Oxu gözəl bala, oxu!

Məktəbə hazırlıq pilləsi 5 yaşlılara hava-su kimi lazımdır



Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunub. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Təhsil Nazirliyinin məlumatına görə, 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizinə qədərinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2017-2018-ci tədris ilində isə 65 faizini əhatə edib.
Təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-cı ildən başlayaraq bir sıra məktəblərdə məkətəbəqədər hazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

89 ümumtəhsil müəssisəsində yaradılan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual, bilik və səriştəsini sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilir. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir. Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məhz bu səbəbdən də əksər valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışırlar və arzu edirlər ki, onların övladları məktəbdə müvəffəqiyyətlə oxusunlar.

Amma bu layihəyə cəmiyyətin mövqeyi birmənalı deyil. Xüsusən də yaşlı nəslin nümayəndələri məktəbəqədər hazırlıq kurslarını valideynlər üçün yeni pul tələsi hesab edir: "Onsuz da uşaq məktəbə qədəm qoyan gündən etibarən hazırlıqlara başlayır. Bunu 5 yaşından başladanda nə olur? Axı birinci sinifdə uşağa hər şeyi sıfırdan başlayıb öyrədirlər. Bizim uşaqlar hazırlığa getmirdi, bəyəm universitetə qəbul olunmadı?”

Təhsil eksperti Kamran Əsədovun "Şərq”ə açıqlamasına görə, məktəbəqədər dövrdə uşaqların tərbiyəsi və təlimi sayəsində yol verilən kiçik xətalar sonralar çox ciddi, qarşısıalınmaz nöqsanlar kimi özünü büruzə verir. Ona görə də həmin dövrdə heç bir şeyi nəzərdən qaçırmadan fəaliyyət göstərmək, uşaqları müstəqil fəaliyyətə hazırlamaq lazımdır. Ekspertin sözlərinə görə, məktəbə hazırlıq pilləsi təhsil sisteminin ilk pilləsi olmaqla, uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir: 

"Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Uşağın sonralar təhsilini nə dərəcədə müvəffəqiyyətlə başa vuracağı, məhz bu başlanğıcdan asılıdır. Məktəbə hazırlıq qruplarının nəticələrini təhlil edəndə görürük ki, bu pilləni bitirənlər arasında məktəbə hazırlıqlı gələnlərin sayı ildən-ilə artır. Orta məktəblərdə həyata keçirilən məktəbə hazırlıq qruplarında apardğımız araşdırmalar göstərdi ki, uşağın məktəbə hazırlanması özündə iki vəzifəni birləşdirir: uşağın hərtərəfli (fiziki, əqli, mənəvi, estetik) inkişafına hazırlıq və məktəbdə öyrənəcəyi fənlərin mənimsənilməsinə xüsusi hazırlıq”. Uşağın məktəbə hazırlanmasının iki baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan K.Əsədov deyib ki, I sinifdə uşaqların böyük bir qisminin müvəffəqiyyətlə təhsil ala bilməməsi, sonrakı siniflərdə geridə qalmaları onların məktəbəqədər dövrü baxımsız keçirmələri, təlimə hazırlıq üzrə ilkin vərdişlərə yiyələnmələri ilə bağlıdır. Bir də yaxın keçmişdən fərqli olaraq hazırkı dövrdə I sinfə qəbul 6 yaşdan başlandığından məktəbə hazırlıq yaşı bir il aşağı salınmış, 5 yaşdan olmuşdur. Beşyaşlıların məktəbə hazırlanması artıq hazırlığın məzmunu, formaları, metod və priyomlarında böyük dəyişikliklərin aparılmasını tələb edir.

Vacib bir məqamı da qeyd edim ki, 5 il bundan əvvəl 170.000-dən artıq beşyaşlının yalnız 15-16 faizi uşaq bağçalarına çəlb edilib. Amma 2016-cı ildən etibarən Təhsil Nazirliyinin gördüyü məqsədyönlü iş sayəsində bu rəqəmdə ciddi şəkildə artım müşahidə olunur.

Əvvəlki illərdə beşyaşlıların ən yaxşı halda 84-85 faizi ictimai tərbiyə müəssisələrindən kənarda qalırdısa, indi bu rəqəm müsbətə doğru 180 dərəcə dəyişdi. Hesab edirəm ki, bundan sonra aiddiyəti dövlət qurumları məktəbəqədər təhsil müəssisələrində təhsilin səviyyəsi ilə ciddi şəkildə maraqlanmalıdırlar.

Təhsil eksperti aşağıdakı vəzifələrin yerinə yetirilməsinin zəruri olduğunu deyib:

- Uşaq bağçalarında uşaqların məktəb təliminə hazırlanmaları vəziyyətini öyrənmək;
- problemlə əlaqədar proqram tələblərinin necə yerinə yetirilməsini öyrənmək;
- problemlə əlaqədar pedaqoji və metodik ədəbiyyatı təhlil etmək;
- beşyaşlıların məktəb təliminə hazırlanmaları üzrə optimal yollar müəyyənləşdirmək;
- uşaq bağçasında təlim prosesini, tərbiyə və təlim proqramını təkmilləşdirmək üçün təkliflər vermək. 

Düşünürəm ki, uşaq baxçalarında bu prosesə başlanılsa, daha yüksək nəticə əldə etmək mümkündür. Gələcək vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafının əsası məktəbəqədərki illərdə qoyulur. İlk illərdə uşağın necə tərbiyə olunması, sonrakı illərdə onun hərtərəfli inkişaf etmiş vətəndaş kimi fomalaşmasını müəyyən edir. Uşağın məktəbə hazırlanması təhsil sisteminin bir nömrəli məsələsidir. Hər hansı uşaq bu mərhələni lazımi səviyyədə keçmədən I sinifdə təlim prosesində muvəffəqiyyət qazana bilməz.
Məlumat üçün bildirək ki, məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Şəymən