Orxan Zeynalovdan XƏBƏR VAR: "Başının üstündə də , yanında da... " - Anası

Yasəmən Zeynalova: "Dövlət və aidiyyəti qurumlar görüş üçün heç bir köməklik göstərmədi. Özümüz getdik, bütün yol xərcini də özümüz çəkdik"


"Çalışırıq çoxsaylı müraciətlər edirik, lakin Orxanın ölkəyə qaytarılması üçün heç bir addım atılmır”.

Bunu "Sherg.az”a Rusiyada həbsdə olan azərbaycanlı Orxan Zeynalovun anası Yasəmən Zeynalova deyib. 

Bir neçə ay əvvəl oğlundan heç bir məlumat ala bilmədiklərini deyən ana qeyd edib ki, bir ay əvvəl oğlunun görüşünə gedib:

"Cəmi iki saatlıq görüş verdilər. Başının üstündə də , yanında da gözətçilər var idi. Halını əhvalını soruşdum, vəssalam.

Dövlət və aidiyyəti qurumlar görüş üçün heç bir köməklik göstərmədi. Özümüz getdik, bütün yol xərcini də özümüz çəkdik.

Oğlum özü də hansı proseslərin getdiyini bilmir. Heç bir məlumat deməyiblər. Biz çox istərdik ki, ən azından ölkəyə gətirilsin, cəzasını burada çəksin, amma bu, mümkün olmadı. Orxan da bu barədə danışmaqdan bir qədər çəkindi. Səlahiyyətli şəxslərin baş çəkib, maraqlandığı haqqında da məlumatım yoxdur. Hələ ki, gözləyirik. Müraciət etdiyimiz orqanlar da prosesin davam etdiyini, məlumat veriləcəyini deyir. Lakin heç bir məlumat yoxdur.

Orxana 17 il iş verilib. Əvvəl 11 il həbs veriləcəyi deyilirdi. Lakin məsələnin üstünə getdikcə sanki Rusiya hüquq-mühafizə orqanları acığa düşdü, cəzanı artırdı. Artıq 4 ildir həbsdədir, 13 il də qabaqdadır.

Nə müraciət edə bilərəm ki?! İndiyə qədər çox müraciətlər etmişik. Heç bir tədbir görülməyib. Buna baxmayaraq ümidimiz hələ tükənməyib”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov 2013-cü ildə Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinir. Orxan Zeynalov ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

Aysel Aslan