Parlamentdə çağırış – Fransaya nota verilsin!





Milli Məclisin bu gün keçirilən iclasında Fransanın prezidenti Fransua Olland sərt tənqid olundu. 

Sherg.az –ın məlumatına görə deputat Azay Quliyev Ollandın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər pislənməlidir, rəsmi Bakı nota verməlidir. 

Millət vəkili qeyd edib ki, Olland erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib: 

"Bununla da o, Ermənistanın tezisini təkrarladı. Təəssüflər olsun ki, Fransa prezidenti bir az da qabağa gedərək Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü də təşkil edəcəyini bildirib. Olland faktiki olaraq Ermənistana dəstəyini ifadə edib. Təbii ki, bu, yolverilməzdir. Fransa bununla Dağlıq Qarabağdakı separatçılara dəstəyini ifadə etmiş oldu. Heç kim düşünməsin ki, Fransa prezidentinin səlahiyyətlərinin bitməsinə 2 ay qalmış müddətdə belə bəyanata verməsi ermənilərin könlünü almaq məqsədi daşıyır. Əsla belə deyil. Fransanın həyata keçirdiyi siyasət birmənmalı şəkildə həmişə erməniləri dəstəkləməkdən ibarət olub.

 Təkcə statistyikaya baxsaq görərik ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri daha çox Fransa vətəndaşları ediblər. Bugünkü separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə də, bu, bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır”. Deputat Fransanın ATƏT-in Minsk Qrupunda təmsilçiliyini xatırladaraq deyib ki, onun həmsədrlikdən uzaqlaşdırılması sadə prosedur deyil: Düşünürəm ki, Fransanın mövqeyinə görə diplomatik addımlar atılmalıdır. Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir”.
Deputatın çıxışına münasibət bildirən Milli Məclis sədri Oqtay Əsədov deyib ki, Ollandın çıxışı tam tərkibdə verilməyib: "Bəzi mətbuat orqanları erməni mediasından götürüb çıxışı veriblər. Ermənilər isə o çıxışı təhrif ediblər. Amma sizinlə razıyam ki, "Madrid prinsipləri”nə istinad edərək deyib ki, xalqlar öz müqəddəratını təyin etməlidir”.

Anar