"Paşinyan Azərbaycan prezidenti ilə görüşsə..." - Sabiq XİN başçısı






"Erməni mətbuatı məlumat yaysa da, Azərbaycan XİN Nikol Paşinyan və İlham Əliyev arasında görüşün planlaşdırılmadığını bildirib”.

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlaması təsdiqini tapmadı:

"Nikol Paşinyanla görüşmək Azərbaycan üçün hələ maraqlı deyil. O baş nazir olub. Amma N. Paşinyan parlamentdə çoxluğa malik deyil. Müxalif qüvvələr erməni parlamentində üstünlük təşkil etdiyinə görə, yenidən seçkilər keçirməyi düşünürlər. Görünür ki, normal hakimiyyət formalaşmayıb.

Nikol Paşinyan sözsüz ki, nüfuzunu artırmaqda, özünü baş nazir kimi tanıtmaqda maraqlıdır. Ona görə, xarici səfərlər təşkil edir, siyasi imicini bərkitməyə çalışır. Bizim isə öz maraqlarımız var. N.Paşinyan Azərbaycan prezidenti ilə görüşsə, populist çıxışlarını səsləndirəcək. Bu məsələdə maraq nə ola bilər ki? O, real hakimiyyətə malik olmadığı müddətdə danışıqlar aparılması məntiqə sığmır”.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola biləcəyini söyləyib: "Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam".

Aysel Aslan