"Övladını atıb, qaçan anaları başa düşmək çətindir"






"Ailə daxilində problem yarandıqda, hər kəs övladlarını atıb, qaçsa ailə institutu tamam dağılar”.

Bunu "Sherg.az”a Oğuzda 32 yaşlı qadının 2 övladını atıb, evdən qaçmasından danışaraq, "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib. 

Onun sözlərinə görə, qadının həyatı ilə bağlı təhlükə varsa, onun evdən qaçmasının səbəbi budursa, mütləq araşdırılmalı, hüquqi addımlar atılmalıdır:

"32 yaş insanın yetkin təfəkkürdə olması üçün kifayət edir. Problemin çətinliyindən asılı olmayaraq, uşaqları evdə atıb, qaçmaq çıxış yolu deyil. Qadının həyatı riskdə olsa belə, uşaqlarını həmin vəziyyətdə atması düzgün deyil. Qadın hüquq-mühafizə orqanlarına, icra strukturlarına müraciət edə bilərdi. Hazırkı mexanizm imkan verir ki, hadisəyə həmin an müdaxilə edilsin.

Qadın problemləri olduğunu öz ailəsi ilə müzakirə edə bilərdi. Nədənsə, son vaxtlar ailəli qadınlar problemlərini valideynləri ilə bölüşmək əvəzinə, onlardan xəbərsiz evdən çıxıb gedir. Bu cür addım atmaqla, çıxış yolu tapacaqlarını düşünən belə şəxslər bir problemin içərisindən çıxıb, daha böyük çıxılmazın içinə düşürlər. Geri qayıdanda qəbul edilməyən, hətta pis vərdişlərə başlayan, qeyri-əxlaqi həyat tərzi keçirməyə məcbur edilin qadınlar olur. Övladını atıb, qaçan analar isə ümumiyyətlə, başa düşmək çətindir. Ancaq valideynlik məsuliyyətini dərk etməyən bir insan belə addım ata bilər”.

Valideyn məsuliyyətinin həm ata, həm də ananın üzərində olduğunu diqqətə çatdıran G.Səfərova problemi bir tərəfin üzərinə yüklənməyin doğru olmadığını söyləyib:

"Valideyn dedikdə sosioloji baxımdan ana başa düşülür. Amma bu, belə deyil. Uşağın tərbiyəsi, və şəxsiyyət kimi formalaşması məsələlərinin məsuliyyəti ananın üzərinə düşür. Atanın isə üzərinə düşən isə ailənin sosial təminatı olur. Amma ata və ana vəzifə bölgüsü etməli, boş zamanlarını, işdən kənar vaxtlarını övladları ilə keçirməlidir. Ailənin tək sosial təminatı əsas deyil. Çox ailələrdə müşahidə etmişəm ki, hər iki valideyn işləyir. 

Uşaqlara isə ya nənə baxır, ya dayə tutulur, ya da ki, müəyyən məktəblərə qoyurlar, işdən sonra götürürlər. Amma bu şəxslər valideyn məsuliyyətini bölüşdürə bilirlər. Valideyn məsuliyyəti övladın psixoloji vəziyyətindən agah olmaq, onun problemlərini həll etməyə köməklik göstərmək, cəmiyyətdə inkişaf hüququnu təmin etmək tələb edir. Amma hər ailə bunu dərk edə bilmir. Valideynlər hələ də övladına öz əmlakı kimi baxır”.

Qeyd edək ki, Oğuz rayonunun Səməd Vurğun kücəsi, 14 -də yaşayan Gulnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Aysel Aslan