Paşinyan mövqeyini tamamilə dəyişməyib





O, dekabr seçkilərində qalib gəlsə, yenidən Azərbaycana qarşı sərt bəyanatlar səsləndirəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla həmkarı Zöhrab Mnatsakanyanın növbəti görüşü planlaşdırılır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib. Balayan ilin sonunadək xarici işlər nazirlərinin görüşünün baş tutacağını deyib. Məlumdur ki, XİN rəhbərlərinin görüşləri ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzi ekspertlər nəticəsiz görüşləri lazımlı bilmirlər. Buna rəğmən hesab edirlər ki, mütəmadi təmaslar həm cəbhə xəttində sakitliyin qorunmasında, həm də danışıqlar prosesinin davam etdirilməsində müəyyən rol oynayır. 

Xüsusən, Düşənbədə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra tərəflərin daha sıx bir araya gəlməsi məqsədyönlü sayılır. Düzdür, hazırda Ermənistanda daxili siyasi ziddiyyətlər, qarşıdurmalar hökm sürür. Rəsmi Bakı isə hələlik gözləmə mövqeyi tutur. Lakin düşmən ölkədə hakimiyyətin legitimləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən intensivləşəcəyi ehtimal edilir.

Nazirlərin gözlənilən görüşü ilə bağlı "Şərq”ə danışan analitik Ehtiram Aşırlı Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyinin tamamilə dəyişdiyini düşünmür. Ekspertin fikrincə, Xankəndində "istehsal olunmuş” pilotsuz aparatların havaya qaldırılması, Ağdam ərazilərində təlimlərin keçirilməsi Paşinyanın mövqeyinin dəyişmədiyindən xəbər verir: 

"Paşinyan Düşənbədə razılığa getmək və erməni xalqına mövqeyinin nisbətən yumşaldığını göstərmək məcburiyyətində idi. Çünki hələ də daxildə öz hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Yəni başı daxili siyasətə qarışdığı üçün belə bir addım atdığını söyləmək mümkündür. Əgər dekabrda növbədənkənar parlament seçkiləri keçirilərsə və bu seçkilərdə Paşinyan qalib gələrsə, yenidən Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməsi ehtimalının yüksək olduğunu düşünürəm. Baş nazirin əsas məqsədi daxili siyasi vəziyyəti stabilləşdirməkdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakyanın öhdəliyinə buraxdığını qeyd edə bilərik”.

Politoloqun sözlərinə görə, xarici işlər nazirlərinin mütəmadi olaraq görüşməsi münaqişənin sülh yolu ilə həlli baxımından əhəmiyyət kəsb edir:

 "Lakin hazırda Ermənistanda hökm sürən siyasi böhran vəziyyətində Dağlıq Qarabağla bağlı müzakirələrdə hansısa irəliləyişdən bəhs etmək əbəs olardı. Bu baxımdan nazirlər arasında görüş zamanı əsas müzakirənin cəbhə xəttindəki vəziyyətin normallaşması və qorunub saxlanması ilə əlaqədar ola biləcəyini düşünürəm. Bundan əlavə, onu da qeyd edim ki, Paşinyanın münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirak etməməsi onun siyasi səriştəsizliyindən irəli gəlir”.

İsmayıl