Ermənistanda sağlam düşüncəli qüvvə yoxdur
Onların içində yeganə ağıllı şəxs sabiq prezident Levon Ter Petrosyan olub. Onu da ağıllı fikir söylədiyinə görə hakimiyyətdən deviriblər
"Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların "dənizdən-dənizə” ideyası var və bu ideyanın başında kilsə dayanıb. Ancaq çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər”. Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib. PA rəhbəri bildirib ki, Ermənistanda bu gün Serj Sarkisyan olacaq, sabah isə başqası.
Ancaq onlardan asılı olmayaraq, ermənilərin ideyası hər zaman qüvvədə qalacaq: "Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalı və bütün səylərin qarşısını almalıdır. Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir”. R.Mehdiyev vurğulayıb ki, Azərbaycan 15 ildə çox inkişaf edib. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünyada tanınıb: "Dövlət başçısının məqsədi ondan ibarətdir ki, münaqişə danışıqlar yolu ilə həll edilsin. Lakin bu baş tutmasa, başqa yolumuz qalmayacaq. Biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik. Məcburuq ki, müharibə yolu ilə münaqişəni həll edək”.
Administrasiya rəhbərinin bəyan etdiyi Azərbaycanın prinsipial mövqeyi dəfələrlə ortaya qoyulub. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında bildirib ki, rəsmi Bakının başlıca təşəbbüsü problemi sülh yolu ilə çözməkdir. Lakin Azərbaycan ermənilərin nazı ilə uzun müddət oynamaq fikrində deyil. Əgər yaxın zamanlarda Ermənistan tərəfi münaqişənin həllində kompramisə getməzsə, torpaqların qaytarılmasına razılıq verməzsə, o zaman problemi müharibə yolu ilə həll etməkdən başqa çıxış yolu qalmayacaq.
Politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında deyib ki, Ermənistanda "məxməri inqilab” adı altında gedən proseslər ümidverici təəssürat yaratmır. Ekspertin sözlərinə görə, düşmən ölkə bizdən hər zaman zəif olub. Ancaq Sarkisyan hakimiyyətdə olarkən Qarabağ məsələsində daim Azərbaycanı hədələyirdi:
"İndi meydan "qəhrəmanları” da bağıra-bağıra deyirlər ki, "öldü var, döndü yoxdu, Qarabağı heç vaxt verməyəcəyik”. Hətta Azərbaycana yenidən hücum edilməsini təklif edirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanda sağlam düşüncəli qüvvə yoxdur. Onların içində yeganə ağıllı şəxs sabiq prezident Levon Ter Petrosyan olub. Onu da ağıllı fikir söylədiyinə görə hakimiyyətdən deviriblər. Petrosyan yenə də öz fikrində qalır, bildirir ki, Azərbaycanla mütləq danışığa başlamaq, kompramisə getmək lazımdır. Petrosyanı dinləyən şəxslərin olmaması da göstərir ki, Ermənistanda sağlam məfkurəyə sahib adam yoxdur. Ermənilər kütləvi psixoza qərq olmuş bir topluma çevrilib”.
T.Abbasov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin dedikləri vaxtında səslənmiş mesaj və ciddi siqnaldır:
"Ermənilər dərk etməlidirlər ki, onların yeganə nicat yolu Qarabağ münaqişəsinin həllindən keçir. Azərbaycanın milli maraqlarına zidd olan heç bir təklif tərəfimizdən qəbul edilə bilməz. Əks təqdirdə, razılıq olmayacaq və Ermənistan boğulmağa davam edəcək. Düşmən ölkə xoşluqla torpaqları qaytarmağa razılaşmasa, məcburi qaydada bu addımı atacaq, ya da müharibə vasitəsi ilə ərazilərimizi geri alacağıq. O zaman Ermənistanın arxasındakı güclər də düşmən ölkəni xilas edə bilməyəcəklər. Azərbaycanın güclü ordusu var və hər an torpaqlarımızı azad etməyə hazırdır. Rəsmi Bakı dəfələrlə öz prinsipial mövqeyini açıqlayıb, deyib ki, müharibəyə başlamaq bizim suveren hüququmuzdur”.
İsmayıl