Özəlləşdirmə çeklərinin müddəti uzadıla bilərmi ? - Deputatdan cavab






1990-cı illərdə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması gündəmə gəlib. 1996-cı il yanvarın 1-dən başlanan bu proses nəticəsində vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Bəzi vətəndaşlar isə zamanında bu çeklərin bahalaşacağına ümid edib, saxlayıblar. Yəni onu pula çevirməyiblər. Son günlər isə bu çeklərin yenidən tədavülü məsələsi müzakirə predimetinə çevrilib.

Məsələyə münasibət bildirən iqtisadçı, millət vəkili Vahid Əhmədov "Sherg.az"a söyləyib ki, özəlləşdirməyə çıxarılan obyektlərdə istiqrazlardan istifadə etməyə ehtiyac yoxdur:

"Düzdür, əhalinin əlində müəyyən qədər "çek" qalıb. İnanmıram ki, həmin çekləri istifadə etmək üçün əlavə vaxt verilsin. Amma istənilən halda bu, ölkə başçısının ixtiyarında olan məsələdir. Prezident sərəncam imzalayaraq, özəlləşdirmə çeklərinin müddətini uzada bilər”.

Qeyd edək ki, əvvəlki illərdə dövriyyəyə buraxılmış çeklərin 20 faizi yəni, 6,38 milyonu hələ də istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin sərəncamında da müəyyən sayda çeklər var. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların "qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi.

Aysel Aslan