Parlamentdə gərgin müzakirə...

“Ağlabatan” narazılıq yaratdı, deputat Allahdan insaf istədi
“Neftin qiymətini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır”




"Vallah, mən, necə deyərlər, "Tarixi Nadir”i yarıyacan oxumuşam, amma başa düşə bilmirəm ki, qanun layihəsinə bu söz necə daxil olub?!”


Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Toplantıda "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Müzakirə zamanı qanun layihəsində yer alan "ağlabatan” sözü mübahisə yaradıb. Komitənin üzvü, deputat Rafiq Məmmədhəsənov deyib ki, bu söz düzgün deyil: "Vallah, mən, necə deyərlər, "Tarixi Nadir”i yarıyacan oxumuşam, amma başa düşə bilmirəm ki, qanun layihəsinə bu "ağlabatan” sözü necə daxil olub?! Ağlabatan, ağlabatmayan... Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb. Bu, düzgün deyil”.

"Elə əcaib-qəraib şeylər yazırıq ki, sonradan heç özümüz başa düşmürük”

Xanım millət vəkili Aytən Mustafayeva da bu sözə etiraz edib: "Bəzən biz elə əcaib-qəraib şeylər yazırıq ki, sonradan heç özümüz başa düşmürük. Biz başa düşmürüksə, bu yazıq əlillər, sadə insanlar onu necə başa düşsünlər?! Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.
Xanım deputat Jalə Əliyeva da qanun layihəsinin işlənilməsi, təkmilləşdirilməsi zamanı başqa sözün tapılmadığını, bu səbəbdən "ağlabatan” sözünün yazıldığını söyləyib: "Biz bəzən hansısa sözün qarşılığını tapa bilmirik. Məsələn, məcəllələrdən birinə "uçot” sözü salınıb. Mən soruşmaq istəyirəm, ay qardaşlar, bu nə sözdür, onun Məcəllədə nə işi var? Hesab edirəm ki, qanunlarımızdakı, məcəllələrimizdəki sözlər, terminlər dəqiq əksini tapmalıdır, onları gözdən salmalı deyil”.

"Son beş ildə Azərbaycanda əlillərin sayı 100 min nəfər artıb”

"Son beş ildə Azərbaycanda əlillərin sayı 100 min nəfər artıb. Bakı üzrə isə əlillərin sayı 20 min artıb”. Bu sözləri isə müzakirə zamanı deputat Rauf Əliyev səsləndirib. Millət vəkili qeyd edib ki, əgər bu şəxslər həqiqətən əlildirsə, onlar əlillik sənədi almalıdırlar: "Biz buna nail olmalıyıq. Yeni əmək və əhalinin sosial müdafiəsi naziri də çıxışında əlilliklə bağlı sənədlərin verilməsində ciddi problemlərin olduğunu bildirdi. O, bu sahədə şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib. Bu problemə çevrilib, hansısa formada həllini tapmalıdır. Təklif edirəm ki, bununla bağlı nazirliyə bir müraciət ünvanlayaq. Məktubda nazirliklə birgə işçi qrup yaradılaraq, monitorinq aparılsın”.
Komitə sədri Hadi Rəcəbli isə deyib ki, zamanında pensiya islahatları aparılan zaman bir sıra problemlərlə üzləşiblər: "Ölkədə 1.3 milyon pensiyaçı var və onların 320 mini 2 və 3-cü qrup əlillərdir ki, vaxtından əvvəl pensiyaya çıxıblar. Odur ki, yeni qaydalar tətbiq olunduqdan sonra 2-ci və 3-cü qrup əlillərin vaxtından əvvəl pensiyaya çıxması dayandırıldıqda pensiyaçıların sayı kəskin azalacaq”.

"Hamı deyir ki, ölkənin yarısı əlildir, hamıya əlillik dərəcəsi verilir”

Deputat İlham Məmmədov təklif edib ki, problemi həll etmək üçün ümumi bir komissiya, İşçi qrupu yaradılsın və mövcud olan qanunvericilik nəzərdən keçirilsin: "Yəni, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı kriteriyalar da nəzərdən keçirilsin, təkmilləşdirilsin. Bu məsələdə də köhnə stereotiplərdən uzaqlaşmalıyıq. Yeni nazir təyin olunub. Əvvəllər parlamentdə də çalışıb, gənc, perspektivli kadrdır. Onunla, nazirliklə komitəmiz bu məsələdə də əl-ələ verib, problemin çözümünə çalışmalıyıq”.
Millət vəkili Musa Quliyev isə söyləyib ki, dünyada əhalinin 12-15 faizi əlildir: "Azərbaycanda isə bu rəqəm 6 faizi keçmir. Amma yenə də hamı deyir ki, ölkənin yarısı əlildir, hamıya əlillik dərəcəsi verilir. Əlil olmayan şəxsə əlillik dərəcəsi vermək bir cinayətdirsə, əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi 5 qat cinayətdir. Mən tərəfdarıyam ki, payız sessiyasında bu məsələni parlamentin gündəliyinə salaq və aidiyyəti nazirliklərlə birgə məsələləri köklü şəkildə həll edək. Müəyyən edək ki, ildə nə qədər adam əlilliyə çıxmalıdır?”.
M.Quliyevin qənaətincə, tibbi-sosial ekspert komissiyalarında da çalışan həkimlərin ixtisaslarına baxılmalıdır: "Onların çoxu ixtisasartırmadan keçmir. Məni narahat edən əsas şəxslər əlillik vəziyyətində olub, amma əlillik dərəcəsi ala bilməyənlərdir. Hesab edirəm ki, Azərbaycanda əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik və bu məsələyə son qoymalıyıq”. Deputat həmçinin əlillik dərəcəsinin elektron qaydada baxılmasının əleyhinə çıxaraq bunun əyani şəkildə həkimin iştirakı ilə müəyyən edilməsini təklif edib.

"Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, "yeyirlər”

Dünən həmçinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin də toplantısı olub. İclasda "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib. Komitənin üzvü, deputat Əli Məsimli bildirib ki, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyən dövlət qurumları var: "Hesab edirəm ki, onların fəaliyyəti şəffaf və təqdirəlayiqdir.
Bununla yanaşı, bəzi qurumlar dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməyiblər. Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, "yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

"Artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər”

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov bildirib ki, neft məsələsini, neftin qiymətini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır: "Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür. Hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Burada fiziki şəxslərdən verginin yığılmasında problemlərin olduğu dilə gətirildi. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Odur ki, mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm”. O əlavə edib ki, hamı vergi vermək istəyir: "Vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”.

"Allah bizə insaf versin ki, ayrılan maliyyədən düzgün istifadə edək”

Kənd təsərrüfatının inkişafından danışan millət vəkili deyib ki, bu gün bu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə bir gənc təyin edilib: "İmkan verək görək necə işləyəcək. Yaxşı fəaliyyət göstərmək üçün ölkə başçısına düzgün məlumat verilməlidir. Bu gün ölkədə nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün infrastruktur yaradılır. Gömrük Komitəsinə yeni rəhbərliyin təyinatından sonra bu sahədə də müsbətə doğru ciddi dəyişiklik baş verib. Ümumiyyətlə, maliyyədən düzgün istifadə edilməlidir. Çünki Maliyyə Nazirliyi bir kassadır. Ora nə qədər vəsait daxil olacaqsa, nazirlikdə o formada bölüşdürüləcək. Odur ki, Allah bizə insaf versin ki, ayrılan maliyyədən düzgün istifadə edək”.

Anar Bayramoğlu