"...Paşinyan Ermənistanın baş naziri olacaq” - Proqnoz

"Serj Sarkisyanın istefası ilə "Qarabağ klanı", demək olar, səhnədən uzaqlaşdırıldı”.
Bu barədə "Sherg.az”a politoloq Fikrət Sadıqov danışıb. 
O vurğulayıb ki, Respublikaçılar Partiyası baş nazir postuna iddialıdır:
"Hakimiyyət bu partiyanın əlində saxlanıla bilər. Düşünürəm ki, Nikol Paşinyan Sarkisyanın tərəfdarlarının baş nazir olmaması üçün əlindən gələni edəcək. Baş nazirlik postuna iddialı olan N.Paşinyanın razılığa getməməsinin səbəbi də budur. Küçələrdə səsləndirilən şüarlar da Paşinyanın dəstəkləndiyini göstərir. Düşünmürəm ki, küçələrdə dayanan, hakimiyyətə qarşı çıxış edən etirazçılar belə asanlıqla baş nazir postunu kiməsə həvalə etsinlər. Proses davam edərsə, güman ki, Paşinyan baş nazir olacaq”.
Qeyd edək ki, Ermənistan parlamentinin üzvləri mayın 1-də xüsusi sessiyaya çağırılıb. Ermənistan parlamentinin sədri Ara Babloyanın sözlərinə görə, xüsusi sessiyada fraksiyaların baş nazirliyə namizədləri açıqlanacaq. Ondan sonra səsvermə keçiriləcək.
Aysel Aslan