yə sədrlik edir. Avrasiya İttifaqı və KTMT kimi bizim üçün vacib təşkilatlarda söz sahibidir. Fakt odur ki, biz beynəlxalq təbliğatda xeyli geri qalırıq. Dövlət bu sahədə demək olar ki, təkbaşına mübarizə aparır. Arzu edərdim, xaricdəki diasporumuz ən azı ermənilər qədər fəal olsunlar. Çünki müasir dövrdə təbliğat və informasiya müharibəsi çox əhəmiyyətlidir”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova bildirib ki, Orta Asiya dövlətləri öz ölkələrinə jurnalistlərin səfər etməsini hər zaman qısqanclıqla qarşılayıb:
"Məlumdur ki, bu hal ordakı siyasi vəziyyətlə, hakimiyyətdəki idarəçiliklə bağlı olan məsələdir. Bununla belə, o ölkələrə jurnalistlər səfər edir. Amma təbliğat bir-iki günün və ya bir-iki səfərin işi deyil. Həm də jurnalistlər daha çox hansısa tədbirlərdə iştirak etmək üçün dəvət olunduqlarından, sadəcə, səfər proqramına uyğun hərəkət etməlidirlər. Bu ölkələrin hamısında səfirliyimiz, diaspor təşkilatlarımız var. Orada Qarabağ münaqişəsi barədə məlumata malik olmadıqlarının səbəbi diasporun fəaliyyətsizliyidir. Məsuliyyət diasporun üzərinə düşür, çünki diaspor nümayəndələri daha çox orada doğulub-böyüyən, o ölkəyə bələd adamlardı. Təbliğatın harada və necə aparılmasını onlardan yaxşı kim biləcək? Amma aparmırlar. Çünki ölkədən kənarda "qafqazlıların qardaşlıq siyasəti” öz ölkələrinin mənafeyini çox vaxt kölgədə qoyur. Bu, Rusiyada da belədir, Orta Asiya dövlətlərində də”.
N.Qurbanova bildirib ki, vəzifə və məsuliyyət olaraq bu işlə səfirliklər məşğul olmalıdır:
"Onların da əksəriyyətinin işi Azərbaycandakı müəyyən əlamətdar tarixləri ölkədən kənarda qeyd etməklə yekunlaşır. Bunu dəfələrlə xaricdə səfərdə olarkən görmüşük. Yəni, gedib yerli əhalinin və ya jurnalistlərin yaxasından yapışıb "Qarabağ münaqişəsini niyə tanımırsız?” deyə ittiham edə bilmərik.
Çıxış yolu kimi istənilən jurnalistin xaricə səfər edərkən özü ilə Qarabağ münaqişəsi barədə xarici dillərdə, ən yaxşısı həmin ölkənin öz dilinə tərcümə olunmuş broşurlar, kitablar götürməsidir. O ölkənin kitabxanaları üçün kitablar aparmasıdır. Biz illər əvvəl Misirə səfər edərkən İsgəndəriyyə kitabxanası üçün belə materiallar təhvil vermişdik”.
"Yeni Müsavat”ın əməkdaşı, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu da bunun ümummilli problemlərdən biri olduğunu deyib:
"Burada iki səbəb qeyd etmək olar. Birincisi, necə deyərlər, təbii amillərdir. Dağlıq Qarabağ münaqişəsi başlayanda Orta Asiyada da analoji münaqişə və problemlər var idi. 1990-cı illərin əvvəllərində bütün postsovet respublikalarının başı özünə qarışmışdı. Getdikcə, biz Orta Asiyanın türk respublikalarından bir az da uzaqlaşdıq.
Digər tərəfdən atəşkəs elan olundu və bir növ münaqişə lokallaşdı. Hazırda dünya elə vəziyyətə gəlib ki, əsas diqqət mərkəzində yalnız "isti” bölgələrdir. Yəni birbaşa döyüşlərin davam etdiyi müharibə zonalarıdır. Atəşkəs elan olunmuş bölgələr o qədər də xatırlanmır. Bütün bunlar, necə deyərlər, "təbii” amillərdir. Amma bir də subyektiv amillər var. Azərbaycanlılar arasında diaspor ənənələrinin zəif olması, ən əsası da Qarabağ həqiqətlərinin daha çox Qərb ölkələrində yayılmasında maraqlı olması bu nəticəni doğurub. Biz bir növ Orta Asiyadan aralı düşdük, orada lazımi işlər görmədik. Halbuki, həm etnik baxımdan qohum etnosların yaşaması, həm də azərbaycanlıların özlərinin Orta Asiyada çox olması bizim üstünlüyümüz idi. Dünyanın digər regionları ilə müqayisədə o bölgə bizim üçün daha rahat fəaliyyət bölgəsi sayılırdı. Görünür, bu da arxayınçılıq üçün bir başqa səbəb olub”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb