"Paşinyan başa düşür ki, Azərbaycan tərəfi ilə danışıqlarda uduzacaq" - Deputat






"Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin məzmunundan, aparılan danışıqlardan tam xəbərsizdir”.

Bunu "Sherg.az" millət vəkili Aydın Mirzəzadə bildirib. Deputatın sözlərinə görə, N. Paşinyanın dövlətçilik təcrübəsinin olmaması, hakimiyyətə şüarlarla gəlib, ölkəni şüarlarla idarə etməsi səriştəsiz siyasətçi olduğunu sübut edir:

"Baş nazir Dağlıq Qarabağ münaqişəsinin tarixi, indiyə qədər problemin həlli üçün edilən cəhdlər, danışıqların formatı barəsində təsəvvürə malik deyil. O, bunu öyrənməyə cəhd belə etmir. Hiss edilir ki, N.Paşinyan danışıqlardan qaçır. O başa düşür ki, Azərbaycan tərəfi ilə danışıqlarda uduzacaq, arqumentlərimizə cavab verməyə ciddi əsasları yoxdur. Ona görə, bacardığı qədər söz oyunu keçirtməyə, danışıqların vaxtını uzatmağa çalışır.

Bütün cəhdlərə baxmayaraq, Dağlıq Qarabağ problemi öz həllini gözləyir. Zaman keçdikcə, Nikol Paşinyan da Ermənistanın iqtisadi vəziyyətinin düzəlməsinin başlıca yolunun işğal edilmiş torpaqların qaytarılmasından keçdiyini anlayacaq. Azərbaycan ərazilərini azad etmək üçün bütün mümkün variantlardan istifadə edəcək. Ermənistan isə ilbəil bütün şansını itirəcək. Belə görünür ki, Ermənistan cəmiyyəti özünün yeni seçimi ilə də problemlərini həll edə bilmədi”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağı rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda üçüncü tərəf kimi iştirak etməsini təklif edib.

Aysel Aslan