Otellərin azlığı bahaçılıq yaradır

Azərbaycanda gündəlik 18 min turisti qəbul etməyə şərait var


İki gün öncə ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında turizmlə bağlı səsləndirdiyi fikirlər bu sahədəki nailiyyətləri və bir sıra mövcud problemləri bir daha gündəmə gətirdi. Dövlət başçısı ölkədə turizmin inkişaf etdiyini bildirərək, turistlərin sayının 25 faiz artdığını qeyd etdi, bu göstəricinin ölkəmizin dünyada tanınmasının nişanəsi olduğunu bildirdi:

"İndi Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi bilinir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əcnəbilərin marağını artırır. Xüsusilə idman yarışları arasında "Formula-1” yarışını qeyd etmək istəyirəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Hesab edirik ki, ölkəmizə turist axını daha da böyük olacaq. 

Biz buna hazır olmalıyıq”. Prezident xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac olduğunu bildirərək, sahibkarları bu işə dəstək olmağa çağırıb:

 "Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”. Şübhəsiz ki, ölkə başçısının fikirləri həm xaricdən, həm də regionlardan paytaxta gələn, oteldə gecələmək istəyən və ya regionlara səfər edən turistlərin yerləşmə zamanı rastlaşdıqları problemi olduğu kimi əks etdirir. Seçim imkanının olmaması insanların narazılığına səbəb olmaqla bərabər, turizmin inkişafına da mənfi təsir göstərir. 

Bir sıra otellər sadəcə 4-5 ulduzlu olduğu üçün insanlarda seçim imkanını çətinləşdirir. Bu tip otellərin qiymətləri isə hər kəsin cibinə uyğun olmadığından müxtəlif problemlər yaranır. 2-3 ulduzlu otellərə və hostellərə olan tələbat həm də bu tip məsələlərdən qaynaqlanır. Bu baxımdan, təkcə Bakıda deyil, turizmin inkişaf etdiyi bütün regionlarda bu tip obyektlərin tikintisinə kəskin ehtiyac yaranıb. Yəni turizmin nəbzinin tutulması və qiymət baxımından aşağı ulduzlu otellərin tikilməsi bu sahənin inkişafı üçün vacib amilə çevrilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də yaxın gələcəkdə ölkəmizdə 2 və 3 ulduzlu otellərin yaradılmasının nəzərdə tutulduğunu deyib: "Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2-3 ulduzlu otellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq. Bu amil ölkədə daxili turizmin inkişafını da sürətləndirəcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov ölkədə otellərin azlığının qiymətlərin baha olmasına səbəb olduğunu deyib. Onun sözlərinə görə, məsələnin dəfələrlə qabardılmasına baxmayaraq, turizm şirkətləri qiymətlərin aşağı salınmasına təşəbbüs etmirlər: 

"Bəzi regionlarda rəqabət zəifdir, otellərin sayı azdır. Bu da sahibkarların qiymətləri yüksəltməsi üçün fürsətə çevrilir. Bütünlükdə Azərbaycanda gündəlik 18 min turisti qəbul etməyə şərait var. Bu isə o qədər böyük rəqəm deyil. Deməli, otellərin, turizm obyektlərinin sayı kifayət qədər deyil. Bu səbəbdən rayonlarda 3 ulduzlu otellərdə qiymətlər yüksək olaraq qalmaqdadır. Belə otellərdə gündəlik qiymət 150-200 manat arasında dəyişir. Bu da orta aylıq əmək haqqının yarısı qədərdir. Qiymətlərin tənzimlənməsinə ehtiyac var”. 

V.Bayramov hesab edir ki, regionlarda otellərin sayı artsa, bu, həmçinin daxili turizmin inkişafına səbəb olacaq:

 "İnsanlar tətillərdə, yay və ya qış aylarında, o cümlədən həftə sonlarında regionlara istirahətə getmək istəyirlər. Bunun üçün ölkədə daxili turizmi inkişaf etdirmək vacibdir. Belə ki, Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür. Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğun olmalıdır. Vətəndaşların Gürcüstan və digər qonşu ölkələrdə yox, regionlarda dincəlməyə üstünlük vermələrinə şərait yaratmaq lazımdır. Bununla da, vəsait ölkədə qalar və regionların turizm sahəsi inkişaf edər. Amma bunun üçün lazımi infrastruktur olmalıdır ki, onlardan başlıcası da otellərdir”.

İsmayıl